Ay Laçın… - Azər Qaraçənlinin 19 il öncə yazdığı yazı
İranda yoluxma sayı yenidən artdı
Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi” - Adolf Hitler
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AÇIQLAMA
Şuşada sonuncu ziyafət...
30.10.2020 16:59
Bölmə:Qarabağ 133 dəfə oxunub



Son 28 ildə ən böyük kədərimiz, niskilimiz kimi ürəyimizdə yaşayan Şuşa fiziki baxımdan heç vaxt bizə indiki qədər yaxın olmayıb. Bu günlər daim ecazkar şəhər haqda düşünürəm. Xatirələr yaddaşda biri-birini əvəz edir. Ordumuzun böyük acımıza tezliklə son qoyacağı ərəfədə isə pozitiv bir xatirə paylaşmaq istəyirəm.

1987-ci ilin iyulunda Şuşada sonuncu (inşallah, yenidən bərpa olunar) Vaqif poeziya günləri keçirildi. Keçmiş SSRİ-nin bir çox yerlərindən gəlmiş xeyli sayda şair və yazıçılarla birlikdə əvvəlcə Qazaxda, sonra da Şuşada olduq.

Qorbaçovun antialkoqol kampaniyasının şıdırğı vaxtları idi. Şairlərin də ki, zəif yeri bəllidir.

Qazaxda bu baxımdan sıxıntı olmadı. "Badamlı" şüşələrinə doldurulmuş zoğal arağı hər yerdə hazır idi. Tost demədən, diqqəti cəlb etmədən kim nə qədər istəsə, içə bilərdi. Yadımdadır ki, məşhur "Göyəzən" restoranındakı ziyafətdən sonra gəlmə qonaqların çoxunu hadisə yerindən sürüyə-sürüyə aparmaq lazım oldu.

Şuşada da eyni vəziyyətin təkrarlanacağına böyük ümid vardı.

O zaman Şuşa rayon partiya komitəsinin birinci katibi Niyaz Hacıyev idi. İsa bulağında gözəl bir ziyafət hazırlamışdı.

Hələ süfrə arxasında oturmamışdan qonaqlardan bəziləri büllur qrafinlərə doldurulmuş bulaq suyunu ümidlə iyləyirdilər.

Amma görünür, Niyaz Hacıyev Qazağın birinci katibi Murad Aşurovdan daha intizamlı partiya işçisi imiş. Şairlərin həsrətlə gözlədikləri meydən əsər-əlamət görünmürdü.

Yanaşı oturduğumuz mərhum şair Tofiq Bayram kəklikotu ətri verən quzu kababı tikəsini həvəssiz halda çəngəllə bir neçə dəfə o tərəf bu tərəfə çevirib üzünü qonaqlara nə isə izah edən Niyaz Hacıyevə tutdu.

- Niyaz müəllim, molla əmi gözümə dəymir, - dedi.

Katib bir şey başa düşmədi. Özünü itirən kimi oldu.

- Molla kimdir? Mollanın burada nə işi var?- deyə soruşdu.

- Əşşi, bu ehsana bir fatihə verən tapılacaq ki, duraq gedək, görək başımıza nə çarə qılırıq?

Amma bu eyhamın da heç bir köməyi olmadı...


P.S. Həyat yalnız bir rəngdən ibarət deyil. Ona görə də, "Ziyalılarımızın başı içkiyə qarışdı, Şuşa əldən getdi" tipli kommentlərə lüzum görmürəm. Və şübhə etmirəm ki, azadlığına qovuşandan sonra Şuşa, onu azad edən Ordu və Ali Baş Komandan uzun illər boyu bütün sağlıqlarımızın əsas ünvanı olacaq.

Vilayət Quliyev