Ay Laçın… - Azər Qaraçənlinin 19 il öncə yazdığı yazı
İranda yoluxma sayı yenidən artdı
Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi” - Adolf Hitler
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AÇIQLAMA
İşğaldan azad olunan ərazilərin turizm potensialı
02.11.2020 16:51
Bölmə:İqtisadiyyat 58 dəfə oxunub

Azərbaycan ordusunun Ermənistanın işğalından azad etməyə çalışdığı ərazilərin bir qismi turizmin inkişafı baxımından böyük perspektivə malikdir. Söhbət hələ SSRİ dövründən turistlər arasında populyar olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam rayonlarından gedir. Bəs ölkəmizin ərazi bütovlüyü bərpa edildikdən sonra adı çəkilən bölgələr yenidən turizm destinasiyasına çevrilə bilərmi?

Versiya.az xəbər verir ki, turizm üzrə ekspert Ceyhun Aşurov Qarabağ ərazisinin relyefinə, təbii ehtiyatlarına və tarixi abidələrinə görə seçildiyini bildirib. Qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra həmin ərazilər dünyada turizm bölgələri olaraq tanıdılmalıdır:

"Sovet dövründə ən çox üz tutulan məkan həmin bölgələr idi. Belə ki, Şuşada çoxlu sayda sanatoriyalar yerləşirdi. Bununla yanaşı, pioner düşərgələri də var idi. 80-ci illərdə isə Ağdamda turizmin potensialı inkişaf etdirilib. Şuşa şəhərində ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib. Şuşa şəhərində 1316 yerlik Şuşa Sanatoriya Kurort birliyi, 130 yerlik "Şəfa" turist bazası və Ağdam rayonunun Gülablı kəndində 100 yerlik, Şelli kəndində 50 yerlik, Şahbulaqda isə 40 yerlik müalicə istirahət mərkəzləri fəaliyyət göstərib. Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 17 bina daxil idi”.

O əlavə edib ki, 2013-cü ildə Azərbaycanın bir sıra turizm destinasiyalarının təqdimatı keçirilən zaman Qarabağ da həmin destinasiyalar sırasına əlavə edilmişdi: “Bu, çox gözəl addım idi. Azərbaycanın bu bölgəsinin də dünyada daha yaxşı tanıdılmasına ehtiyac var. Azərbaycan Ordusu ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonra həmin bölgələrə axın olacaq. Xalqımızın Qarabağa və ətraf rayonlara marağı həddindən artıq çoxdur. Bu isə daxili turizmin inkişafına səbəb olacaq. Təəssüf ki, ermənilər Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti həyata keçirəndə tarixi abidələri məhv ediblər”.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da hesab edir ki, həmin bölgələrdə turizm sürətlə inkişaf edəcək: “Qarabağ zonası Azərbaycanın mədəniyyət mərkəzi, milli mədəniyyətin beşiyi hesab edilir. Assosiasiya Qarabağda turizmin inkişafına dair təklif və tövsiyələr hazırlayacaq. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən, həmin ərazilər təhlükəsiz olduqdan sonra oralara turizm marşrutları təşkil etmək lazımdır. İşğaldan azad olunan yerlərdə müxtəlif turizm növlərini inkişaf etdirmək mümkündür. Məsələn, orada eko-turizmin inkişafı üçün şərait mövcuddur. Beynəlxalq hotellərlə yanaşı, ikiulduzlu, çoxulduzlu hotellər tikilməlidir. İşğaldan əvvəl Azərbaycanda turizm zonası olaraq Xankəndi, Şuşa, Kəlbəcər, Ağdam məşhur idi. Ora sovet ölkələrdən çoxlu sayda turist üz tuturdu. Həmin yerlərin sanatoriya turizmi də inkişaf etmişdi. Turistlər sanatoriyalarla yanaşı evlərdə də qalırdılar. Bu isə kənd, rayon əhalisinin gəlirinin artmasına səbəb olurdu. Ona görə həmin ərazilərdə turizm inkişafı gözləniləndir. Qarbağ atları dünyada məşhurdur. Bu atlarla bağlı ayrıca eksurkursiyalar təşkil etmək olar”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi isə deyir ki, işğaldan azad edilmiş yerlər təbii sərvətlərlə zəngindir: "Həmin yerlərin kifayət qədər zəngin su resursları var. Həmin ərazilərdə termal turizmin inkişafı üçün də münbit şərait var. Azərbaycan torpaqlarını tam azad etdikdən sonra həmin ərazilərdə infrastruktur yaradılmalı, o cümlədən turizm infrastrukturu qurulmalıdır. Müxtəlif istiqamətlərdə çalışaraq, kompleks işlər görərək Qarabağı tez bir zamanda turizm məkanına çevirmək olar. Yəqin ki, Azərbaycan həmin ərazilərə investisiya yatırımı üçün şərait yaradacaq”.

S.Dübəndi həlli vacib olan bir məqama da diqqət çəkib: “Vikipediyada, Dağlıq Qarabağla bağlı bölmə var. Orada Dağlıq Qarabağ Ermənistanın ərazisi olaraq göstərilir və həmin ərazilərə turlar təklif edilir. Azərbaycan Milli Elmlər Akademiyası bu məsələ üzərində işləməlidir və dünyanı çaşdıran bu yalan informasiya aradan qaldırılmalıdır. Onlar gələcəkdə turistlər arasında çaşqınlıq yarada bilər. Dünyada Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq qəbul edilib”. (Report)