Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
"Oğulsansa sür Şuşaya"
17.12.2020 11:02
Bölmə:Ədəbiyyat 259 dəfə oxunub

Suyu iştahla qurtuldadıb, sonra qabı səliqəylə idarə etdiyi maşına qoyur. İndicə içdiyi su çənəsindən süzülür. Üzü tüklənib, elə qəşəng yaraşır ki saqqal cəngavərimizə... 

- Nə əcəb üzünü qırxmırsan? 

- Qaqaş, bığ saxlayacam, ona görə qırxmıram. Uşaqlarla sözləşmişik ki Şuşada hamımızın bığı olsun, - deyir və tez-tez hərəkət edib baş leytenanta məruzə edir. Kənarda qalıb gözlədim. Xeyli söhbət elədilər. Bir-iki nəfərlə zarafat edib bərkdən gülə-gülə mənə tərəf gəldi. 

Orta boyludur. Tökmə bədəni, sarıya çalan düz saçı, bir də çox maraqlı gülüşü var. Paltarı çox çirkli görünsə də onu elə səliqəli yığıb yığışdırıb ki, zalım oğlu elə bil brend kostyum geyib. Əlin çiynimə qoyub:  

- Həəə... qaqaş, de görüm şəhərdə vəziyyət necədir? -dedi. - Şəhərdən gəlmirəm, müharibə başlamazdan iki gün əvvəldən mən də cəbhədəyəm, - dedim. 

- Ala, atamın qəbriyçün məndə şəhərdən çıxa bilmirdim. Amma indi neyləsələr qayidası deyiləm ora. Bircə nənəm üçün darıxırdım. Onunla da hər gün danışıram. 

Dediyinə görə atası yol qəzasında ölüb. Anası isə xarçəngdən dünyasın dəyişib. Nənəsi ilə yaşıyır və bir balaca qardaşı var. Birazdan idarə elədiyi Kamazla Laçın tərəfə gedəcək. Çatdırılması vacib olan bəzi şeylər var. 

- Şəhərdə nə işlə məşğul olurdun?

- Heçnə taksi işlədirdim. Qardaşımın təhsil haqqını və digər xərclərimizi ödəmək üçün çalışırdım. Bir də qız gilin qapısının ağzında "kruqlayırdım" - bərkdən gülüb, davam edir: - ailə sürücüsü kimi seçmişdilər məni. Şuşadandılar... Zalım qızı o qədər yaraşıqlıdır ki utanırdım ona ürəyimi açam. Atasının da imkanı yaxşıdır deyə bir az çəkinirdim ki birdən rədd cavabı alaram və atası bilər biyabır olaram. Amma onları harasa aparanda qız gözün məndən çəkmirdi. Tibbdə oxuyur. Savadlı qızdı... - Sözün kəsib: - Heç olmasa gələndə bir kəlmə də olsa nəsə demədin?  

- Dedim... dedim...Əcəmi tərəfdə qonaqlıdaydılar. Kişi zəng elədi ki, "gəl bizim maşını sür apar". Mənə də səfərbərlikdən zəng gəlmişdi. Birisi gün yola düşürdüm... Kişi maşında başladı mənimlə zarafat etməyə. Ona "hara gedək?" deyəndə "Oğulsansa sür Şuşaya" dedi. Elə onda söhbət açıldı. Kişidən halallıq alıb cəbhəyə yollanacağımı dedim. Elə bil ayıldı. "Cavid , məni Şuşaya aparacağın gün bu "Lexus"u sənə hədiyyə edəcəm", - deyib, gözləri yaşardı. Güzgüdən qızın qaynar baxışlarını gördüm. Mənə baxan gözləri Canavar balasının gözü kimi qaynar və işıltılıydı. Anasının dərdindən çox baxa bilmədim. Qız xahiş elədi ki marketlərin birinin yanında saxlayım. Saxladım. Gedib gəldi... Evlərinə az qalmış sürücü tərəfdən oturacağın arasından mənə qutu ötürdü. Onda hər şey məlum oldu. 

- Nə varıydı o qutuda? 

Sualıma gec reaksiya verdi. Çox güman ki fikri-xəyalı qızın yanındaydı. Qısamüddətli səyahətindən döndərmək istəmədim. Amma özü döndü... Cəld qurdalanmağa başladı. Əlini formasının döş cibinə salıb, bir qutu "Kent4" bir də sellafona bükülü bir şey göstərdi: - Bax bunları vermişdi: İki paçka kent, bir də göz karandaşı ilə tələm-tələsik yazdığı məktub. Kentin birini çəkmişəm. Bunu da Şuşaya saxlayıram...

Çox səmimi danışır. Gözümün yaşı içimə axırdı. Arvad kimi ağlamaq istəmirdim birazdan Laçına gedəcək laçın təki igidimin yanında. Amma hönkürüb qucaqlamaq istəyirdim. Təpədən dırnağa Qubadlı, Zəngilan, Füzuli qoxusu gəlirdi qəhrəman əsgərin barıt hisinə bulaşmış formasından. Bir təhər özüm də güc toplayıb: - Cavid, sir deyilsə məktuba baxmaq istəyirəm. Razılıq verdi və eytiyatla açıb, - əlimdə bax, - dedi. Səliqəli və tələsik yazılan kağız parçasında: 

 "Cavid, bizi Şuşaya aparana qədər səni gözləyəcəm. Özünü qoru. Səni sevirəm" yazılmışdı. Cümlənin hər sözündə , hər sözün hər hərfində saf sevgi görünürdü. O sevgi ki bir igidi Füzuli cəbhəsindən taaa Şuşaya aparacaq. Sizə sevgi deyirəm haa... O sevgi ki, Şuşada qələbə günü ilə eyni anda elan olunacaq. 

- Cavid, heç olmasa zəng edirmi? - sualımı komandirin səsi yarımçıq qoydu: - Gecikirsən, Canavar, tez ol biraz... - deyə qışqırdı. O cəld "Kamaz"a dırmaşıb maşını işə saldı. Sonra şüşədən başın çıxarıb: Məndə nömrəsi yoxdu... Nəysə qaqaş , tez qayıdacam burda olsan görüşərik. Darıxsan o tərəfə get şərəfsizlərin leşinə bax başın qarışsın - bərkdən gülməyə başladı və maşını yola düzəltdi.  

Uçuq evin daşına söykənib "Kamaz" gözümdən itənə qədər onu izlədim.

Elgün GƏNCİMSOY

reklam