Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
"Bu qərar bütün şuşalıları həyəcanlandırdı" - Kərim Kərimli
06.01.2021 13:56
Bölmə:Müsahibə 161 dəfə oxunub

“Şuşa mədəniyyət mərkəzi kimi təkcə Azərbaycanda deyil, vaxtilə bütün Cənubi Qafqazda və digər ətraf bölgələrdə tanınırdı. İşğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin, xüsusilə ölkə Prezidentinin Şuşanın ölkəmizin mədəniyyət mərkəzi kimi getdikcə canlanması, dirçəlməsi, məşhurlaşması istiqamətində addımlar atacağını, tədbirlər görəcəyini gözləyirdim və bu barədə düşünürdüm. Amma sözün düzü, konkret olaraq “Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edirəm” kimi bir bəyanatın veriləcəyini gözləmirdim. Bu, bir az gözlənilməz və bir qədər də biz şuşalılar üçün həyəcanlı xəbər oldu”.

Versiya.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında şair, publisist, Şuşanın icra başçısının keçmiş müavini Kərim Kərimli deyib. Əslən Şuşadan olan Kərim Kərimli bildirib ki, bu, çox gözəl, qətiyyətli və vaxtında verilmiş bir qərardır:

“Bu qərar Şuşanın işğaldan azad edilməsindən az sonra verilib. Prezident İlham Əliyev yeni təyin olunmuş Mədəniyyət nazirini virtual şəkildə qəbul edərkən bir neçə dəfə Şuşada “Xarı bülbül” festivalının keçirilməsini vurğuladı. Eyni zamanda, Şuşada Vaqif poeziya bayramının keçirilməsini qeyd etdi. Ağlım kəsəndən, orta məktəbin yuxarı siniflərində oxuyarkən Şuşada keçirilən bu tədbirlərdə iştirak etmişəm. Həmin tədbirlərdə şeirlər oxumuşam, çıxışlarım olub. Yadımdadır ki, Şuşada hər il bir neçə dəfə festivallar keçirilirdi. Mahnı bayramı, “Xarı bülbül” festivalı gerçəkləşirdi. Azı ildə bir dəfə Vaqif poeziya günləri keçirilirdi. Bunlarla yanaşı, bir neçə musiqi və mədəniyyət tədbirləri keçirilirdi. Xatırlayıram, 1986-cı ildə Azərbaycanın Xalq şairi Səməd Vurğunun 80 illik yubileyi Şuşada baş tutmuşdu. 1989-90-cı illərdə Xan Şuşinskinin, Seyid Şuşinskinin yubileyləri qeyd olunmuşdu. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi keçirilmişdi. Yəni, Şuşa elə bir yerdir ki, ilin bütün təqvim günlərinə hansısa dahinin yubileyi və ya anım günü düşür”.

Publisist onu da qeyd edib ki, bundan sonra Şuşada ümumrespublika əhəmiyyətli festivallarla yanaşı, digər tədbirlər də keçiriləcək:

“Fikrimcə, işlər bütün bunlarla yekunlaşmayacaq, Azərbaycan dövləti qədim şəhərimizin bütün regionun mədəniyyət mərkəzinə çevrilməsi üçün əlindən gələni edəcək. Beləliklə bölgəyə sülh gələcək. Müharibə və münaqişələrin qarşısı alınacaq. İnsan itkisinə yol verilməyəcək. Həm də mədəniyyət bütün millətləri birləşdirir. Məsələn, 1989-90-cı illərdə Şuşada keçirilən axırıncı “Xarı bülbül” festivalına dünyanın müxtəlif yerlərindən nümayəndələr gəlmişdi, xüsusən də türkdilli dövlətlərdən və türkdilli icmalardan; Tatarıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan və sair... Dediyim odur ki, həmin vaxt müharibə getdiyi üçün başqa ölkələr iştirak etmirdi. Yeri gəlmişkən, bu ilin mayında türkdilli ölkələrin mahnı festivalı iyun ayında Şuşaya təyin olunub”.

Tanınmış mədəniyyət xadiminin fikrincə, bunların hamısı Şuşanın gələcəkdə yaxşı inkişaf edəcəyini, yaxşı infrastrukturun qurulacağını göstərir:

“Təbii ki, oraya gələn qonaqlar üçün dövrün standartlarına uyğun olaraq hotellər tikilməlidir. Standartlara uyğun yaşayış məskənləri salınmalıdır. Eyni zamanda, Şuşada kütləvi şəkildə iş yerləri açılacaq. Bir sözlə, ölkə başçısının Şuşa ilə bağlı verdiyi qərarı bir şuşalı olaraq alqışla qarşılayıram, həm də çox sevinirəm. Şəxsi mənada da götürsək, bu tədbirlərin təşkilində, keçirilməsində iştirak edəcəyəm. Bu qərar təkcə şuşalılara yox, bütün Azərbaycan xalqına böyük hədiyyədir”.

Tural Turan

reklam