Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi - RƏSMİ
Prezident Administrasiyasının rəhbəri azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi
Ermənistan parlamentinin eyvanlarında snayperlər görüntüləndi- Video
Qazinin görmə qabiliyyəti bərpa edildi
İmza əvəzinə laqeydcəsinə üç dənə xətt... - “İmzalı kitab problemi”
21.01.2021 22:29
Bölmə:Ədəbiyyat 170 dəfə oxunub

Türkiyə saytlarının birində Mətin Cəlal adlı müəllifin “İmzalı kitab problemi” adlı yazısını oxudum.

İmzalı kitabın niyə rəğbət qazandığına toxunan yazar keçmişdə müəlliflərin ancaq yaxın dostlarına, əzizlərinə və məşhur şəxslərə kitab imzaladıqlarını, sonradan isə kitab yarmarkalarının təşkili ilə bu halın kütləviləşdiyindən bəhs edir. Oxucular məşhur yazıçıların stendində saatlarla növbə tutur, müəllifin imzası olan kitaba sahib olmaqla özlərini dəyərli hesab edirlər.

Bu hal indi də davam edir.

Uzun illərdir azərbaycanlı müəlliflərə dair imzalı kitablar topladığıma görə, deyə bilərəm ki, əvvəllər kitablar, həqiqətən, ancaq ən yaxınlara imzalanıb. Çünki imzalanan tərəfə də baxdığımızda həmin şəxsin də məşhur bir adam və ya müəllifin çevrəsindəki bir şəxs olduğunu görürük. Məsələn, Məhəmmədəmin Rəsulzadədən Mirzəbala Məhəmmədzadəyə, Mirzəbala Məhəmmədzadədən məşhur türk generalı Emir Erkilata və s.

Ona görə də köhnə tarixli imzalı kitabları əldə etmək olduqca çətin olur. Məsələn, Rəsulzadənin 1923-cü ildə çıxan “Azərbaycan Cümhuriyyəti” kitabının 6-7 imzalı nüsxəsi bəllidir və imza verdiyi şəxslərin hamısı da məşhur adamlardır.

Türkiyədə bu hal 1970-ci illərin sonunadək davam edib. 1980-ci illərdən etibarən imza kitabın satışı məqsədilə istifadə olunduğu üçün kütləviləşməyə başlayıb. Nəşriyyatlar məşhur şəxslərə imza günləri keçirib, bu vəsilə ilə kitabdan xeyli qazanc əldə ediblər. 1990-cı illərdən etibarən isə imzalı kitab artıq adiləşməyə başlasa da, yenə də oxucular arasında önəm daşıyıb. Sevdiyi şairin, yazıçının onun adına ithaf etdiyi kitaba sahib olmaq həyəcanı hələ də aktual olub.

Mənim şəxsi arxivimdəki imzalı kitabların 99 faizi mühacir müəlliflərə aiddir. Müəlliflərdən Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Almas İldırım, Nağı bəy Şeyxzamanlı, Əhməd Cəfəroğlu, Abay Dağlı, Əhməd bəy Ağaoğlu, Həmid Ataman, Hilal Münşi, Hüseyn Baykara, Kərim Odər, Məhəmmədsadıq Aran, Şəfi bəy Rüstəmbəyli və s. şəxslərə aid imzalı və ithaflı kitablar arxivimdə mövcuddur. Sovet Azərbaycanından isə şair Abdulla Faruqa aid iki imzalı kitaba sahibəm. Yeri gəlmişkən, Sovet Azərbaycanı müəlliflərinin imzalı kitablarına bukinistlərdə rast gəlinmir. Görünür, bizdə bu ənənə geniş yayılmayıbmış.

İmzalı kitabın qiyməti müəllifə görə dəyişir. Məsələn, türk şairlərindən Nazim Hikmətin imzalı bir kitabı bukinist saytlarının birində 23 min lirəyə qoyulub. Səbahəddin Əli, Əziz Nesin, Oğuz Atay kimi müəlliflərin imzalı kitabları da ən dəyərlilər arasındadır. Bəzən isə bukinistin müəllifin kim olduğunu bilməməsi imzalı kitabın qiymətində fərqliliyə səbəb olur. Məsələn, bu yaxınlarda Rəsulzadənin imzalı “Azərbaycan Cümhuriyyəti” kitabı 12 min lirəyə (təxminən 3 min manat) satıldı. Mən isə eyni kitabın başqa şəxsə imzalı nüsxəsini 1200 lirəyə (o zamankı məzənnə ilə 400 manat) əldə etmişdim. Rəsulzadənin imzalı “Azərbaycan şairi Nizami” kitabını isə cəmi 80 lirəyə (o zamankı məzənnə ilə 40 manata) almışdım.

Mətin Cəlalın yazısında toxunduğu maraqlı bir məsələ də var: İmzalı kitabları hara qoymaq və imzalı kitabların bukinistə verilməsi.

Açığı mən də ilk çıxan şeir və hekayələrdən ibarət bəsit kitabçamın bir kitab kafeyə verildiyini görmüşəm. Görünür, imza günündə əldə edən şəxs kitabı bəyənməyib və onu hər hansı bir kafedə “unudub”. Özüm də müasir yazıçıların bir-birilərinə imzaladıqları kitablara bukinistlərdə dəfələrlə rast gəlmişəm. Hətta Mətin Cəlalın yazdığı kimi, bu halla qarşılaşan oxucular sosial şəbəkələrdə hər iki tərəfi işarələyərək dava salmağa da cəhd ediblər.

Mövzunu çox uzatmadan onu mütləq vurğulayım ki, Türkiyədə də bukinistlərdə azərbaycanlı müəlliflərin kitablarına mütəmadi rast gəlinir. Təəssüf ki, istər rəsmi dairələrin, istərsə də müasir yazıçılarımızın hədiyyə etdiyi kitablar İstanbulda üstündən 48 saat keçmədən bukinistlərdə olur. Çünki rəsmi dairələrin hədiyyə etdiyi kitablar böyük ölçüdə və ağır çəkidə olur, hörmət əlaməti olaraq kitabı qəbul edən tərəf, daha sonra hörmətsiz davranaraq ondan qurtulmağa çalışır. Bu zaman isə həmin kitabı kabinetdən götürən sıravi işşi birbaşa bukinistə doğru yollanır...

Hazırda imza günləri çox keçirildiyi üçün imzalı kitabın dəyəri çox da qalmayıb. Artıq imzalı kitabı əldə etmək oxucu üçün olduqca rahatdır. O qədər rahatdır ki, sosial şəbəkədə müəllifə yazaraq gün ərzində harada olduğunu soruşaraq kitab imzalatdırırlar.

Ən doğrusunu isə, bəlkə də, imza atmaqdan bezən İlbər Ortaylı edir. İmza əvəzinə laqeydcəsinə üç dənə xətt çəkməklə...


Müəllif: Dilqəm Əhməd | Teleqraf.com
reklam