Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
“Xalqımın xoşbəxtliyi mənim həyat amalımdır”
05.04.2021 12:26
Bölmə:Tarix 111 dəfə oxunub

Bu sözlər Şuşa rayon İcra Hakimiyyətinin başçısı olarkən, iş başında, dövlət tapşırığını, vəzifə borcunu yerinə yetirərkən, Şuşanın işğalçılardan müdafiəsini təşkil edərkən namərd cani tərəfindən qətlə yetirilən Mikayıl Qoca oğlu Gözəlova məxsusdur.

M. Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində o zamanlar bütün Qarabağda tanınan, hörmət və nüfuz sahibi olan Qoca Gözəlovun ailəsində dünyaya gəlmişdi. Orta təhsilini başa vurandan sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) İnşaat fakultəsinə daxil olmuşdu. 1969-cu ildə universiteti bitirərək təyinatla Şuşa şəhərinə göndərilmişdi. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmış, həmin idarənin rəisi olmuşdu. Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMV-də və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin iş icraçısı, mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdi. 1982-ci ildə Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuş, 1988-ci ildə Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri seçilmişdi. 1990-cı ildə 360 saylı Şuşa seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinə deputatlığa namizədliyi qeydə alınmışdı. Seçiləcəyi açıq-aşkar bəlli olsa da, seçki gününə bir gün qalmış, Viktor Polyaniçkonun göstərişi ilə həmin dairədə seçki ləğv edilmişdi.

Şuşaya yeni su kəmərinin çəkilməsi, Şuşa-Xəlfəli-Qaybalı-Kərkicahan yolunun salınması, Şuşa-Xankəndi yolunun sağ tərəfində Xankəndindən qovulmuş azərbaycanlılar üçün qəsəbəsinin istifadəyə verilməsi onun adı ilə bağlı idi.

7 noyabr 1991-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Mikayıl Gözəlov vilayətdə baş qaldıran separatizmə və Ermənistanın işğalçı hərəkətlərinə qarşı bölgədə aparılan mübarizəyə rəhbərlik edən şəxslərdən biri idi.

Şuşa şəhərinin və muxtar vilayətdəki digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynamışdı. Şuşanın və Qarabağın bir sıra digər yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərmiş, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirmişdi. Dəfələrlə ona qarşı sui-qəsd təşkil edilməsinə, başına milyonlarla pul qoyulmasına baxmayaraq o qorxmamış gecə-gündüz çalışmış, vuruşmuş, mübarizə aparmış, daşnak tör-töküntülərinin iç üzünün açılmasında əlindən gələni əsirgəməmişdi.

 

Azərbaycanda ilk rəsmi hərbi hisələrindən olan 816 saylı Şuşa Ərazi Özünümüdafiə taborunu yaradanlardan biri olmuşdu. Torpaqlarımızın işğalçı erməni yaraqlılarından təmizlənməsi üçün keçirilən bir çox hücum və uğurlu döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olmuşdu. Şuşanın ermənilər yaşayan, quldur yuvasına çevrilmiş kəndlərinin düşməndən azad edilməsi əməliyyatına rəhbərlik etmişdi. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olmuşdu. Xalq arasında xüsusi hörmət və nüfuza malik idi.

Mikayıl müəllim 11 dekabr 1991-ci ildə öz kabinetində, iş başında vəzifə borcunu yerinə yetirərkən xain bir cani tərəfindən qətlə yetirildi.

Ölümündən sonra Şuşa rayonunda bir kolxoza və Şuşa şəhərində küçəyə adı verilmiş, yaşadığı binaya xatirə lövhəsi vurulmuşdu.

 

Dostu Fərman Salahovla

 

Bu gün 73 yaşı tamam olan Gözəlovun üç qızı, bir oğlu var. Onların hamısı ali təhsil alıb, yaxşı karyera və ailə qurublar. Onların da övladları var. Mikayıl müəllim artıq çoxdan babadır və nəvələrindən biri də onun öz adını daşıyır: Mikayıl!

Bəli, Mikayıl Gözəlov bilavasitə səngərdə həlak olmayıb, lakin məhz ön cəbhədə, müharibənin mərkəzində və məhz Qarabağ uğrunda mübarizəmizdə bizi zəiflətmək və Şuşanın işğalına yol aşmaq məqsədilə öldürülüb. Ona görə də onun da haqqında Vətən uğrunda canından keçmiş şəhid kimi danışır və yazırıq.

Mən indiyədək onun haqqında bir kitabımda ayrıca bəhs etmiş, bir kitab yazıb çap etdirmiş, bir neçə xüsusi buraxılış çap etmiş, “Qarabağ”, “Ədalət”, “Şuşa”, “Gənclik”, “Azadlıq”, “7 gün” və başqa qəzetlərdə, eləcə də bir sıra saytlarda silsilə yazılar dərc etdirmiş, bir neçə filmin və bir neçə televiziya verilişinin təşkilində, çəkilişində, xeyli sayda xatirə tədbirinin hazırlanmasında və keçirilməsində iştirak və çıxış etmişəm.

Ona görə də burada yalnız onun bioqrafiyasını və bəzi məlumatları xatırlatmaqla kifayətlənirəm.

Məsələn, qeyd etmək istərdim ki, Gözəlov qətlə yetiriləndə sonbeşik övladı – oğlu 2 yaş yeddi aylıq idi. Üç qızı da uşaq idilər. Amma buna baxmayaraq həyat yoldaşı və övladlarını Şuşadan çıxartmamışdı və onlar da şəhər bombalananda binanın digər asakinləri kimi zirzəmiyəqaçır, orada daldalanırdılar. Dəfələrlə atası Qoca kişi, başqa şəxslər “icazə ver, uşaqları aparaq Mərziliyə” desələr də razılaşmamış, “Mən ailəmi Şuşadan çıxartsam, burada kim qalar? Mənim ailəm heç kimdən artıq deyil, hamımız birik və birlikdə də olmalıyıq!” kimi cavablar verirdi. Ona görə də ailəsi Şuşanı məhz o qətlə yetirilən gecə tərk elədi.

O zaman səslənən və çox adamın da əmin olduğu məlumatlardan biri də bu idi ki, həmin gün, yəni dekabrın 11-də axşam saat 20.00-da işğalçı Ermənistanın silahlı quldur dəstələrinin Qarabağdakı mövqelərinə və dayaq nöqtələrinə qarşı çox yaxşı hazırlanmış və ciddi bir əməliyyat başlayacaq. Həmin əməliyyatı idarə edən qərargaha da Gözəlov özü rəhbərlik edirdi. Lakin əməliyyatın başlanmasından təxminən 45-50 dəqiqə qabaq onu aradan götürdülər.

…Və bütün hücum əmrləri ləğv edildi. Ermənilər əks-hücuma keçərək bizə divan tutdular. Dalbadal dəhşətli hadisələr baş verdi. Gözəlovun ölümündən dərhal sonra bir-birinin ardınca Cəmilli, Meşəli, Kərkicahan və s. kimi strateji yaşayış məntəqələri – kənd və qəsəbələr darmadağın edilərək yandırıldı, onlarla insan qətlə yetirildi və s. Onu da deyim ki, Mikayıl müəllimin ölümündən sonra bir jurnalist kimi müsahibə aldığım onlarla adam bu fikirləri söyləyib, yaxud təsdiq edib.

Kərim Kərimli

reklam