“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
“Rusiyaya bağlı siyasi-hərbi qüvvələr hakimiyyəti devirmək istəyirdilər“ - Müsahibə
25.08.2021 12:59
Bölmə:Müsahibə 184 dəfə oxunub

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərin Yenisabah.az-a müsahibəsi:

- Parlament seçkilərindən sonra Ermənistan parlamentində tez-tez qarşıdurma baş verir. Hətta tərəflər bir-birinə fiziki güc tətbiq etməkdən çəkinmirlər. Hadislərin bu istiqamətdə cərəyan edəcəyi gözlənilirdimi?

- Bəli gözlənilən idi. Çünki Ermənistan İkinci Qarabağ savaşında məğlub olduqdan sonra Rusiyaya bağlı siyasi-hərbi qüvvələr birləşərək hakimiyyəti devirmək istəyirdilər. Lakin xalqın dəstəyini qazana bilmədikləri üçün buna nail ola bilmədilər. Nəticədə də Paşinyanın "siyasi yol xəritəsi"ni izləməli və seçkiyə getməli oldular. Seçkidə də gözlənildiyi kimi məğlub oldular. Ona görə də bu revanşist qüvvələrin təbii ki, Rusiyanın dəstəyini alaraq bu sərt xətti davam etdirəcəkləri bəlli idi. Və bu gün də biz onun şahidi oluruq. Çünki bir tərəfdən mövcud hakimiyyət öz rəqiblərinə qarşı siyasi repressiya aparır, onları müxtəlif yollarla təqib edir. Eyni zamanda Ermənistanın daxili siyasətində həll olunmamış siyasi məsələlər, problemlər var.Ona görə də bunlar hamısı gözləniləndir. Və Ermənistan parlamentinin tarixini də nəzərə alsaq, görərik ki, hələ bundan sonra hadisələr daha da aqressiv, sərt şəkil alacaq.

- Analoji hadisələrin tez-tez təkrarlanması Ermənistanı siyasi böhrana sürükləyə bilərmi?

- Görünən odur ki, əslində Ermənistanda siyasi böhran seçkidən sonra müəyyən dərəcədə həll olunub. O mənadakı erməni xalqı Paşinyanın apardığı siyasətə dəstək verdi. Erməni xalqının əksəriyyəti müharibənin nəticələri ilə barışıb, sülh və sabitlik, inkişaf istəyir. Region ölkələri, o cümlədən Azərbaycan və Türkiyənin təklif etdiyi yol xəritəsi ilə barışır. Diqqət etsək görərik ki, Paşinyan son parlamentdəki çıxışında da bunu bir daha vurğuladı. O anlayır ki, regionda sülh, sabitlik olmadan Ermənistanın inkişafı mümkün deyil. Regionda sülh və sabitliyin olması üçün də qonşu ölkələrin, o cümlədən Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması, kommunikasiyaların açılması lazımdır. Bu səbəbdən Ermənistanda iki baxışın və siyasi görüşün toqquşması gedir. Bu toqquşma bir müddət davam edəcək. Daha da sərtləşə bilər.

- Ermənistan müxalifəti Nikol Paşinyana qarşı aqressiv çıxışlar edirlər. Sizcə müxalifətin müqaviməti nə qədər davam edəcək?

- Ermənistanı biz nə qədər tənqid etsək də, görürük ki, onlarda az da olsa demokratik şərait və siyasi qüvvələr var. Onların arxasında duran biznes və xarici dairələr də var. O baxımdan düşünmürəm ki, Ermənistan müxalifətinin resursları qısa zamanda tükənəcək. Əksinə, Ermənistan müxalifətinin resursları qıraqdan gələn dəstəklə daha da arta bilər. Buna görə də gərginliyin daha da artacağı, sərtləşərək münasibətlərin kəskinləşməsi gözləniləndir.

- Sizcə, Paşinyan rəqiblərini ram edə biləcəkmi?

- Bu elə də asan bir problem deyil. Paşinyan əslində hakimiyyətə gəldikdən bu günədək bu problemi həll etməyə çalışır. Amma həm müharibədə məğlub olması, həm müxalifətin arxasında açıq şəkildə Rusiyanın dayanması, eyni zamanda Ermənistanın Rusiyadan müharibədən sonra asılılığını daha da artması bu məsələni çətinləşdirir. Ona görə də Paşinyan bir tərəfdən buna çalışacaq, digər tərəfdən də Rusiya faktorunu nəzərə almalı olacaq. Bunun üzücü, uzun bir prosesə çevrilməsi ehtimalı getdikcə artacaq.

reklam