Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Fellininin "dramı", yoxsa dövlətin tragediyası
02.10.2021 23:06
Bölmə:Ədəbiyyat 177 dəfə oxunub

Dünyanın ən məşhur italyanlarından biri olan kinorejissor Federiko Fellini deyib: "Evlilik xoşbəxt sonluq deyil, dramın başlanğıcıdır".

İlk ağla gələn bu olur ki, yəqin zarafat eləyib. Axı özü də evli idi. Həm də Giuletta Masina kimi aktrisa ilə. Yəni məşhur rejissor evliliyi "dramın başlanğıcı" adlandıranda... Giulettası yanında olub.

...Dünya kinosuna əvəzsiz filmlər bəxş etmiş kinorejissor 73 yaşına çatdı və ürəyi partladı. Bunda Masinanın nəsə bir rolu vardı, ya yoxdu - bilinmir. Ancaq hər halda Masina aktrisa idi; illah ki, Fellininin şəxsi həyat dramında hansısa bir "rol" oynamış olar. Elə eynilə də Federiko onunkunda.

Axı evlilik bir aktyorun teatrı deyil. Burda mütləq tərəf müqabili - bir partnyor olacaq. Hələ "suflyor"ları demirəm; özünüz bilirsiniz az-çox.

Əslində ola bilsin, Federiko Fellini bu sözü çox da ciddi "tonallıqda" deməzdi. Burda gizlənən məntiq: iki insan bir-birini nə qədər sevmiş olsa da belə, yenə də xırda umu-küsülər mütləqdir. Ya sevgisiz qurulan, ya da qarşılıqlı sevgini 3-5 il sonra qarşılıqlı hörmətə "konvertasiya" edə bilməyən ailələrdə umu-küsülər xırda olmur. İçindən balaca adamların qəzəbi böyük olar, böyük adamların isə səbri. Mirzə Ələkbər Sabir deyirdi:

"O hansı müşküldür ki, səbr ilə asan olmasın".

Bu mənada səbrsizlərin işi müşküldür. Yəni məsələ, sadəcə, ASAN Xidmətin nikah masasında qarşılıqlı imza atmaqla olmur. ASAN-dan sonrakı çətinliklər var.

Bakıda Məmmədovlar ailəsi üçün də asan olmadı. Ailə birdən-birə iki başını itirdi; biri məzara getdi, o biri həbsə - polis nəfəri İsmayıl Məmmədov elə polisə onun özündən şikayətə gəlmiş həyat yoldaşı Xanım Məmmədovanı öldürdü. Həm də tabel silahı ilə.

Dövlət o silahı vermişdi ki, o Xanımı, bütün xanımları və hər kəsi qatillərdən qorusun. O isə elə həmin silahı öz xanımına çevirdi və tətiyi sıxdı. Nə Həyat qaldı, nə Yoldaşı. İki azyaşlını həm atasız, həm anasız qoydu bu Ailə Dramı. Dram öz yerində, buna Ailə demək olardısa.

Bundan əvvəl də oxşar qətl olmuşdu; Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov öz xanımı Pərvanə Əhmədovanı ov tüfəngi ilə vurub öldürmüşdü. Sanki Fellinini haqlı çıxarmaqdan ötrü yarışa qoşulublarmış kimi... Ən qəribəsi də o idi ki, ölən xanımın ata-anası məhkəmədə kürəkəndən şikayətçi olmadıqlarını bildirmişdilər. Bəs anadan yetim uşaqları kim böyüdəcək deyə.

Deputat Fazil Mustafa Milli Məclisdə deyib ki, ailədaxili münaqişələr faciəli sonluqla bitir: qadınlara qarşı cinayətlərə görə cəzaları sərtləşdirmək lazımdır. Yəqin ki, atılası ən birinci addım da budur. Ancaq cəzaları sərtləşdirmək tək çıxış yoludurmu?! Fəqan Əhmədov hakim, İsmayıl Məmmədov polis idi. Hər ikisinin Cinayət Məcəlləsindən, qəsdən adam öldürmə maddəsinin sanksiya hissəsindən xəbərləri var. Adam öldürmək onsuz da ağır cinayətlər kateqoriyasına aiddir. Sanksiyası da çox da yumşaq deyil. Ancaq adamlar - həm də qanunu öz silahı ilə qorumalı olanlar belə adam öldürməkdən çəkinmirlər. Cəzasını bilə-bilə.

Deməli, gözdən qaçırdığımız başqa nələrsə var. Səbəblərmi, şərtlərmi deyək, motivmi deyək?! Nəsə var.

Hə, o başqa məsələdir ki, öz taleyinə sahib çıxa bilməyənlərə başqalarının taleyini həll etmək vəzifəsi verilib. Üstündə də... silah. Hakim olublar, polis olublar.

Necə olublar, nə yolla olublar - bunu Azərbaycanda yaşayan hər kəs az-çox bilir. Ən azı hakimliyə imtahan verib, "söhbət"dən "kəsilən" vəkilləri dindirsəniz, qan ağlayacaqlar. Polisi heç demirəm. O da, necə deyərlər, başqa maddə!

Deyərsiniz ki, nə düşmüsən, hakimin, polisin üstünə?! Məgər xanımını öldürən təksə onlardır?!

Hə, elə məsələ də bundadır: əgər polis işçisi, məhkəmə hakimi "ailə münaqişəsi zəminində" öz xanımını - uşaqlarının anasını qətlə yetirirsə, deməli, ölkədə ailə institutunun sonuna yaxınlaşmaqdayıq. Acı da olsa, bu, bir gerçək! Ailə münaqişəsini həll etməli, ən azı nizama salmalı, aradan qaldırmağa kömək etməli adamlar - hakim, polis özü "öz münaqişəsi"ni, sadə və faciəli üsulla - qarşı tərəfi fiziki məhv etməklə "həll edir".

Qısası, insanlar öz ailələrindəki münaqişədə son anda dövlətə sığınırlar (hətta polis nəfəri İsmayıl Məmmədovanın xanımı da yardım üçün dövlətin qapısına gəlmişdi). Ancaq onları elə ədalətinə sığındıqları qətlə yetirirsə?!

Bir ölkənin ordusu, öz xalqını, ölkəsini xarici işğaldan, təzavüzdən, qarətdən, qətliamdan qorumaqla mükəlləfdir. İndi təsəvvür edin ki, elə həmin ordu özü xalqını, ölkəsini zəbt eləyib, yağmalasa, qətliam və sair törətsə, nə olar?!

Bunun misalları dünyada var: elə qonşu Ermənistanda seçkidən sonra necə olmuşdu?! Öz ordusu öz xalqına silah çevirdi, 10 nəfər öldürüldü (dünya buna səssiz qaldı - o ayrı). Bunun əksinə baxaq. Bizm ordu nə edir?! Xalqını qorumaq üçün fədakarlıq göstərir. Əsgərimiz torpaqları düşməndən almaq üçün canından keçir. Buna görə də indi bütün dünya bizim ordumuzdan danışır. Bu, quru tərif deyil, gerçəyin özüdür.

Yaxşı, tanımadığı xanımları, uşaqları qorumaq üçün, Şuşanı almaq üçün qayalara, demək olar, əliyalın dırmaşan, özündən sayca çox olan, daha güclü silahı olan düşmənlə əlbəyaxa savaşan ordunun arxa cəbhəsi deyilmiyik?! O hakim, o polis nəfəri... düşmənin qadınlarını, uşaqlarını belə qoruyub həyatIarını xilas edən ordumuzdan utanmadımı?!Axı o polis, o hakim də bir ordu mənsublarıdır. Ölkənin içində xalqı qətldən, qarətdən qorumalı olan ordunun. Onlar sıradan adamlara - başqa milyonlarla ailələrə hansı nümunəni verirlər?! Bu haqda düşünmək lazımdır.

Adamları belə mühüm - taleyüklü postlara, mövqelərə gətirərkən, onları necə araşdırır dövlət, necə silah etibar edir?! Sabah başqaları o polisə, o hakimə baxıb nələr etməzlər ki! Bunu düşünürükmü?!

Bəli, qatil hər cür adam ola bilir. Peşəsindən asılı olmayaraq. Ancaq axı üzərində dövlətin rəmzlərini daşıyan adamlar xüsusi olaraq seçilir, onlara belə xüsusi səlahiyyətlər verilir. Yəni təkcə qadınlara, uşaqlara qarşı cinayətlərə görə cəzaları sərtləşdirməklə iş bitməz. Potensial qadın-uşaq qatillərinə hələ bir hakim mantiyası, tabel silahı da verməyək. Çünki haqqında danışdığım hakimin, polisin silahından çıxan güllə o qadınlardan keçib dövlətə də dəydi axı...

Bu, artıq Fellini deyən kimi, dram deyil, dövlətin tragediyasıdır...

Bahəddin HƏZİ

 

reklam