Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
İran yeni geosiyasi reallıq qarşısında...
11.10.2021 14:54
Bölmə:Gündəm 40 dəfə oxunub
style="text-align: justify;">İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranan yeni geosiyasi reallıqla barışmayan, müharibədən əvvəlki vəziyyətdən böyük məmnunluq həsrətinin təsiri altında emosional qərarlar verən dövlətlər arasında İranın radikal mövqeyi son dövrlər daha çox hiss olunmağa başlayıb.
 
Azərbaycan İran İslam Respublikası ilə ən uzun sərhədə sahibdir və sərhəddin cənubunda milyonlarla azərbaycanlı yaşayır. Məhz bu baxımdan İranın inkişaf etməsi, müharibələrdən, konfliktlərdən uzaq olması Azərbaycan dövlətinin daima siyasi maraqları çərçivəsində olub. Azərbaycanın müstəqilliyindən bu günə kimi, İranla qonşuluq siyasətində iqtisadi münasibətləri genişləndirmək, İran bazarlarını Azərbaycan sahibkarlarına açıq elan etmək, İran investorlarının Azərbaycana gəlməsi üçün bütün şərait yaratmaq kimi siyasət yürüdüb.
 
Bölgədə yaranmış yeni geosiyasi reallığı qəbul etməyən İranın Azərbaycana qarşı təhdid tonunda bəyanatlar verməsi Azərbaycan ictimaiyyəti tərəfindən sükutla qarşılana bilməz və elə son dövrlərdə də ən çox müzakirə olunan mövzulardandı. Məsələn, İranın ali rəhbəri Əli Xamneyinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əli Azərbaycanla Türkiyəni birbaşa, Rusiyanı isə dolayı yolla təhdid edərək qeyd edib ki, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İran yalnız iqtisadi ziyan görəcək. Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar. Digər bəyanatda isə qeyd olunur ki, “Ermənistan Zəngəzuru qoruya bilməyəcəksə biz qoruyacağıq”.
 
İran faktiki olaraq Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və bütövlükdə bölgənin inkişafına səbəb olacaq layihənin baş tutmaması üçün mümkün bütün təxribatları törətməkdədir. İran ona heç bir aidiyyatı olmayan (Zəngəzur) ərazilərdən söz açmaqla özünü proseslərin labirintinə salaraq məntiqin və hüququn duyulmadığı bəyanatlar verir. Azərbaycandan keçməyən və Avropayla alaqə yaradan marşruta sahib olmaq istəyi İranın geoiqtisadi layihələrinin gerçək real əsaslar üzərində qurulmadığını göstərir. Qarabağ müharibəsində parlaq qələbəsindən sonra regionda mövqelərini möhkəmləndirən Azərbaycanın İran tərəfindən beynəlxalq hüquqa sığmayan ritorikayla qarşılaşmasının iqtisadi, geosiyasi, mənəvi səbəbləri var. İranın Azərbaycana qarşı təhdidlərinin əsasən üç istiqamətdə olan səbəblərindən mənəvi və ideoloji aspektlərə toxunmadan öncə, mövcud geosiyasi və geoiqtisadi reallığa diqqəti çəkməklə real vəziyyətin sezilməyən tərəflərini daha yaxşı göstərmək olar.
 
Məsələn, Ermənistanla 2018-ci ildə imzaladığı anlaşmaya görə Meğridə azad iqtisadi zonanın yaradılması layihəsinə görə İran istehsal olunan məhsulları Gürcüstsan vasitəsi ilə Qara dəniz üzərindən Avropaya daşınmasını nəzərdə tutur. İran bu layihəni həyata keçirməklə Fars körfəzini Qara dənizlə birləşdirmək strategiyası üzərində düşünür. Lakin Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana gedən marşruta sahib olmaq istəyi İranın qeyri-real layihələr üzərində geosiyasi xəyallar qurduğunu göstərir.
 
2018-ci ildə Avrasiya İttifaqı ilə ticarət barədə saziş imzalayan İranın siyasi hakimiyyətinə görə, Ermənistanın Avrasiya İtttifaqının üzvü olması və Şərq Tərəfdaşlığı proqramını imzalaması Avropa və Rusiya bazarlarına bu marşrutla çıxışı ona əlavə imkanlar qazandıracaq. Lakin Ermənistanın nə Avropa, nə də Rusiya ilə birbaşa sərhəddin olmadığı halda bu layihənin gerçəkləşməsinə özünü inandırmaq istəyənlərin “böyük Ermənistan” mifinə inananlarla eyni emosiyaları bölüşməsi deməkdir.
 
Azərbaycanın regionda istifadəyə verdiyi şərq-qərb, şimal-cənub kommunikasiya xətlərindən ən çox yararlanan ölkələrdən biri İran ola bilər. Çünki İranın ən böyük iqtisadi tərəfdaşı Çindi və nəzərə alsaq ki, İran neftin əvəzində Çinlə 400 milyard dollarlıq investisiya müqaviləsi imzalamışdır. Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturunun əhəmiyyətinin nə demək olduğunu anlamaq üçün İran regionda yaranan yeni geosiyasi reallığı düzgün qiymətləndirməlidir.
 
İranın Ermənistanla ticarət dövriyyəsi ötən il 177 milyon təşkil etmişdir. Bu il həmin göstərici 224 milyon civarında olmuşdur. Mütəxəssislərin hesablamalarına görə İranın Ermənistanla ticarət dövriyyəsi gələcək perspektivdə 1 milyard dolları keçmədiyi halda, Azərbaycanla ticarət dövriyyəsi 3 milyardın üzərində qiymətləndirilir.
 
“Araz Vadisi” sənaye parkının Xudafərin bölgəsində yaradılmasında məqsəd gələcəkdə İran və qonşu ölkələrin bu imkandan istifadəsini nəzərdə tutur. İranın apardığı yanlış siyasət nəticəsində ölkə bütün dünyadan izolyasiya olunaraq sanksiyalar altında əzilməkdədir. Hazırda İranın Ermənistandan başqa dostu yoxdur. İranda son illər iqtisadi cəhətdən geriləmə daha da güclənmişdir. Əhalinin iqtisadi durumu getdikcə pisləşir. Bu baxımdan istənilən dövlətin iqtisadi uğursuzluğunun vacib səbəblərindən biri onun yürütdüyü geosiyasi proseslərlə izah olunur. Bu gün bölgədə iqtisadi baxımdan ən kasıb ölkə İrandı. Ümumdaxili məhsulun adambaşına düşən həcmi İranda 3100, Ermənistanda 4500, Gürcüstanda 4600, Azərbaycanda 4900, Türkiyədə 9000, Rusyada 11000 ABŞ dollarıdı. Göründüyü kimi bütün region dövlətləri arasında adambaşına düşən ümümidaxili məhsula görə İran axrıncı yerdədir. Əhali sayı 8 dəfə çox olmasına baxmayaraq, ixracdan əldə etdiyi gəlir Azərbaycanın nail olduğu nəticəylə eynidir. Bu müqayisələri etməkdə məqsədimiz İran iqtisadiyyatının təhlil deyil, iqtisadiyyatda rəqəmlərin və statitstikanın “söylədiyi fikirlərin” “ayətullahlarının” söylədiyi fikrlərdən daha ciddi olduğuna diqqəti çəkməkdir. Azərbaycanın torpaqları işğal olduğu bütün dövrdə İranın Ermənistana hər cür yardımlar etməsinə baxmayaraq, bir sıra Qərb dövlətlərinə Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə vermədi. Lakin İranın Beynəlxlaq münasibətlər üzrə strateji şurasının sədri Kamal Xərrazinin “Azərbaycan təhlükəsizik məsələlərində xarici qüvvələrlə bağlı illüziyalara qapılmasın” bəyanatı ictimaiyyət tərəfindən Azərbaycannın təhlükəsizliyinə və suverenliyinə qarşı təhdid kimi qiymətləndirildi.
 
Beynəlxalq praktikaya əsasən dövlətlər bir neçə məqama görə məsələn, siyasi, humanitar məqsədlər üçün öz əməkdaşlığını davam etdirmək məsuliyyəti ilə üz-üzə qalır. Lakin islam dəyərlərini siyasi maraqlarına qurban verən İran İslam Respublikasının molla rejiminin 30 illik müddətdə hər cür yardımını unutmayan Ermənistanın baş naziri Paşinyan Litvaya səfəri zamanı bu ölkənin erməni icmasının nümayəndələri ilə görüşdə deyib ki, “Ermənistan İranın ona verdiyi dəstəyi heç zaman unutmayacaq. Birinci Qarabağ savaşında Ermənistan məhz İranın sayəsində blokadadan çıxdı və həyat yolu ilə problemlərini həll etdi".
 
Azərbaycan torpaqlarını işğal etməkdə ona dəstək verdiyinə görə İrana təşəkkürü yaddan çıxarmayan Ermənistanın baş nazirinin Avropadakı etirafı, din, mənəviyyat və hüquq qarşısında İran rejiminin “ağ əbası” üzərindən silinməyən tarixin qara ləkəsidir.
 
İsrail hərbçilərinin Qarabağda olması haqqında iftira uyduranlara səfir Aleksandr Ben Zvi dəqiq və qətiyyətli mövqe bildirərkən qeyd edib ki, bu fikir fantaziyadan başqa bir şey deyil. Bu məlumatlar cəfəngiyatdır. Bu fikir Qarabağda marslıların olması kimi bir xəyala bənzəyir: “Düşünürəm ki, bu fikir böyük axmaqlıqdır, Dağlıq Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə var”.
 
İranın Beynəlxlaq münasibətlər üzrə strateji şurasının sədri Kamal Xərrazi yenə də bölgədə “sionist rejimin” başqa məqsədlər daşıdığını söyləyib və Azərbaycan rəhbərliyinin strateji səhvlərə yol verdiyini iddia edib.
 
Bütün bu ittiham və böhtanlar Azərbaycanda dini inancına görə İrana rəğbəti olan insanlarda da ikrah hissi oyatdı. Çünki hər kəs yaxşı bilir ki, xaricdən təzyiqlərə baxmayaraq, Azərbaycan daim iqtisadi sanksiyalar altında olan İrana qarşı nəfəslik rolunu oynayıb.
 
İkinci Qarabağ müharibəsi dövründə və ondan dərhal sonra İranın geosiyasi oyunları açıq-açığına deşifrə olundu. Qarabağda daşı-daş üstündə qoymayan, məscidləri donuzların saxlanc yerinə çevirən, terrorçuluğu və narkoticarəti alverə çevirənlərlə əməkdaşlıq etməklə 30 il ermənilərin tankına, zirehli texnikasına yanacaq daşıyan İran özünü “oğurluq üstündə tutulan inadkar” uşaq kimi aparır. Şərləmə kompaniyası başlatmaqla Azərbaycanı ərazisindən İrana qarşı plasdarm kimi istifadə etməkdə günahlandırır. Azərbaycan Prezidenti İlham Əliyev 4 oktyabrda Cəbrayıl rayonunda çıxışı zamanı İranın bu əsassız ittihamı və şərləmə kompaniyası aparanlardan sübut və fakt tələb etdi: “Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.
 
Azərbaycan torpaqlarını işğalda saxlamış, regionda islam irsini məhv etmiş, müqəddəs yerləri murdarlamış Ermənistanla “dost və qardaş” siyasəti aparan, gözümüz önündə Xankəndinə qanunsuz yük daşımaları həyata keçirən İranın “şərləmə rejimi”nə dövlət başçısı səviyyəsində dəqiq və sərrast ifadələrlə cavab verildi.
 
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin birinci kanalına müsahibəsində “bölgəyə terrorçuların gətirilməsi”ndən narahat olduğunu dilə gətirib. Xatırladırıq ki, Azərbaycan dünyada terrorçuluqla mübarizənin önündə gedən dövlət imici qazanıb və bunu beynəlxalq missiyası ilə həyata keçirib. Terrorçuluğu dövlətin siyasətinə çevirənlərin nəzərinə çatdırırıq ki, İraq, Livan, Suriya, Fələstində fəaliyyət göstərən terror təşkilatların maliyyəsi, siyasi dəstəyi, silahı Tehrandan gəlir və beynəlxalq səviyyələrdə təsdiqini tapmış bu fakta görə İrana qarşı sanksiyalar tətbiq olunub.
 
Cənubi Qafqazda yaranan geosiyasi reallığı dəqiq təhlilinə varmayan İran xarici işlər nazirinin təzəcə başa çatan və faktiki fiasko uğrayan ilk Moskva səfəri də göstərdi ki, Tehran Bakıya münasibətdə yanlış yoldadır və Azərbaycanın 44 günlük müharibədən sonra bölgədə atdığı bütün addımlar öncəliklə beynəlxalq hüquqa, sonra tarixi ədalətə, ardınca mənəvi dəyərlərə söykənir. Azərbaycanın cəmi 44 günə böyük qələbə qazanaraq öz ərazilərini işğaldan azad etməsindən sonra Ermənistana havadarlıq edən İran oyun üslubunu dəyiməklə geosiyasi məqsədlərini açıq etiraf etmək məcburiyyətində qaldı. İndi İranın cəhalət qoxusu verən siyasi oyunbazlığından xəcalət çəkən möminlər də daha “cənnət qəbzlərinə” inanmırlar.
 
Məhəmməd Soltanoğlu
fəlsəfə üzrə fəlsəfə doktoru
reklam