Ziya Məmmədov üçün “AST Telman” kabusu


     Sabiq nazirin müdafiə komandası “qudasını” hədəfə gətirib.
Nəqliyyat Nazirliyi ləğv olunduqdan sonra işsiz qalan Ziya Məmmədovun biznes opponentləri onun üzərinə “hücuma” keçdilər. Bir zamanlar nazir statusundan istifadə edərək böyük biznes imperiyası quran Ziya Məmmədov  bununla yanaşı özünə sərfəli biznes ortaqları da tapmışdı. Onun adı ABŞ prezidenti, daşınmaz əmlak maqnatı Donald Tramp və Rusiyada yaşayan milyarderlərlə iş ortaqlığında hallanırdı. 
Bir zamanlarda yayılan məlumatlarda göstərilirdi ki, Ziya Məmmədovun ən böyük ortaqlarından, xüsusilə də Rusiyada olan biznes şəriklərindən biri də azərbaycanlı milyarder Telman İsmayılovdur (“AST Telman”). AST şirkətlər qrupunun rəhbəri olan Telman İsmayılov haqqında isə son zamanlar heç də xoşagəlməz iddialar səslənir. Müflis olduqdan sonra sahib olduğu nüfuzu və tutduğu mövqeyi itirən “AST Telman” öz ətrafında gedən prosesləri belə artıq nəzarətində saxlaya bilmir. 
Noyabrın 11-də Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb. T. İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir. AST Telman həmçinin qanunsuz silah dövriyyəsində təqsirləndirilir. Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib. Telman İsmayılov isə haqqında səslənən iddialara “Rusiya 24” kanalına müsahibəsində aydınlıq gətirərək ittihamları rədd edib. "Bu gün mənim nəvələrimə deyirlər ki, "sizin babanız qatildir". Bu, kimin xoşuna gələr? Heç bir cinayətdə əlim olmayıb, bunu sübut edə bilərəm. Bir daha qətiyyətlə bildirirəm ki, mən heç bir cinayət törətməmişəm" ,- deyə T.İsmayılov vurğulayıb. Qeyd edək ki, hazırda Telman İsmayılovun Fransada olduğu deyilir. Bundan öncə isə azərbaycanlı milyarderin Türkiyədə yaşadığı bildirilirdi.
Telman İsmayılov Ziya Məmmədovun biznes ortağı olub,onların yüksək səviyyədə şəxsi münasibətləri vardı. Bu baxımdan “AST Telman” haqqında səslənən ittihamlar Ziya Məmmədovu da qorxuya salıb. Doğrudur, hələ ki, Ziya Məmmədovun “AST Telman”la bağlı gedən hansısa formada adının hallandırılması faktı ictimaiyyətə məlum deyi. Ancaq bunun baş verməyəcəyini də demək doğru olmazdı. Məlumatlara görə, bu gün Ziya Məmmədovu “qoruyan” əl onun hökumətdə yüksək post tutan qudasıdır. Bu baxımdan hələ ki, Ziya Məmmədovun adı “AST Telman” işində birbaşa  hallanmır. Ancaq bu məsələnin hələ uzun müddət gündəmdə qalacağını nəzərə alsaq, Ziya Məmmədovun narahatlığını başa düşmək heç də çətin deyil. Çünki sabiq nazir özü də yaxşı bilir ki, hər bir şəxsin gücü yalnız bir yerə qədər “qalxan” rolu oynaya bilir. Əks halda, Ziya Məmmədov tutduğu nazir postundan istifadə edib, özünü qoruyardı. Digər tərəfdən, ehtimal olunur ki, bu gün Ziya Məmmədovun “qoruyucusu” funksiyasını yerinə yetirən qudası özü artıq hədəfə çevrilib. Artıq onun vəzifədən “vurulması” haqqında söz-söhbətlər gəzir. Görünən odur ki, Ziya Məmmədovun zamanında “biznes imperatoru” olmaq üçün qurduğu əlaqələr, bu gün onun özünə və yaxın ətrafına qarşı yönəlib.
Son olaraq isə artıq bu günlərdə Ziya Məmmədova məxsus daha iki iri obyekti əlindən alınıb. Bundan öncə də Ziya Məmmədovun biznes imperiyasına daxil olan böyük hotellər şəbəkəsi, iri ticarət obyektləri və hətta “Garant Holnig”in baş ofisinin Məmmədovlar ailəsindən alındığı haqqında informasiyalar yayılmışdı. Görünən odur ki, son zamanlar bu sferada baş verən hadisələr Məmmədovların “biznes imperiyasını” tamamilə çökdürəcək və hazırda vəzifədə olan yaxınları da işsiz qalacaq.
Vilayət Muxtar

Facebook'ta Paylaş                                                                                Oxunub: 110