Pulun yoxdur, oxuma!




Paytaxt universitetlərində təhsil haqqını ödəməyən tələbələrin “ovu”na başlanılıb. Söhbət təhsil haqqını gecikdirənlərdən gedir. Onları dərsə buraxmırlar, bəzən auditoriyadan çıxarırlar.
Turan-ın elektron poçtuna Azərbaycan Dövlət Neft və Sənaye Universitetində vəziyyətlə bağlı məktub daxil olub. Məktubda qeyd olunur ki, pullu əsaslarla təhsil alan tələbələrin davamiyyətində problemlər yaranıb. Onları mühazirələrə buraxmırlar, auditoriya və laboratoriyalardan çıxarırlar. Onlardan illik təhsil haqqının ödənilməsinə görə borcu ən qısa müddətdə ödəmək tələb olunur. Dərs buraxan tələbələr universitetin rektoru Mustafa Babanlı ilə görüşüb ona üzləşdikləri maliyyə çətinliklərinin səbəblərini söyləməyə çalışırlar: devalvasiya, valideynlərin gəlirlərinin azalması, iş yerlərinin itirilməsi. Ancaq o, ödəniş haqqının uzadılması və ya heç olmasa qismən ödənilməsi ilə bağlı ərizələri qəbul etməkdən imtina edir, gəncləri dinləmək istəmir.
“Ali məktəbin dekanlığında onlarla belə ərizə toplanıb. “Neft və mexanika” fakültəsinin dekanı Əlihikmət Əhədov özünü münaqişədən kənara çəkir, borcu olan tələbələri universitetin mühasibatlığına göndərir. Oxşar vəziyyət başqa fakültələrdə də yaranıb. İş o yerə çata bilər ki, maddi çətinliklə üzləşən tələbələr universitetdən xaric edilə bilər”, -məktubda deyilir.
Turan agentliyinin müxbirlərinin Azərbaycan Tibb Universiteti, Dillər Universiteti, Dövlət İqtisad Universitetinin tələbələri arasında apardıqları sorğu göstərib ki, təhsil haqqının ödənilməsi problemi geniş yayılıb. Əsasən dövlət ali məktəblərinin nüfuzlu ixtisasları üzrə təhsil alan tələbələrin durumu ağırdır. Belə ki, BDU-nun hüquq fakültəsində təhsil haqqı 4300 manat, Xəzər Universiteti 4500-5000 manat, Azərbaycan Universiteti 3000 manata yaxın, Dövlət Pedaqoji Universitetində ixtisasdan asılı olaraq 1800-2000 manat təşkil edir. ADA Universiteti bahalıq üzrə rekord vurur. Belə ki, I və II qruplar üzrə bakalavr pilləsi üçün illik təhsil haqqı 6500 manat, III qrup üçün 6000 manatdır.
Şübhəsiz ki, yüksək inflyasiya, işsizlik, əmək haqlarının gecikdirilməsi və bank sisteminin iflasa uğraması şəraitində ailələrin hamısı övladının təhsil haqqını dərhal ödəməyə qadir deyil. Eyni zamanda universitetlərin rektorluqları da borclulara güzəştə getmək istəmirlər, “pul yoxdur, oxumayın” prinsipi ilə hərəkət edirlər.
Vəziyyətdən çıxış yolu Qərbdə geniş tətbiq edilən tələbələr üçün bank krediti ola bilər. Azərbaycanda bu baxımdan vəziyyət tamamilə əksinədir: burada hətta iqtisadi yüksəlişin pik vaxtında belə banklar tələbələrə kredit verməyiblər, indi isə bu barədə heç eşitmək istəmirlər.
Bir neçə il bundan öncə Təhsil Nazirliyi “Maarifçi” Kredit Fondunun yaradılması ilə layihə həyata keçirib. Layihənin təsisçiləri Bakı, Gəncə və Sumqayıtın bəzi Dövlət universitetləri olub. Amma layihə ödənişli təhsil alan tələbələrin vəziyyətinə təsir göstərməyib.
Təhsil üzrə ekspert Kamran Əsədov problemi şərh edərkən deyib ki, “Maarifçi” Kredit Fondu tərəfindən kreditlərin verilməsi üzrə layihə uğursuz olub. 3 il ərzində ancaq 200 tələbəyə təhsil krediti verilib. Nəzərə alsaq ki, potensial borcluların sayı dəfələrlə çoxdur, bu göstərici olduqca aşağıdır. Səbəb odur ki, tələbələrin heç də hamısı Fondun meyarlarına uyğun deyil. Fonddan kredit götürənlər aztəminatlı ailələrdən olmalı, valideynlərin bank borcu olmamalıdır ( hazırda belə ailə tapmaq çətindir). Digər mühüm məqam odur ki, tələbənin orta müvəffəqiyyət ğöstəricisi 71 bal olmalıdır. Başqa sözlə desək, tələbə əlaçı olmalıdır.
“Bu tələblərə uyğun olmaq çətindir. Azərbaycanda 50-yə yaxın ali məktəb fəaliyyət göstərir. Onlarda 160 mindən çox tələbə təhsil alır. Həmin kontingentin 70%-dən çoxunu ödənişlə oxuyan tələbələr təşkil edir. Ölkənin ali məktəblərində orta ödəniş haqqı 2000 manatdır. Bəzi ixtisaslar üzrə qiymətlər 4500, 5000, 6500 manat təşkil edir. Son beş ildə ödəniş qabiliyyətinin olmamasına görə 7 min tələbə təhsildən imtina edib”, – K.Əsədov bildriib.
Problemin kökündə ali təhsilin kommersiyalaşdırılması, müəyyən edilmiş tariflərin göstərilən xidmətin keyfiyyətinə uyğun olmaması, bu sahədə düşünülmüş qiymət siyasətinin olmaması durur.
Bu, ona gətirib çıxarır ki, universitetlərin məqsədi ixtisaslı kadr hazırlığı deyil, qazanc əldə etməkdir. Hazırda bu hal geniş vüsət alır.
Bundan başqa tələbənin də davranış modeli dəyişir. Belə ki, ali məktəblərdə tələbələrin bir çoxu üçün təhsildə məqsəd bilik deyil, əmək bazarının bir növ “valyutası” sayılan diplomu almaqdır.azadliq.info

Facebook'ta Paylaş                                                                                Oxunub: 110