Bəstəkarın işdən çıxan oğlu barədə şok iddialar - onu “Azərpoçt”da əvəz edən kimin bacısı oğludur?






"Azərpoçt” MMC-nin baş direktoru, bəstəkar Eldar Mansurovun oğlu Ülvi Mansurovun işdən çıxması ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. 
APA-nın MMC-dəki mənbəyə istinadən bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib”, - deyə, mənbə vurğulayıb. Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
"Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.
Maraqlıdır ki, Ü.Mansurov “Azərpoçt" MMC-yə bu ilin mart ayının 31-də rəhbər təyin edilib. Amma bu 8 ay ərzində “Azərpoçt” MMC-nin rəsmi veb-səhifəsində rəhbər şəxslər arasında Ü.Mansurovun adı olmayıb. Qurumun rəsmi saytında baş direktorun vəzifəsinin Sübhan Kazımovun icra etdiyi göstərilib.
Hələ o zaman bu “texniki xəta”ya diqqət çəkən media yazırdı ki, Ü.Mansurov direktor kimi işə gəlsə də, rəsmi sənədləri imzalaya, təyinatlarla bağlı öz adından qərarlar verə bilmir. Bu işlər S.Kazımovun imzası ilə həyata keçirilir.
Buna səbəbi isə qanunla Ü.Mansurovun müəyyən müddət rəhbər vəzifə tutmasına qadağanın qoyulmasıdır. Bildirilirdi ki, Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka rəhbərlik etmiş Elmar Məmmədov onu öz müavini təyin etdirib. Amma qısa müddət sonra E.Məmmədovun adı dolların “qara bazarı”nı yaratmaqda hallandı və o, vəzifədən uzaqlaşdırıldı. Təbii ki, müavini olan Ü.Mansurov da.
Xəbərlərdə bildirilirdi ki, Ü.Mansurov vəzifədən xüsusi maddə ilə çıxarıldığında onun müəyyən müddət rəhbər vəzifə tutması qanunla qadağandır. Nə qədər absurd səslənsə də, Ü.Mansurovun “Azərpoçt”a formal direktor təyin olunduğu və bu səbəbdən adının rəsmi veb-səhifəsində olmadığı bildirilirdi.
“Azərpoçt”un adı iki il əvvəl Rabitə Nazirliyində baş verən həbslərdən sonra diqqət mərkəzinə gəlib. Nazirlikdə həbslər başlayandan sonra bu şirkətin baş direktoru Qəmbər Bəybalayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Qəmbər Bəybalayev ötən ay başa çatan “Rabitə işi” adlanan məhkəmədə korrupsiya və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda direktorun səlahiyyətlərini icra etdiyi deyilən S. Kazımov da media üçün yeni adam deyil. S.Kazımov baş nazirin müavini Əli Əhmədovun bacısı oğludur.
İddialara görə, Əli Əhmədovun bacısı oğlunun yüksək posta gətirilməsinə səbəb sabiq nazir Əli Abbasov olub. S. Kazımov 2002-ci ildə “Azərpoçt” MMC-də texniki şöbənin rəisi olsa da, Əli Abbasov nazir müavini təyin olunduqdan (2014) az müddət sonra o, “Azərpoçt” MMC-nin baş direktor müavini olub.
Ü.Mansurovun işdən niyə çıxarıldığı haqda hələ ki rəsmi məlumat yoxdur. Bir ay bundan əvvəl ərizə yazan baş direktorun niyə indi işdən çıxdığı xəbərinin yayılması da bu işlə bağlı suallardan biridir. Əgər onun rəhbər vəzifə tutması ilə bağlı qadağanın olması faktı doğrudursa, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəhbərliyi üçün ciddi skandal ola bilər.
Musavat. com

Facebook'ta Paylaş                                                                                Oxunub: 10