“Barı Naxçıvan” mahnısına görə Bakıda qan töküldü



Gündüzlər müştərilərin üzünə bağlı, axşamlar açıq olan “Dəli Kür” kafesinə təşrif buyuranların əksəriyyəti nəm qoxuyan alaqaranlıq daxmalarda gecəsi 2-3 manata kirayə qalanlar olub. Günəmuzd fəhləlik edib qazandıqları qəpik-quruşu xərcləmək üçün bura toplananları həyat get-gedə daha da dibə doğru çəkib...
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Cəbrayıl rayon sakini 24 yaşlı Həsən Ağayev və Ağdaş rayon sakini 23 yaşlı Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Dəli Kür” kafesində baş verib. Kafedə rəqs üstündə yaranmış münaqişə qanla sonuclanıb. Belə ki, Fatma Abdullayevanın rəqs etməsinə irad bildirməsi Tofiq Mehtiyevin bıçaqlanmasına səbəb olub. Yaralı xəstəxanaya çatdırıldığından, onun həyatını xilas etmək mümkün olub.
Törətdikləri cinayət əməlinə görə H.Ağayev və E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlı) maddələri ilə ittiham irəli sürülüb. Barələrində Nəsimi rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Həsən Ağayevin ifadəsinə görə, o, “Papanin”də gecəsi 2 manata kirayə qalıb. Hadisə baş verən gün dönər yeyib spirtli içki qəbul edən H.Ağayev əvvəlcə internet-kluba gedərək sosial şəbəkələrdə vaxtını “öldürüb”. Gecəyarısı taksi sürücüsü olan “Malış” ləqəbli dostu ilə yolunu yenidən “doğma məkan”a salıb. Kafeyə girərkən Fatma adlı tanışının iki kişi ilə stol arxasında əyləşdiyini görüb. Bir qədər keçmiş Fatma yanındakı kişilərlə birgə “Barı Naxçıvan” mahnısını rəqs etməyə başlayıb: “Sonradan adını bildiyim Tofiq Mehtiyev Fatmaya əli ilə nəsə işarə edib dedi. Əl-üzümü yumaq üçün bayıra çıxıb geri qayıdanda Fatmanın uca səslə kimisə söydüyünü eşitdim. Səs-küy saldığına görə onu silləylə vurdum. Fatma “məni niyə vurursan, kişiliyin çatırsa, get onu vur” dedi. Tofiqi nəzərdə tutduğunu başa düşdüm. Tofiqə əlimlə işarə edib onu küçəyə çağırdım, əhəmiyyət vermədi. Yanına gəlib dedim ki, gəl çıxaq çölə, səninlə söhbətim var. Köynəyim yuxarı qalxdığından mənim bıçaq çıxarmaq istədiyimi güman edib biləyimdən yapışdı, mübahisə etdik. Bıçağın tiyəsini açıb Tofiqə sinəsindən və belindən bir neçə zərbə endirdim. Kafedə olanlar bizi araladılar, bıçaq əlimdən düşdü, məni zaldan çıxardılar. Təkrar zala qayıdıb hələ ayaq üstə olan Tofiqin sinəsinə təpiklə vurdum, yerə yıxıldı”.
H.Ağayev ifadəsində Elvin Əliyevlə dostluq münasibətləri olmadığını, onu kafeyə-gəlib gedən müştəri kimi tanıdığını göstərib. F.Abdullayevə gəlincə isə, onunla iki-üç il əvvəl tanış olduqlarını, hətta qısa müddət Xırdalanda bir yerdə kirayə yaşadıqlarını bildirib: “Hadisə vaxtı ətrafda çoxlu adam olduğundan, Elvinin hansı hərəkətlərə yol verdiyini xatırlamıram. Evə gəlib yatdım. Səhər yuxudan oyananda axşam nə hadisə baş verdiyini dəqiqləşdirmək üçün “20 Yanvar“a – “Malış”ı axtarmağa getdim, tapa bilmədim. Elə bu vaxt polis əməkdaşları məni tutub polis bölməsinə apardılar”.

Təqsirləndirilən Elvin Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində “Meyvəli” bazarında işlədiyini, “Papanin”də gecəlik kirayə qaldığını göstərib: “İşdən çıxandan sonra dostum Sənanın ad gününü qeyd etməyə getmişdim. Sənangillə birgə “Dəli Kür”ə gələndə “Fatoş” kimi tanıdığım, yüngül həyat tərzi sürən qadın orada iki kişi ilə oturmuşdu. Adını sonradan bildiyim, başına butulka vurduğum Tofiqi isə əvvəllər tanımamışam. Sənangil getdikdən sonra bayıra çıxanda “Fatoş”un nəyəsə görə deyindiyini, Həsənlə Tofiqin isə zalda tutuşdıqlarını gördüm. Tez zala girib onları ayırdım. Tofiq nalayiq söyüşlər söyüb məni təhqir etdi. Əsəbləşib onu yumruqla vurdum. Mühafizəçilər məni tutub kənarlaşdırdılar. Onların əlindən çıxıb stolun üstündəki pivə bokalını Tofiqin başına vurdum. Həsənlə birgə “Malış”ın maşınına oturduq, hara gedəcəyimizi bilmirdik. Səhərə yaxın “Meyvəli”yə getdim. Ancaq özümdə olmadığıma görə işləyə bilmədim”.
Zərərçəkmiş Tofiq Mehtiyev ifadəsində iş yoldaşları ilə birgə bir neçə dəfə “Dəli Kür”ə gəldiyini, kafedə “Fatoş” kimi çağırılan qadının müxtəlif kişilərlə əyləndiyini, müştəri tapıb harasa apardığını, sonradan qayıdıb gəldiyini, hətta bir dəfə ona da yaxınlaşdığını, amma xidmətlərindən imtina etdiyini göstərib: “Həmin gün “Fatoş” iki kişi ilə oturmuşdu. Arada gəlib bizim stolda əyləşmək istəsə də, mən icazə vermədim. Təxminən saat 3-də “Fatoş” yanındakı kişilərlə Naxçıvana aid mahnıya oynamağa başladı. Mahnını milli rəqs kimi yox, disko rəqsi kimi oynamağı xoşuma gəlmədi. Oynayıb qurtarandan sonra əlimlə yanıma çağırıb “Barı Naxçıvan” mahnısına belə əcaib formada oynamasına irad tutdum”.
Zərərçəkmişin ifadəsinə görə, F.Abdullayevanın milli musiqiyə hörmətsizlik etməsinə irad bildirdikdə sonuncu “əcəb edirəm” deyib: “Söyüş söyə-söyə gedib yerində oturdu. Mənə tərəf baxır, nəsə danışır, başa düşürdüm ki, söyür. Əlimlə yenə çağırdım, amma gəlmədi. Bir qədər sonra Həsən bizim stola yaxınlaşıb məni çölə çağırdı. Cibindən bıçaq çıxarmaq istədikdə əllərindən tutdum. Məni “yox edəcəyi”, “məhv edəcəyi” ilə hədələməyə başladı. Biz mübahisə edərkən Elvin də Həsənə qoşuldu. Həsən məni bıçaqla vuranda Elvin də yumruq-təpiklə vururdu. Kafedəkilər bizi zorla ayırdılar. Məni xəstəxanaya apardılar, əməliyyat olundum”.
Məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilir.
İnarə Rafiqqızı
Virtualaz.org

Facebook'da Paylaş                                                                           Tarix: 9-06-2018, 09:11   Oxunub: 343