3 həftəlik “sıçrayış”: Dünyanın enerji təhlükəsizliyi qarantlığından şam işığı qaranlığına



  • |
3 həftəlik “sıçrayış”: Dünyanın enerji təhlükəsizliyi qarantlığından şam işığı qaranlığına


Son zamanlar ard-arda baş verən böyük insidentlərlə prezident seçkilərinin ardından qurulan hökumət kabinetindəki yeni ismlər arasında qəribə bir əlaqə var. Məlum olduğu kimi, yeni komandada yalnız bir neçə nazir başqasıyla əvəz olunub. Bunlardan biri Kənd Təsərrüfatı naziridir. Əvvəlki nazir Heydər Əsədovu indi İnam Kərimov əvəz edir.
Maraqlıdır ki, yeni hökumətin fəaliyyətə başlamasından sonra ilk insident də kənd təsərrüfatı sahəsində qeydə alındı. Bir çox rayonlarda pambıq sahəsində baş verən kütləvi zəhərlənmə ölkə gündəmini silkələdi. Saatlıda başalayan pambıq zəhərlənməsi Tərtərə, İmişliyə yayıldı. Respublika Prokurorluğu və DİN-nin yaydığı birgə məlumatda insidentin zərərvericilərə qarşı istifadə edilən dərmanlardan çıxdığı rəsmən bəyan olundu. Bir neçə aqronom və fermer həbsə atıldı. İstintaqın gedişi daha çox insanın cinayət məsuliyyətinə cəlb olunmasıyla nəticələnə bilər.
Əlbəttə, bu sahədə təcrübə qazanmış fermerlərin həmin cinayətə əl atmasında təxribat ehtimalı da var və ümidvar olmaq istərdik ki, insidentin ədalətli istintaqı bir çox qaranlıq məqamları gün üzünə çıxaracaq.

Rəhbəri dəyişdirilən digər qurum isə Energetika Nazirliyi idi. Seçkidən bir neçə ay əvvəl dünyasını dəyişən Natiq Əliyevin yerinə Azərbaycanın bir zamanlar Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Pərviz Oqtay oğlu Şahbazov gətirildi. Yəqin ki, sələfinin seçkiləri “gözləmədən” vəfatı ilə təyinatı tezləşdirilən yeni nazir 12 oktyabr 2017-ci il tarixində imzalanan Prezident Sərəncamıyla indiki postuna əyləşdi. Nəzərə alsaq ki, həmin təyinat köhnə nazirin vəfatından 4 ay sonra baş tutdu, bu postda kimin əyləşə biləcəyi barədə uzun müzakirələrin getdiyi ehtimalı ağla gəlir.
Maraqlıdır ki, seçkidən bir neçə ay sonra ən böyük insident də məhz energetika sahəsində baş verdi. Bir neçə gün əvvəl Azərbaycanın Mingəçevir İES-nın ümidinə buraxıldığı gerçəyinin üstünü açan məlum elektrik böhranı yaşandı.
Bu böhranın yaratdığı gərginliklər başa çatmamış növbəti bəd xəbər Yardımlıdan gəldi. İyulun 4-dən 5-nə keçən gecə Yardımlı meşələrində başlayan yanğın hələ də söndürülməyib. Məlumata görə, hadisə yerinə helikopterlər və təyyarələr cəlb olunub. Bu da yanğının böyüklüyündən və ciddi şəkildə yayıldığından xəbər verir.
Qəribədir ki, rəhbəri dəyişdirilən nazirliklərdən biri Ekologiya və Təbii Sərvətlər naziridir və respublika ərazisində yerləşən bütün meşə zolaqları bu nazirliyin tabeçiliyindədir. Bu da yanğının səbəblərilə bağlı müəmmaları artırır və istər-istəməz ağla belə bir sual gəlir: Niyə bütün bu axsaqlıqlar yeni nazirlərin nəzarət etdiyi sahələrdə çıxır? Baş verən insidentlər təsadüfdürmü, yoxsa köhnə komandanın yenilərə qarşı dirənişimi?

Sözsüz ki, çiçəyi burnunda olan bu nazirlərin yeni təyinatı onların öz işlərinin öhdəsindən gələcək qədər iş bacarığına malik olub-olmamaları barədə hansısa fikir söyləməyə imkan vermir. Axı, onlar hələ öz yerlərində möhkəmlənməyiblər və beynəlxalq praktikada bir hökumətin fəaliyyətinə qiymət vermək üçün ən azı 100 gün gözləmək tələb olunur. İndiki hökumətin tərkibi isə 21 aprel 2018-ci il tarixində müəyyənləşib. Yəni qurulduğu vaxtdan indiyə qədər heç ayyarım da keçməyib.
Üstəlik, ortaya çıxan bu insidentlərin tarixi kökləri var və bunların heç birinin məsuliyyətini təzə nazirlərin üzərinə atmaq mümkün deyil. Odur ki, biz digər ehtimallar üzərində dayanmağın daha ədalətli olacağını düşünürük.
Bəs, köhnələrin yenilərə qarşı mübarizəsi arqumenti nə dərəcədə əsaslıdır?
Etiraf edək ki, bir sıra arqumentlər bu versyanı daha inandırıcı edir.
Əvvəla, Köhnələrin dirənişi ehtimalını artıran başlıca amil Azərbaycan siyasi idarəetmə təcrübəsində mövcud olan bir ənənənin mövcudluğudur. Bilindiyi kimi, Azərbaycan reallığında istənilən quruma təyin olunan rəhbər dərhal köhnə komandanın üzvlərini işdən qovur və onların yerinə öz kadrlarını gətirir. Özü də həmin nazir və dövlət komitə sədrlərinin əksəriyyəti hazırda rəhbərlik etdikləri strukturda formalaşmayıblar. Dolayısıyla onların özləriylə gətirdikləri kadrlar da idarə etdikləri quruma tamamilə yad insanlardır. Vurulan köhnə komanda üzvləri isə uzun illərdən bəru hökumətlərin tərkibinin dəyişilməməsi səbəbindən öz yerlərində daşlaşıblar və heç biri minlərlə fırıldaq törədib milyonlar qazandıqları vəzifələrini itirmək istəmirlər. Ən əsası, indiki məqamda vəzifə itkisi təkcə cah-cəlalla vidalaşmaq da deyil, həm də bu vaxta qədər oğurlanan, talanan dövlət əmlakının hesabatını vermək deməkdir. Mümkündür ki, onlar məhz bu qorxu altında yaxınlarda vurulacaqlarını hiss etdiklərindən məcburən özgələrə buraxacaqları sahələri öncədən “minalayırlar”. Bəlkə də məh bu səbəbdən köhnə kadrlar işdən uzaqlaşdırıldıqca həmin “minalar” işə düşür və yenilərin mövqeyini ciddi sürətdə sarsıdır.

Nəsillər arasında mübarizə versiyasını gücləndirən digər bir amil isə xarici güc mərkəzlərinin Azərbaycan uğrunda apardıqları geopolitik mübarizə ehtimalı ilə bağlıdır. Artıq 25 ildir Azərbaycana rəhbərlik edən köhnə komandanın əksər hissəsinin Rusiya ilə müəyyən bağları olduğu sirr deyil. Yenilərin tərcümeyi-halına nəzər salanda isə onların əksəriyyətinin ya Qərbdə təhsil aldıqları, ya da Azərbaycanın müxtəlif ölkələrdə səfiri işlədikləri aydın olur. Məsələn, Energetika naziri Pərviz Şahbazov uzun illər müxtəlif Qərb ölkələrində səfir vəzifəsini icra edib, Kənd Təsərrüfatı naziri İnam Kərimov əvvəl ABŞ-ın İndiana ştatında Richmond High School-da, daha sonra Fransanın Strasburq və Sorbonna Universitetlərində ali təhsil alıb. Əvvəl Təhsil, sonra isə Vergilər naziri təyin olunan Mikayıl Cabbarov 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbini bitirib. O, həminin ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür və İsraillə çox yaxın münasibətləri var. Təsadüfi deyil ki, İsrailə səfər edən hökumət heyətinə rəhbərlik edib və ölkəmizə gələn bir çox yəhudi siyasiləri qarşılamaq Vergilər nazirinə tapşırılır. Sadaladığımız və sadalamadığımız bu faktlar yenilərin “Qərbəqaçma təciliylə” hərəkət etdiklərini ortaya qoyur.

Xüsusilə energetika sahəsində yaşanan son böhranın TANAP layihəsinin açılışından sonra baş verməsi də təsadüfə oxşamır. Xatırlayırsınızsa, 13 iyun 2018-ci il tarixində layihənin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev TANAP-ın və TAP-ın əhəmiyyətinə toxunaraq, qeyd etmişdi:
“Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.
Əlbəttə ki, ölkə rəhbərinin bu sözləri gəlişigözəl şəkildə deyilmiş fikirlər deyildi. Onun xüsusilə “Azərbaycan qazının Avropa bazarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılması fikrinin altında ciddi mesajlar dayanırdı. Bildiyimiz kimi, TANAP və TAP layihəsi ideya olaraq ortaya atıldığı ilk günlərdən indiyədək Avropanın qaz təchizatında çoxşaxəliliyi və enerji təhlükəsizliyini təmin etmək prinsipi ön planda tutulmuşdur. Məqsəd isə Avropanı rus qazı monopoliyasından azad etmək idi. Bunu ABŞ-ın sabiq prezidenti Obama hökumətinin Dövlət Departamentinin enerji qaynaqları üzrə xüsusi müşaviri Amos Hokşteyn də etiraf edirdi. Müşavir hələ 4 il bundan əvvəl “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibəsində Rusiyanın şirin dilinə aldanıb köhnə müttəfiqlərinə arxa çevirməyə çalışan Yunanıstana ağlını başına yığıb Azərbaycan qazına yönəlməyi məsləhət görürdü:

Mən Yunanıstan hökumətinə Rusiya proyekti yerinə, Azərbaycan qazının Avropaya nəqlinə hədəflənən TANAP layihəsinə yönəlməyi təklif edirəm. Moskva tərəfindən ortaya atılan bu proyekt Yunanıstanın finansal ehtiyaclarını diqqətə almır və tamamilə siyasi məqsədlidir.”
Həmin müsahibədən bir neçə gün əvvəl isə Türkiyənin “Hürriyet” qəzetinə də eyni səpkili açıqlama verən Amos Hokşteyn “Türk Axımı” proyektinin iqtisadi yox, siyası layihə olduğunu bu sözləriylə sübut etməyə çalışmışdı: ““Cənub Axını” ilə “Türk Axını” proyekti eyni sahədən, fəqət fərqli marşrutlar üzərindən keçən kəmərlərdir. Hansının çəkiləcəyindən asılı olmayaraq, “Qazprom” Ukraynanı dövriyyədən çıxararaq eyni qazı eyni ünvana çatdırmaq və bunun üçün də on milyardlarla dollar xərcləmək istəyir. Bu isə onu göstərir ki, lahiyə iqtisadi yox, siyasi xarakterlidir”.
Qeyd edək ki, Rusiyanın Avropa ölkələrini öz qazından asılı vəziyyətə salmaq üçün bütün post-sovet ölkələrinin Qərbə satdıqları mavi yanacağı özünün almasını və nəqlini həyata keçirməyə çalışırdı. Bu isə Moskvaya Aİ ölkələrinə istədiyi şərtləri təzyiq etmək imkanı verirdi. Çünki bu niyyətini reallaşdıra bilsəydi, Avropa ölkələrinin qaz tələbatının 50%-ni öz əlində cəmləşdirmək, Qərblə sözü çəp gələndə isə kəmərləri bağlayaraq, “qoca qitə”ni enerjisiz qoymaq imkanı əldə edəcəkdi.

ABŞ isə bu böyük avantajı Moskvaya buraxmamaq üçün böyük həcmli rus enerji kəməri yerinə, kiçik həcmli qaz layihələrinə üstünlük verir. TANAP da belə layihələrdən biridir və Prezidentin dediyi kimi, Avropanın təhlükəsizliyinə və enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir. Maraqlıdır ki, Amos Hokşteyn də bunu gizlətmirdi: “Qərb dövlətlərinin tək bir ölkənin enerji ixracatından asılı vəziyyətə düşməsi və ya ona həddindən artıq möhtac olması yaxşı əlamət deyil. Xüsusilə də həmin ölkənin enerjidən siyasi vasitə kimi istifadə etmək meyli varsa. Bu durumun qarşısını almaq üçün enerji ixrac edənlə təbii sərvətlərin keçdiyi marşrutları bir-birindən ayırmaq lazımdır. TANAP bu iki əsas kriteriyanı özündə birləşdirən layihədir.”
Amos Hokşteynin də etiraf etdiyi kimi, Rusiyanın qaz startegiyasının əleyhinə çəkilən bu layihənin reallaşması, sözsüz ki, Moskvanın geosiyasi və geoiqtisadi maraqlarına cavab vermir. Bu səbəbdən də şimal qonşumuz nəyin bahasına olursa olsun, bu layihənin qarşısını almağa çalışıb və bundan sonra da çalışacağı istisna deyil. O, bu istiqamətdə indiyədək əlindən gələni edib və kəmərin çəkilməsini xeyli yubada bilib. Hətta iş o yerə çatıb ki, layihədə marağı olan şirkətlər belə, təhlükəni nəzərə alıb Azərbaycan qazının Avropaya daşınması proyektlərinə investisiya yatırmaqdan çəkiniblər. Prezident İlham Əliyev də TANAP-ın açılışı zamanı etdiyi çıxışında bu həqiqətə barmaq basaraq deyirdi:
“Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq – TANAP”.

Təbii ki, Rusiya özünün qaz strategiyasının tələblərindən çıxış edərək, bu gün də həmin işə mane olmağa çalışır. Bəlkə o da təsadüfi deyil ki, TANAP-ın açılışından cəmi 3 həftə sonra Mingəçevir İES-də qəza baş verdi və Azərbaycan qaranlığa qərq oldu. Nəticədə hətta öz elektrikini belə Rusiyadan alacaq vəziyyətə düşdü.
Bu hadisənin arxasında rus barmağının olub-olmadığını deyə bilmərik. Amma görünən budur ki, hadisənin hansı səbəbdən baş verməsindən asılı olmayaraq, nəticə Rusiyanın xeyrinə işlədi. 3 həftə əvvəl Avropanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış edən Azərbaycanın özünə umaç tapa bilmədiyi ortaya çıxdı. Məlum oldu ki, ölkədə son illər ərzində bir neçə elektrik santralı tikən “rusqafalılar” əslində gözdən pərdə asmaqdan başqa heç bir iş görmürmüşlər. Bəlkə də məqsəd Azərbaycan siyasi iradəsini arxayın salmaqla böyük bir sürprizə hazırlaşmaq imiş.
Heydər Oğuz

hurriyyet.org/

Facebook'da Paylaş                                                                           Tarix: 5-07-2018, 18:17   Oxunub: 109