Ali məktəblərə yeni qəbul qaydaları - tam təfsilat




 

Ekspert  deyir ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ehtiyacı azaldacaq və orta məktəblərin nüfuzunu qaldıracaq

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli təqdim edilib.
DİM-dən verilən məlumata görə, 11 illik təhsil bazasında buraxılış imtahanı 1 mərhələdə keçiriləcək. İmtahan müddəti 3 saat olacaq. Şagirdlər Tədris dili (Azərbaycan dili, rus), riyaziyyat, xarici dillər ( ingilis, alman, fransız, ərəb, fars) fənlərindən imtahan verəcək. Hər fənn üzrə maksimal bal 100 (ümumilikdə 300) olacaq.
Qəbul imtahanında isə maksimal bal 400 olacaq. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələr də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal - 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.
Bundan əlavə, tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.
Kamran ÆsÉdov ile ilgili görsel sonucu
“Yeni Müsavat”a  qəbul qaydalarını şərh edən təhsil eksperti Kamran Əsədov bildirdi ki, yeni sistemə hazırlıq işləri sürətləndirilməlidir: “2008-ci ildən başlayaraq, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Buna görə qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruri idi. Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi, ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fəndən qəbul imtahanı verəcək şagirdlər 2017-ci ildə 2 fəndən verdikləri buraxılış imtahanları nəticəsinə görə kurikulumu demək olar ki, mənimsəməyiblər. Bununla yanaşı, 2019-cu ildə qruplara daxil olan fənlər üzrə bal paylanma əmsalının hələ də açıqlanmaması ciddi narahatlıq doğurur. Bundan başqa, 7 ay sonra qəbul imtahanı tamamilə yeni formatda keçiriləcək, amma hələ də qəbul aparılacaq fənlər üzrə proqramlar, ədəbiyyat siyahısı yoxdur”.
Ekspert həmçinin buraxılış imtahanlarının yoxlanması prosesinə diqqət çəkərək bu sahədə də problemlərin olduğunu bildirdi: “İki ildir IX siniflər üzrə keçirilən buraxılış imtahanları zamanı müəyyən sayda yoxlayıcı markerin səhvə yol verməsi səbəbindən yüzlərlə şagirdin biliyi düzgün qiymətləndirilməmişdi. Bu hal hər il təkrarlanır. Çünki buna qədər nəticələr proqram təminatı tətbiq edilməklə yoxlanılırdısa, bundan sonra azı hər fəndən 3, ümumilikdə qəbul imtahanında 9, amma buraxılış imtahanında azı 15 test tapşırığı insan faktoru tətbiq edilməklə - marker vasitəsilə yoxlanılacaq. Təbii ki, insan faktorunun tətbiq olunacağı yoxlama prosesində müəyyən nöqsanlar olacaq. Danılmaz faktdır ki, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranıb. Bunun üçün dünya təcrübəsindən, konkret olaraq İELTS və SAT imtahanlarının nümunəsindən istifadə etmək lazımdır.
Bu həm şagirdin biliyinin müasir standartlara uyğun qiymətləndirilməsinə imkan yaradacaq, həm də valideyinlərin əlavə xərc çəkərək repetitorlara müraciət etməməsi ilə nəticələnəcək. DİM yeni qaydaları müəyyən etsə də, hələ də bütün qəbul qrupları üzrə imtahan iştirakçısına təqdim ediləcək situasiya tipli test tapşırıqlarını müəyyən etməyib. Bundan başqa, Azərbaycan dili və ingilis dili fənni üzrə qəbul imtahanlarında V qrupun mətn üzrə standartları müəyyənləşməyib. Həmçinin XI siniflər üzrə kurikulum standartları əsasında tərtib edilmiş sinif testləri, test banklar çap olunmayıb. Digər bir çatışmazlıq isə ondan ibarətdir ki, təhsil islahatlarına görə bizim yaddaş məktəbindən təfəkkür məktəbinə keçməyimiz tələb olunsa da, təqdim edilmiş imtahan modeli hələ də yaddaş məktəbi üzərində qurulub və kimin yaddaşı güclüdürsə, onun yaxşı nəticə əldə etməsi ilə nəticələnəcək”.
K.Əsədov bal sisteminin də dəyişəcəyini, lakin ixtisas seçimi üçün yeni 700 ballıq sistemin tətbiq ediləcəyini vurğuladı:“Əvvəllər qəbul imtahanında maksimum bal 700 bal idi. Və buraxılış imtahanlarında toplanan bal qəbul imtahanına təsir etmirdi. 2019-cu ildə isə bu 700 bal iki hissəyə bölünəcək. Belə ki, XI siniflər verəcəkləri buraxılış imtahanında 0-300 arası bal toplamalıdır (əvvəlki ilin məzunları eyni modeldə V qrupda imtahan verəcək), ondan sonra seçdikləri ixtisas qrupu üzrə 0-400 bal arası toplamaq üçün imtahan verəcəklər. Yekunda hər iki mərhələdə əldə edilmiş ballar cəmlənəcək və ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi etmək üçün yekun bal olacaq. Bu, əlbəttə ki, buraxılış imtahanlarına münasibəti dəyişəcək. Şagirdlər buraxılış imtahanına daha ciddi hazırlaşacaq ki, bu mərhələdə əldə edəcəkləri nəticə onlara qəbul imtahanında ciddi şəkildə kömək etsin. Hesab edirəm ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq. Çünki məktəb buraxılış imtahanının nəticəsinin yaxşılaşdırılmasında maraqlı olacaq. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir. İndi isə mənzərə dəyişəcək”.
Ekspert balların hesablanması ilə bağlı vacib bir məqamı da qeyd etdi: “DİM onu yazmayıb, ancaq qeyd etməliyəm ki, qapalı tapşırıqlarda səhv düzü aparacaq. Amma açıq sualda səhv olsa, o, düz cavablara təsir etməyəcək və bal aparmayacaq. Qəbul imtahanları 2 dəfə olacaq- ənənəvi olduğu kimi. Amma buraxılış imtahanı və V qrupda 1 dəfə keçiriləcək. 2019-cu ildə keçiriləcək IX və XI siniflər üzrə ən ciddi problem xarici dil fənnindən olacaq. Çünki indiyə qədər orta məktəblərdə ”Dinləmə mətni" tətbiq edilməyib. Amma Dövlət İmtahan Mərkəzi “Dinləmə mətni”nə dair (publisistik və ya dialoq) 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq) imtahan iştirakçılarına təqdim edəcək. Bu, ciddi problem yaradacaq. Orta məktəblərdə bu qurğu yoxdur, şagirdlərdə də  bu bilik və bacarıqlar yoxdur və öyrədilməyib. Amma indi bundan bacarıqlar yoxlanılacaq".   
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Facebook'da Paylaş                                                                           Tarix: 10-10-2018, 09:56   Oxunub: 66