Azərbaycanda 109 manat: Dünyada yüzlərlə avro:- Deputatlar uşaqları nə vaxt yada salacaq?


Azərbaycanda 109 manat: Dünyada yüzlərlə avro:- Deputatlar uşaqları nə vaxt yada salacaq?

Dünyanın əksər ölkələrində uşaq pulu və doğuşa görə sosial müavinətlər verilir. Bu məbləğ uşaqların normal böyüdülməsi üçün valideynə şərait yaradır. 
Azərbaycanda da doğuşa görə sosial müavinət verilir, amma məbləğ o qədər azdır ki, bununla heç bir problemi həll etmək mümkün olmur. Azərbaycanda hər doğulan uşağa 109 manat birdəfəlik müavinət verilir. Son günlər uşaqlara verilən birdəfəlik müavinətin artırılması və uşaq pulunun bərpası təklifi səsləndirilir. 
Bəs digər ölkələrdə bu sahədə vəziyyət necədir? Cebhe.info bununla bağlı məlumatı təqdim edir.
Rusiyada yeni doğulan uşaqlara, hətta ikinci doğulan uşaqlara da əlavə 250 min rubla yaxın vəsait verilir. Ancaq bu vəsait birbaşa vəsait şəklində yox, həmin ailənin sosial vəziyyətinin yaxşılaşdırılmasına və uşağın təhsil xərclərinə yönəldilir. Türkiyədə yeni doğulan uşağa görə 300 lirə, ikinci uşağa 400 lirə, üçüncü və sonrakılara 600 lirə birdəfəlik yardım edilir. Qız uşaqlarına 18 yaşına qədər 55 lirə, oğlanlara 50 lirə verilir. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət tərəfindən 36 ay müddətində 714 dollar məbləğində müavinət ödənilir. Belarusda birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir. Avstriyada ilk doğulan körpənin 10 yaşına çatana qədər ailəsi 130 avro, 19 yaşına qədər 153 avro alır. Dünyaya gələn ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət verilir. Fransada hətta uşaq dünyaya gəlməmiş anası birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu məbləğ 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Böyük Britaniyada uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır. İsveçdə hər uşaq üçün 18 yaşına qədər 185 dollar müavinət ödənilir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinətlər də verilir. Finlandiyada hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir. Hindistan kimi əhalisi çox olan ölkədə uşaq doğumunu stimullaşdırmaq aktual olmasa da, hökumət azuqə çatışmazlığını nəzərə alıb hamilələr və südəmər körpələri olan qadınlara aylıq 99 dollar müavinət ayırmaq, eyni zamanda 14 yaşa qədər uşaqları büdcə hesabına isti yeməklə təmin etmək barədə qərar verib. 
Azərbaycanda isə doğuşa görə birdəfəlik müavinət 109 AZN-dir. Aylıq uşaq pulu isə ümumiyyətlə, ləğv edilib. Qeyd edək ki, deputatların bəzisi uşaq pulunun yenidən bərpasını dəstəkləyir. Hətta bununla bağlı məsələ parlamentdə də müzakirəyə çıxarılıb. 
Milli Məclisin Sosial-siyasət komitəsinin üzvü Hadı Rəcəbli isə 3 yaşına qədər uşaqlara sosial müavinətin verilməsini təklif edib. 
Alçina Amilqızı 
Cebhe.info

Facebook'da Paylaş                                                                           Tarix: 8-11-2018, 17:59   Oxunub: 63