“DEMƏMİŞƏM Kİ, 143 MANAT NORMALDIR…” – Hadı Rəcəblidən yeni təklif (Yenilənib)


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sosial şəbəkələr və mətbuatda barəsində yayılan məlumatlara münasibət bildirib.

O, “Report”a açıqlamasında deyib ki, parlamentin noyabrın 27-də keçirilən plenar iclasında 2019-cu il üçün yaşayış minimumu ilə bağlı söylədiyi fikirlər təhrif edilib.
H.Rəcəblinin sözlərinə görə, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib: “Bu da 2018-cil illə müqayisədə 13 manat artıqdır. Bu artım 17 min insanın ünvanlı dövlət sosial yardıma cəlb edilməsinə kömək edəcək. Mən demişəm ki, nəzərdə tutulan məbləğin 13 manat artması yaxşıdır. Deməmişəm ki, 143 manat normal rəqəmdir… Yazılarda rəqəmləri səhv veriblər. Yaşayış minimumu 143 manat həddində müəyyən edilməyib axı, 180 manatdır. Bir daha qeyd edirəm, 143 manat olması nəzərdə tutulan ehtiyac meyarıdır. Mən, hətta yaşayış minimumunun artırılmasını da təklif etmişəm”.
“Biz ehtiyac meyarının ləğv olunmasını istəyirik. Çünki ehtiyac meyarı yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Bu, göstərici deyil. Bu təklifimi parlamentin sədri Oqtay Əsədov da bəyənib” – deyə, deputat bildirib.
H.Rəcəbli qeyd edib ki, bir neçə dəfə ölkədə minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasını təklif edib: “Təkliflərim həyata keçərsə, inqilabi dəyişikliklər olar”.
***
hadi-recebli-2Milli Məclisin dünənki iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələri müzakirəyə çıxarılıb.Virtualaz.org-un məlumatına görə, qanun layihələri haqqında deputatlara parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
H.Rəcəbli bildirib ki, yaşayış minimumu həm də ünvanlı sosial yardımın müəyyən edilməsi üçün əsas təşkil edir: “Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq”.
Spiker Oqtay Əsədov isə bu qanun layihəsinə gələn il yenidən baxılmasını təklif edib: “Hörmətli Samir müəllim, ehtiyac meyarına gələn il baxmaq lazımdır. Həm də “Yaşayış Minimumu haqqında qanuna” da baxılmalıdır. Hər il bu məsələni müzakirə edirik, gələn il artıq baxmaq lazımdır”.
Maraqlıdır, 143 manatı normal rəqəm hesab edən Hadı Rəcəbli özü bir ayda nə qədər xərcləyir? Və ya 143 manat onun çox yox, bir günlük xərclərini qarşılayırmı? 

Facebook'da Paylaş                                                                           Tarix: 30-11-2018, 09:42   Oxunub: 22