“Hafka” rəsmi arayış aldı: bir qəpik də borcu yoxmuş...


“Hafka” kimi tanınan keçmiş oliqarx Hafiz Məmmədov “Azərbaycan Kredit Bürosu” MMC-dən bütün şirkətləri üzrə Azərbaycan Beynəlxalq Bankına heç bir ödənilməmiş kreditlərinin olmadığını təsdiq edən rəsmi arayış alıb. “Hafka” bu arayışın surətini virtualaz.org-a təqdim edib.

Hansı ki, biznesmenin bütün aktivləri həbs altındadır və ona qarşı cəmi 772 milyon manatlıq kredit borcları üzrə məhkəmə iddiaları qaldırılıb. Bəs bu absurd situasiya necə yaranıb? Necə olur ki, rəsmi dövlət qurumu olan “Azərbaycan Kredit Bürosu” MMC “Hafka”nın borcunun olmadığını təsdiq edir, amma Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərini təhvil alan “Aqrarkredit” ASC ondan az qala 1 milyard manata yaxın pul tələb edir?
“Azərbaycan Kredit Bürosu” MMC yeni yaradılmış strukturdur və orada bütün yerli bankların müştərilərinin aldığı, vaxtında qaytarılan və qaytarılmayan kreditlər üzrə hesabat cəmləşib.
Bundan əvvəl “Hafka” sənədlərlə sübut edə bilmişdi ki, onun adına yazılan 112 milyon dollar və 3 milyon avro krediti əslində Cahangir Hacıyevə bağlı olan “Henney” adlı şirkət götürüb. Amma belə görünür ki, “Hafka”nın bu dəlillərinə məhəl qoymaq istəmirlər.

Yaxud “Azerycard” MMC ilə bağlı fırıldaq. Bu şirkət birbaşa Beynəlxalq Banka tabe olub. Biznesmen bu şirkətdən 47 milyon dollar borc götürdüyün inkar etmir. Amma o borcun hamısını qaytarıb, üstəlik məbləğin cəmi 20 milyon dollarını xərcləyəndən sonra. Buna baxmayaraq Hafiz Məmmədovun borcunu ödənilməmiş kredit kimi rəsmiləşdiriblər və ondan hələ də 47 milyon dollar tələb edirlər.
Belə çıxır ki, bank öz sənədlərində kreditlərin verildiyini və ödənildiyini fiksə edir, amma məhkəmə iddialarında göstərilir ki, kredit ödənilməyib. Vaxtı keçib və üstəlik əsas borca faizlər də hesablanmalıdır. Bunu təkcə “Hafka” yox, vaxtilə Cahangir Hacıyevin dövründə Beynəlxalq Bankın müxtəlif instansiyalara təqdim etdiyi sənədlər, ondan sonra isə Elmar Məmmədovun dövründə təqdim edilmiş sənədlər də deyir.

Bank və maliyyə bazarları üzrə ekspert Əkrəm Həsənov deyir ki, indiki halda bankın məhkəmə iddiasında əks olunanların hamısının həqiqət olduğunu demək mümkün deyil. Çünki bank iddia qaldırarkən öz maraqlarınan çıxış edir. “Azərbaycan Kredit Bürosu” ASC isə neytral strukturdur tərəflərdən heç birinin maraqlarını müdafiə etmir, deməli bu strukturun arayışı məhkəmə iddialarından üstün olmalıdır.
Əkrəm Həsənov
“Azərbaycan Kredit Bürosu” ASC maliyyə bazarlarında hökm sürən qarmaqarışıqlığa son qoymaq üçün yaradılıb. Büro potensial müştərinin nə dərəcədə etibarlı olduğu barədə banklara arayışlar verməlidir. Eyni zamanda bu struktur müştərilərin özlərinə də banklarla bağlı analoji məlumatlar verə bilər.
Bəs “Hafka” bu vəziyyətlə bağlı nə deyir? Müflis biznesmen bildirir ki, vaxtilə keçmiş biznes tərəfdaşları və bəzi oliqarxlar onun səmimiliyindən istifadə edib tora saldılar. “Mənim bəzi yaxın tərəfdaşlarım və inandığım əməkdaşlarım əsl mütəşəkkil cinayətkar qruplaşma yaradıblar, onlar mənim qazandığım milyonlarla dolları talayıblar və xaricə çıxarıblar”-o deyir.

Biznesmen onun keçmiş yaxın tərəfdaşlarının-eks nəqliyyat naziri Ziya Məmmədovun, Cahangir Hacıyevin, Eldar Mahmudovun indiki aqibətlərini xatırladır. Deyir ki, onlar cəzalarını alıblar, amma qoyduqları fundament möhkəmdir və qurduqları fırıldaq sxemləri hələ də məhkəmələrdə həqiqət kimi qəbul olunur. Nəticədə “Hafka” borc bataqlığına salınıb və bu bataqlıqdan onun yaxın vaxtlarda çıxması real görünmür.

Facebook'da Paylaş                                                                           Tarix: 30-11-2018, 10:13   Oxunub: 25