Qarabağ müzakirəsi: “Təkliflər paket halında tərtib olunub”



Ermənilərin maraqlarını qoruyan Lavrov balansın itməyindən qorxduğunu deyib
Azərbaycan səfərinin ardınca Ermənistana yollanan Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 21-i Yerevanda həmkarı Edvard Nalbandyanla bir araya gəlib. Görüşdən sonra keçirilən birgə brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunan Sergey Lavrov deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh təklifləri masa üzərinə bir tam şəklində qoyulub: “Təkliflər paket halında tərtib olunub, onların birini və ya ikisini razılaşmaya əsas kimi ayrıca təqdim etmək mümkün deyil, çünki bu halda digər komponentlər qıraqda qalır, balans itir və nəticə əldə etmək mümkün olmur”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən sürətlənən hərbi təcavüzdə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal edilib. 1994-cü ildən bəri sülh danışıqları nəticə vermir.
Novator.az xatırladır ki, Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.

Facebook'ta Paylaş                                                                                Oxunub: 94