Türkiyənin müharibə TƏHDİDİ: Suriyadan sonra ikinci ölkə...


     "Əgər Bağdad terrorizm problemini həll etməsə, Türkiyə üç şəhərdə hərbi əməliyyatlara başlaya bilər".  
Türkiyə  prezidenti  Rəcəb Tayyib Ərdoğan “CNN Türk”ə müsahibəsində  belə deyib. Prezident qeyd edib ki, Silahlı Qüvvələr Şimali İraqdakı  Sincar, Qəndil və Mahmur bölgələrini vura bilər.  Dövlət başçısı bildirib ki,  mərkəzi  Bağdad  hökuməti terrorçuların fəaliyyətinin qarşının alınması istiqamətində konkret addımlar atmasa, o zaman Türkiyə Silahlı Qüvvələri icazə almadan PKK-nın Qəndil dağında  və Sincar bölgəsində yerləşən mövqelərinə zərbə endirəcək. Rəcəb Tayyib  Ərdoğan terrorçuların son vaxtlar Mahmur bölgəsində cəmləşməsindən  narahatlığını bildirib.  Türkiyə prezidenti Mahmurda terrorçular yetişdirildiyini  və məsələni BMT-nin baş katibi  Anttonio Quterreş ilə müzakirə etdiyini  deyib. 
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar  İraqın Qəndil, Zap, Hakurk  bölgələrində PKK-nın mövqelərini  bombalayıb. 
Orta  Doğu Araşdımalar  Mərkəzinin rəhbəri   Sədrəddin  Soltan  hesab edir ki, Türkiyə Şimali İraqda hərbi əməliyyatlar aparsa da,  Suriyadan fərqli olaraq bu əraziləri  nəzarətdə saxlaya bilməz. Ekspert Cebhe.info-ya açıqlamasında bildirib ki, bu da Suriya və İraqda siyasi şəraitin fərqli olması ilə bağlıdır:
“Suriyada hakimiyyət yoxdur. Yaxud  Bəşər  Əsəd rejimi ölkəyə tamamilə nəzarət edə bilmir. Ona görə də  Türkiyə öz sərhədlərinin təhlükəsizliyini terrorçulardan qorumaq üçün “Fərat qalxanı” və “Zeytun budağı”  əməliyyatlarını keçirməli oldu.  Növbəti əməliyyat isə Menbicdə keçiriləcək. ABŞ-la Türkiyə arasında əldə edilmiş razılaşmaya əsasən,  YPG terrorçuları ərazini altı  ay müddətində tərk edəcək.  Amma İraqda vəziyyət fərqlidir. İraqda  seçki yolu ilə formalaşmış, legitim  hökumət var.  Suriyadakı hökuməti dünyanın  64 dövləti, o cümlədən Türkiyə, ABŞ tanımır.  İraqda baş nazir Heydər əl-İbadinin başçılıq etdiyi  hökuməti  Türkiyə və bütün dünya tanıyır. Türkiyənin  Qəndildə hərbi əməliyyat aparması İraq hökuməti ilə razılaşdırılıb. Ona görə də Türkiyə həmin ərazilərdə anti-terror əməliyyatlarını daha arxayın şəkildə keçirə bilir”.
Ekspert bildirdi ki, İraqda  yeni koalision hökumətin qurulması çox güman ki, Türkiyənin anti-terror  əməliyyatları keçirməsinə mane olmayacaq: 
“Seçkilərin qalibi Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Əs-Saurin” koalisiyasıdır. Müqtəda əs-Sədr özü də dəfələrlə həm Türkiyəni, həm də ABŞ-ı silahlı qüvvələrini ölkə ərazisindən çıxartmağa çağırıb.  Amma  məsələ burasındadır ki, terror düşərgəsi həm də İraqın ərazi bütövlüyünü təhdid edir.  Bunu İraqdakı mərkəzi hökumət başa düşəcək.  Artıq bu istiqamətdə addımlar  da atılıb. Çünki PKK Şimali İraq Muxtariyyətinin vuran əli rolunu oynayır.  PKK İraqda fəaliyyət göstərdikcə, kürd muxtariyyatına dəstək verəcək və onu siyasi dialoq meydanında gücləndirəcək. Ona görə də PKK-nın zərərsizləşdirilməsi  həm də perspektivdə İraqın ərazi bütövlüyü və suverenliyinin, dövlət təhlükəsizliyinin qorunmasına  xidmət edir.  Hesab edirəm ki, yenə də koalision hökumətə əl-İbadi başçılıq edəcək və Türkiyə ilə əvvəllər əldə edilmiş razılaşmalar davamlı olacaq. Çünki əs-Sədr seçkilərdə iştirak etmədiyi üçün  hökuməti qura bilməz.  Yeni koalisiya da qonşu  dövlətlər və Qərb ölkələri ilə birgə anti-terror  fəaliyyətini dəstəkləyəcək. Əks halda,  İraq ərazisində istənilən terror qrupunun qalması təhlükəsizlik üçün problem yaradacaq .  Əgər terror ocaqları tamamilə söndürülsə, Türkiyə İraq ərazisini tərk edəcək.  Türkiyə hərbçilərinin və ya hərbi bazasının İraq ərazisində qalması isə iki ölkə arasında gələcəkdə əldə olunmuş razılaşmada ola bilər. İraq ərazisində terrorçular qaldıqca, Türkiyə hərbi əməliyyatları davam etdirəcək”.
Sədrəddin Soltan qeyd edib ki, Türkiyə prezidentinin PKK-nın əsas mərkəzlərindən biri kimi Mahmur bölgəsini xüsusi vurğulaması təsadüfi deyil.  Qəndildən və Sincardan çəkilən  PKK-çılar bir müddətdir Mahmura toplaşır.  Buna baxmayaraq, Türkiyə prezidenti Mahmur bölgəsindəki terrorçuların da hədəfə alınacağını deyib. 
Müşfiq Abdulla 
Cebhe.info

Facebook'da Paylaş                                                                           Tarix: 9-06-2018, 13:08   Oxunub: 183