Trampla Kim arasında tarixi görüş 48 dəqiqə çəkdi: yekun sənəddə nələr var?




Donald Tramp və Kim Çen İnin imzaladığı yekun sənədin mətni açıqlanıb.
Mətnin şəklini ABC-nin müxbiri Konor Finneqan paylaşıb.
İki ölkə liderlərinin Birgə Bəyannaməsində tərəflərin dərin və səmimi fikir mübadiləsi apardığı bildirilir. Sənəddə rəsmi Pxenyanın nüvəsizləşdirilməyə sadiq qaldığı bir daha vurğulanır.
Bundan əlavə, mətndə tərəflərin gələcək addımlarını əks etdirən daha dörd bənd var. Birinci bənddə hər iki ölkənin yeni əlaqələrin qurulmasına sadiq olduğu göstərilir.
"Birləşmiş Ştatlar və KXDR Koreya yarımadasında sülhün bərqarar olması üçün səylərini birləşdirəcək",- ikinci bənddə deyilir.
Üçüncü və dördüncü bəndlərdə isə nüvəsizləşdirmə və Şimali Koreya ərazisində amerikalı əsgərlərin meyitlərinin axtarışı barədə fikir yer alır.

*   *   *10:19
Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub.
Virtualaz.org-un məlumatına görə, danışıqlar Sentosa adasındakı “Kapella” hotelində keçirilib.
D.Tramp və Kim Çen In bir-birilərinin əlini sıxıblar. ABŞ prezidenti qarşıdakı görüşün uğurlu olacağına əmin olduğunu bildirib. Kim Çen In isə qeyd edib ki, tarixi görüşün gerçəkləşməsi üçün hər iki ölkə bir çox çətinliklərin öhdəsindən gəlib. Görüş 48 dəqiqəyə yaxın davam edib.

Təkbətək görüşdən sonra liderlərin geniş tərkibli görüşü olub. Söhbət zamanı tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər.
Bundan sonra ölkə rəhbərləri nümayəndə heyətləri ilə birgə işçi naharda iştirak ediblər.
Daha sonra keçirilən görüşlərin yekunlarına dair sənəd imzalanıb.


D. Tramp imzalanmadan sonra bildirib ki, bu, hərtərəfli əməkdaşlığa dair sənəddir: "Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətli addımlayırıq. Dünya və Şimali Koreya arasında münasibətlər bu sənədin imzalanmasından sonra tam dəyişəcək. Biz dünya üçün çox böyük və çox təhlükəli problemin həllinə çalışacağıq”.
Şimali Koreya liderini Ağ Evə dəvət edən Tramp bu gün Sinqapurda baş verənlərdən qürur duyduqlarını dilə gətirib. O, Kim Çen Inla bundan sonra da görüşlər keçirəcəyini bildirib.







*   *   *00:35
Çərşənbə axşamı Sinqapurda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında təkbətək görüş Bakı vaxtı ilə 05:15-də başlayacaq və 45 dəqiqə davam edəcək.
Bu barədə Amerika liderinin Ağ Ev tərəfindən dərc olunan gündəlik cədvəlində qeyd olunub.
Ardınca bir saat yarım ərzində geniş tərkibdə danışıqlar aparılacaq. Bu görüş Bakı vaxtı ilə 07:00-da bitəcək. Daha sonra ABŞ və Şimali Koreya liderləri işgüzar nahar edəcəklər.
Üç saatdan sonra, yəni Bakı vaxtı ilə 12.00-da Amerika lideri həmkarı ilə aparılacaq danışıqların yekunlarına dair mətbuat konfransı keçirəcək.
Tramp jurnalistlərlə görüşdən sonra hava limanına yollanacaq.

Facebook'da Paylaş                                                                           Tarix: 12-06-2018, 13:37   Oxunub: 113