Jirinovski: "Türkiyə Krımı tanısın, biz də..."



Jirinovski: "Türkiyə Krımı tanısın, biz də..."
Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski Türkiyə hökumətinin yeni sistemə keçidindən danışıb.
Publika.az xəbər verir ki, lider Türkiyənin parlament idarəçiliyindən prezident idarəetmə sisteminə keçidinin ölkənin siyasi həyatına müsbət baxımdan təsir edəcəyini bildirib.
Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün Türkiyəyə səfər edən Jirinovski partiyasının Rusiyanın cənubunda yerləşən ölkələrə böyük önəm verdiyini deyib: “Burada ilk sırada, əlbəttə, Türkiyə var. Daha sonra İran, İraq, Suriya, Əfqanıstan gəlir. Bütün iqtidarı prezidentin əlində toplayan konstitusiya dəyişikliyini Türkiyə üçün müsbət qiymətləndiririk. Bütün problemlərin sürətli bir şəkildə həll olunacağını ümid edirik. Ərdoğan gərəkli gördüyü hər şeyi həyata keçirmək üçün möhtəşən bir imkana sahibdir. Ərdoğanın yeni sistemində Rusiya və Türkiyə arasındakı münasibətlərin ticarət, mədəniyyət, idman və gənc kadr sahələri də daxil, sürətli şəkildə inkişaf etməsini istəyirik”.
Jirinovski bildirib ki, Rusiya Türkiyəni hər cür hücuma qarşı qoruyacaq və Ərdoğan Türkiyədə “Narıncı inqilab”ın baş verməsinə icazə verməyəcək.
Jirinovski qeyd edib ki, Türkiyə və Rusiya Krımın Rusiyaya birləşdirilməsi və Şimali Kipr Türk Respublikasının tanınması kimi məsələlərdə razlıq əldə etmək iqtidarındadır: “Bizdə Krım məsələsi birdəfəlik həllini tapıb. Səhv 1991-ci ildə Yeltsinin bu məsələni açıq saxlamasında idi. Kipr məsələsi isə artıq 44 ildir müzakirə olunur. Mən “qara polkovniklərin” (1974-cü ildə Yunanıstanı idarə edən hərbi xunta) etdiyi çevrilişi xatırlayıram. Biz kompromis tərəfdarıyıq: Türkiyə Krımı tanıyır, biz də öz üzərimizə düşəni edirik”.
Zümrüd


Facebook'da Paylaş                                                                           Tarix: 9-07-2018, 21:25   Oxunub: 714