Masallıda qadın, oğlu və qardaşı oğlu göldə batıb - TƏFƏRRÜAT





Masallı rayonunda baş verən faciənin bəzi təfərrüatları məlum olub.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə axşam saat 15 radələrində baş verib.
Bakıdan doğulduğu Miyənkü kəndinə istirahətə gedən 37 yaşlı Kərimova Vüsalə Sabir qızı 11 yaşlı oğlu Kərimov Elmar İlqar oğlu və 9 yaşlı qardaşı oğlu Zamanov Hüseyn Şəmkir oğlu ilə birlikdə kəndin kənarında moruq dərməyə gedib. Başı moruq yığmağa qarışan ana uşaqları nəzarətsiz qoyub.
Gölə girən uşaqlar batmağa başlayanda qadının kənarda oturan qızı anasına xəbər verib. Uşaqları xilas etmək üçün özünü gölə atan ana da suda batıb. Azyaşlı qız kəndə qaçaraq köməyə adam çağırıb. Lakin bir saat sonra hadisə yerinə gələnlər boğulanlara heç bir kömək edə bilməyiblər. Göldə axtarış aparan FHN-in dalğıcları batmış meyitləri iki saatdan sonra sudan çıxarıblar.
****
20:40
Masallı rayonunda üç nəfər göldə boğulub.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.
Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Onlar 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, onun oğlu, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmkir oğludur.
Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Facebook'da Paylaş                                                                           Tarix: 10-07-2018, 21:26   Oxunub: 111