Xəzər dənizi böyük fəlakətlə üz-üzə - "Məhv ola bilər..."


Xəzər dənizi böyük fəlakətlə üz-üzə




Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin buz rejimi son on illiklər ərzində dəyişib.
Metbuat.az bildirir ki, bir qrup mütəxəssisin bununla bağlı apardığı tədqiqatların nəticəsi Mərkəzi Asiya Su Tədqiqatları jurnalında dərc edilib.
Məqalədə qeyd olunur ki, 1950-60-cı illərdə qeydə alınmış sərt qış mövsümlərini son on illiklərdə daha mülayim qış əvəz edib: “1990-cı ildən başlayaraq, soyuq dövrdə temperaturun 1,1-1,3 dərəcə artması Xəzər dənizinin buz rejiminə mənfi təsir göstərib”.
Müəlliflər qeyd edir ki, ötən əsrin ortalarından başlayaraq bu günədək temperaturun artımı tendensiyasını müşahidə etmək olar: “1980-2016-cı illər arasında buz qatının qalınlığının təhlili buzun qalınlığının azalma tendensiyasını göstərir”.
Müəlliflərin fikrincə, iqlim dəyişikliyinin dənizdəki buz qatına təsiri daha çox olacaq və bu amilin tədqiq olunması davam etməlidir: “İqlim istiləşdikcə buzda çatlar və parçalanmalar daha da çoxalır. İri buz parçalarının olmaması Xəzərdə yaşayan canlıların – məsələn, Xəzər suitilərinin yaşayış bölgəsini məhv edə bilər”. // Trend

Facebook'ta Paylaş                                                                                Oxunub: 12