Azərbaycan və dünyada kritik 15 gün: Bu zamana diqqət edin


     İlin əvvəlində xəbər verdiyimiz kimi bu il astronomik tutulmalar maksimum - 5 saydadır. Artıq onlardan ikisini ((31 yanvar və 16 fevral) ötürmüşük. İyul ərzində isə ardıcıl iki tutulma baş verəcək. Onlardan biri iyulun 13-nə təsadüf edən (Bakı vaxtilə saat 07:42) adi güntutulması, digəri isə 28 iyulda (Bakı vaxtilə saat 00:21-də) baş tutacaq tam Ay tutulmasıdır. 
Hələ qədim dövrlərdən yarımaylıq müddətdə baş verən iki tutulma arasındakı zaman kəsimini Yer və insanlar üçün daha çox neqativ dövr adlandırıblar. Xronoloji statistika da əksər hallarda bu fikri təsdiqləyir. 
Elə isə gəlin görək, ziddiyyətli Xərçəng (Ay) və Şir (Günəş) bürclərinin “hakimiyyəti” dövrünə düşən bu astronomik olaylar insanlarda, hadisələrdə hansı izləri buraxa bilər?
Öncə bildirim ki, 13 iyulda baş verəcək güntutulması daha çox Sakit və Hind okeanları ərazisində müşahidə ediləcək. Prosesi müəyyən qədər Cənubi Avstraliya və Şimali Antarktidadan da izləmək mümkün olacaq (Azərbaycanda hiss olunmayacaq – S.R.).  Həmin müddətdə Ay Xərçəng bürcündə olacaq. Astroloji təcrübə göstərir ki, belə məqamlarda insanlarda valideynlik instinkti baş qaldırır, hamı öz övladı haqqında daha çox düşünür və onun qayğısını çəkir. İnsanlar bir-birinin şəfqətinə ehtiyac duyur, bədgümanlıq hissi kəskinləşir. Bu dövrdə emosiyalar intensivləşir və rasionalizm zəifləyir. Başqalarının və özünüzün emosional təsirlərə məruz qalmaması üçün üzərinizdə nəzarəti gücləndirin. Bu dövrdə öz aktuallığını tez itirən işlər görmək və ümumiyyətlə, alqı-satqı ilə, ticarətlə məşğul olmaq çox uğurludur. Eləcə də ailə-mənzil qayğıları ilə məşğul olmaq, məhkəmə proseslərinə başlamaq, dəniz və ya çayda səyahətə çıxmaq məsləhətdir. Bu dövrdə uzun sürən işlərə başlamaq, təzə evə köçmək tövsiyə olunmur. Borca pul götürmək də məsləhət deyil.
Ay Xərçəng bürcündə olanda mədənin həssaslığı artır və buna görə də qida məmulatlarından zəhərlənmələr intensivləşir. Bir çoxlarında mədədə xoşagəlməz hislər - ağırlıq, ağrılar və qıcqırma yaranır. Bu günlərdə spirtli içkilərdən uzaq olmaq, imkan daxilində kimyəvi tərkibli dərman preparatlarından istifadəni ixtisara salmaq lazımdır. Belə dövrlərdə acı, yaxud ağır qidalardan istifadə etmək olmaz, daha çox mineral su içmək lazımdır. Bu günlərdə mədəni cərrahiyyə əməliyyatından çəkindirmək lazımdır. Ayın Xərçəng bürcündə olduğu günlərdə diş müalicəsi təyin etmək olar, belə müalicə adi günlərdən daha ağrısız olar. Orqanizmin yığılmış şlak və daşlardan təmizlənməsi məqsədiylə aparılan tibbi prosedurlar üçün uğurludur.
İyulun 28-də gözlədiyimiz tam tutulma əsasən Şərqi Afrikada, Mərkəzi və Cənubi Asiyada, Şərqi Avropada (həmçinin Azərbaycanda), eləcə də Antarktidada özünü göstərəcək. Cənubi Amerika, Qərbi Afrika və Avropada  isə tutulmanı çox zəif formada müşahidə etmək mümkün olacaq.
Həmin gün isə Ay Sutökən (Dolça) bürcündə qərar tutacaq. Belə məqamlarda insanlar ifrat dərəcədə nikbin və ya bədbin olur, reallıqdan çox uzaqlaşırlar. Karyerada və işgüzar fəaliyyətdə ciddi yanlışlıqlar baş verə bilər. Buna görə də yanlış fikirlərə yox, yalnız real faktlara əsaslanmaq lazımdır. Əsasən dostluq münasibətlərinə çox yer ayırın. İctimai işlər və novatorluq fəaliyyəti üçün çox əlverişli məqamdır. İntellektual və mənəvi fəaliyyət öz səmərəsini verir. Bu dövrdə texnika ilə məşğul olmaq və metal ticarətində çalışmaq çox uğurludur. Həmçinin yeni mənzil almaq və yeni mənzilə köçmək üçün münasib vaxtdır. Bu müddətdə rəhbərliklə ünsiyyətdə olmaq məsləhət deyil. Elektriklə, qazla və zəhərli kimyəvi maddələrlə davranarkən çox ehtiyatlı olun.
Tibbi astrologiyaya görə, Ay Sutökən bürcündə olanda ayaqların, vegetativ əsəb sistemlərinin və hissiyyat orqanlarının həssaslığı artır. Bir çox şəxslər müşahidə edirlər ki, belə günlərdə adi günlərdəkindən piyada gəzmək daha çətin olur. Bu vaxt əsas yük xidməti işləriylə əlaqədar ayaq üstə qalanların -  satıcıların, dirijorların, rəqqasların, yüngül atletlərin üzərinə düşür. Belə günlərdə bir çoxları həmişəkindən daha kəskin reaksiya verirlər. Buna görə də özünü və yaxınlarını sakit, komfortlu istirahətlə təmin etmək vacibdir. Ay Sutökən bürcündə olanda vena və hissiyyat orqanlarında cərrahiyyə əməliyyatından qaçmaq yaxşı olardı. Lakin ürək əməliyyatı üçün münasibdir. Çünki Ay bu bürcdə olanda belə əməliyyatlar daha uğurlu olur, bu zaman ürək güclü olur və artıq gərginliyin öhdəsindən yaxşı gəlir.
Veda astrologiyasında tutulma zamanı insanlara aşağıdakılar tövsiyə olunur:
- tutulmaya tamaşa etməyin;
- tutulma saatlarında qapalı şəraitdə olun;
- uzaq səfərə və ya səyahətə çıxmayın;
- tutulmadan 3 saat əvvəl və sonra qida qəbul etməyin;
- sükan arxasında oturmayın, yaxud çox ehtiyatlı olun;
- maliyyə əməliyyatlarından qaçın;
- kütlə ilə hər hansı əlaqə yaratmayın;
- zikr edin, ruhani aləmə qapılın, ya da heç olmasa, dincəlin;
- pis vərdişlərdən qurtulun, çünki tutulma zamanı orqanizm buna daha tez gedir (məsələn, siqareti tərgitmək istiqamətində və s.)

Yeri gəlmişkən, avqustun 11-də (Bakı vaxtilə saat 14:47-də) ilin sonuncu astronomik hadisəsi – adi güntutulması da baş verəcək. Bu barədə də növbəti məqalədə daha  ətraflı  məlumat verəcəyik...
Səbuhi Rəhimli

cebhe.info

Facebook'da Paylaş                                                                           Tarix: 10-07-2018, 12:29   Oxunub: 208