TƏHSİL NAZİRLİYİNƏ "BOMBA DÜŞÜB"



TƏHSİL NAZİRLİYİNƏ "BOMBA DÜŞÜB"


Sadəcə, “bomba” kimyəvi olduğundan bina xəsarət almayıb, yalnız canlılar “məhv olub”
Son günlər mətbuatda ən çox müzakirə olunan mövzulardan biri “İstək” liseylər şəbəkəsinin fəaliyyətinin dayandırılmasıdır. Etibarlı mənbədən aldığımız məlumata görə, “İstə”yin ardınca “Akademik Zərifə Əliyeva adına lisey” də bağlanıb. Amma hansısa səbəbdən bu məsələ hələ ki, gizlin saxlanılır.
Картинки по запросу istek liseyi
Məlumatı dəqiqləşdirmək və hər iki liseyin taleyi ilə bağlı Təhsil Nazirliyinin rəsmi münasibətini öyrənmək istədik. Amma nazirlik bütün zənglərimizə ölü sükutla “cavab verdi”. Bu səbəbdən belə qənaətə gəldik ki, deyəsən Təhsil Nazirliyinə “bomba düşüb”, amma “bomba” kimyəvi olduğundan bina xəsarət almayıb, yalnız canlılar “məhv olub”. Özü də partlayışdan ən çox zərər çəkən mətbuat xidmətidir, işçilərin hamısı pərən-pərən düşüb...
Elə buna görə də dəfələrlə arayıb-axtarsaq da, heç kəslə əlaqə yarada bilmədik.

...Və gec də olsa Nazirliyin mətbuat xidmətinin xanım əməkdaşı Billurə Hacızadə zəngimizə cavab verdi. Ancaq suallarımızı cavablandırmaqdan qəti surətdə imtina etdi və nazirliyin e-mail ünvanına məktub yollamağımızı məsləhət gördü.
Belə də etdik. Nazirliyin rəsmi səhifəsində qeyd edilən qaynar-xett@edu.gov.az poçtuna rəsmi məktub ünvanladıq, amma məktub sahibinə çatmadı, bildiriş gəldi ki, belə bir ünvan mövcud deyil.

Yenə də ümidimizi itirmədik. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla (070-733-00-99, 050-332-03-48), Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla (050-312-69-87) telefon bağlantısı qurmağa cəhd etdik. Lakin bu dəfə də bütün cəhdlərimiz boşa çıxdı. Qəribəsi isə odur ki, hər dəfə xəttin o biri başından “bağışlayın, bu nömrə təyin olunmayıb”,- sözlərini eşitdik.

Nazirliyin digər sektorlarında da zənglərimizə cavab verən tapılmadı. Odur ki, sözümüzü buradan deməyə məcbur olduq.
Ümid edirik ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “kimyəvi bomba”nın iflic etdiyi “canlı meyitləri” binadan çıxarandan sonra, nazirliyin mətbuat xidmətinə zənglərimizə cavab vermək üçün heç olmasa bir görəvli təyin olunacaq.
Ona da ümid edirik ki, bu yazımız həmkarlarımızın xətrinə dəyməyəcək. Çünki sağlam tənqid həyatın güzgüsüdür. Tənqiddən incimək yox, nəticə çıxarmaq lazımdır. İnanırıq ki, belə də olacaq və bundan sonra nazirlik rəsmilərini arayanda onları yerində və zamanında tapa biləcəyik.
Banu OĞUZ, Hurriyyet.org

Facebook'da Paylaş                                                                           Tarix: 11-07-2018, 14:18   Oxunub: 371