Kreml avtokratı Putin populist və Şaxta baba rolunda- Qərb mətbuatı



Rusiya Federasiyasın;n prezidenti Putinin 13-cü böyük mətbuat konfransı əsasən daxili məsələlər və qarşıdan gələn prezident seçkilərinə hazırlıq üzərində getdi.
Konfransı izləyən Qərb mediası Kremlin sahibinin ən az 6 il demokratik dünyanın başını ağrıdacağı proqnozunu verir.
“Jurnalistlər qarşısında “xalqın xidmətçisi” rolunda təqdim olunan Putinin mətbuat konfransı əsasən daxili siyasətə həsr olunub. Lakin bu Putinin Qərblə münasibətləri yaxşılaşdırmaq yönündə kurs götürəcəyi anlamına gəlməməlidir”,- Almaniyanın Die Welt qəzetindən Pavel Lokşin yazır.
Jurnalist Putin üçün qarşıda duran əsas məsələnin gələcək seçkinin ona dəstək referendumuna çevirməkdən ibarət olduğunu yazır. Bunun üçün Kreml prezident seçkisində ən az 70% vətəndaşın iştirakını təmin etməyə çalışacaq.
Almaniyanın digər qəzeti “Sueddeutsche Zeitung”-un Moskva müxbiri Yulian Hans “Ondan sonra istər sel düşsün” başlıqlı məqaləsində mart seçkilərindən sonra Rusiya prezidentinin daha da güclənəcəyini yazır.
Jurnalist Putini seçkilərə “Vahid Rusiya” partiyasının deyil, müstəqil namizəd kimi qatılacağına diqqət edib: “Bu o deməkdir ki, Kreml təşkilatı hesabdan silib. Partiyanın “rüşvət içində boğulan saray əyanları yığını” reputasiyasını xilas etmək mümkün deyil. Putinin qərarı bunu göstərir, qurduğu sistem isə onun özü ilə birlikdə batacaq”.
Yulian Hansın fikrincə, Putin əvvəl-axır hakimiyyəti kiməsə təhvil verməyi düşünmək məcburiyyətindədir. Lakin Rusiyada hakimiyyətin rahat şəkildə ötürülməsi ilə bağlı normal fəaliyyət göstərən siyasət və dövlət institutları olmadığı üçün bu vəzifə olduqca çətin görünür.
“Hətta Tramp kimi prezidentə rəğmən Birləşmiş Ştatlarda iqtidarın əvəzlənməsi prosesi sabit axarla davam edir. Putindən sonrakı Rusiyadakı vəziyyəti isə düşünmək olduqca çətindir”, - müəllif yekunda bildirir.
“The Christian Science Monitor” qəzetinin yazarı Fred Ueyr də 4 saatlıq mətbuat konfransında əsas məsələnin cavabsız qaldığını düşünür: “Putindən sonra nə olacaq?”
Müəllif Putinin 18 illik hakimiyyəti dövründə varis müəyyənləşdirməyini və bunun üüçn etibarlı mexanizm qura bilmədiyini yazır:
“Rusiya dövlətinin hazırkı modeli bütövlükdə və tamamilə Putinin üzərində qurulub və onsuz yaşaya blməz. Putin təkcə öz istəyinə görə deyil, sistemi əzmədən onu əvəz etmək mümkün olmadığı üçün qalır. Heç kim keçid dövrü-filan da istəmir. Lakin bütün bu illər ərzində hakimiyyətin ötürülmə formulu hələ də tapılmayıb”, - Qlobalizasiya və sosial hərəkatlar institutunun (Moskva) direktoru Boris Kaqarlitski müəllifə bildirib.
“Ortada müxtəlif ideyalar gəzir. Lakin Putinin müstəqil namizəd olaraq seçkiyə qatılacağını bəyan etməsi onun gələcəkdə “Vahid Rusiya”ya söykənməyəcəyi deməkdir. Güman ki, o növbəti prezidentlik müddətində Rusiyada yeni hakimiyyət sisteminin qurulması üzərində işləyəcək”,- Siyasi texnologiyalar mərkəzinin (Moskva) direktor müavini Aleksey Makarkin jurnalistə rəyini söyləyib.
Ali İqtisad Məktəbinin eksperti Nikolay Petrov isə Putinə hətta Qazaxıstan prezidenti Nursultan Nazarbayev kimi ömürlük prezidentlik təklif olunacağı ehtimalını dilə gətirib.
“Frankfurter Rundschau” qəzetinin yazarı Ştefan Şoll “dəhşətli mətbuat-şou” adlandırdığı konfransı Rusiya dövlətinin başçısının çox gözəl idarə etdiyini yazır.
“Hər il dekabrda Rusiyanın jurnalist xalqı öz çarı qarşısında baş əyir. O isə özünü xeyirxah kimi göstərərək, uşaq bağçalarında daha çox yer açacağı, təqaüdçülər üçün vergi güzəştləri təbiq ediləcəyi, səhiyyəyə daha çox pul ayrılacağı barədə bol-bol vədlər verir ”, - məqalədə qeyd olunur.
Kremlə yaxın politoloqlardan Aleksey Muxin isə məqalə müəllifinə Putinin əsl Şaxta baba olduğunu söyləyib. “Putin o qədər əminliklə çıxış etdi ki, artıq başqa namizədlər yersiz görünür”, - Muxin ağasını qəzetdə belə tərifləyib.
ABŞ-ın “The New York Times” qəzeti Putinin 13-cü mətbuat konfransının olduqca yeknəsək və bezdirici olduğunu qeyd edərək onu məşhur “Marmot günü” filminə bənzədib”. (Həmin filmdə Bill Mürreyin baş rolda oynadığı qəhrəman anlaşılmaz səbəbdən hər səhər eyni gündə - 2 fevralda oyanır-red.)
Konfransı izləyən jurnalist Nil Makfarkuar Putinin əsasən siyasi arenadakı nailiyyətlərindən danışarkən ABŞ-ı iynələməyi də unutmadığını yazır. Makfarkuar jurnalistlərin Putinə Rusiyada siyasi rəqabətin, qanunun aliliyinin yox olduğu barədə suallardan ustalıqla yayındığını da qeyd edib. “Bəzən o, müəyyən problemlərin olduğunu etiraf etsə də, günahı mütləq Kremlin divarlarından birinin üstünə yıxmağa çalışır”, - yazıda bildirlir.
Musavat.com

Facebook'da Paylaş                                                                           Tarix: 16-12-2017, 13:31   Oxunub: 128