Dünya yeni nüvə təhlükəsi astanasında...




Rusiya və ABŞ-ın anlaşa bilməməsi dünyanı dəhşətli təhdidlə üz-üzə qoya bilər

Bu gün Rusiya və ABŞ 2010-cu ildə bağlanmış “Strateji hücum silahlarının məhdudlaşdırılması və azaldılması üzrə tədbirlər haqqında” müqavilədə (SSM-3) nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar göstəriciləri bir-birlərinə təqdim etməlidirlər. ABŞ öz tərəfindən bütün şərtlərə əməl edildiyini artıq bəyan edib. Rusiyadan isə müvafiq cavab gözlənilir.
Musavat.com “Kommersant” qəzetinə istinadən xəbər verir ki, SSM-3 sazişinə əsasən fevralın 5-nə qədər ABŞ və Rusiya öz nüvə arsenalını bu rəqəmlərə qədər azaltmalı idilər - 700 qitələrarası ballistik raket və ağır bombardmançı təyyarə; 800 daşınan (yəni hərəkət edən maşınlarda) və daşınmaz (məsələn yeraltı şaxtalarda yerləşdirilən) raket qurğuları, habelə bu qurğulara quraşdırıla bilən 1550 döyüş başlıqlı raketlər...
ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert ölkəsinin 2017-ci ilin avqustunda artıq bu göstəricilərə nail olduğunu bəyan edib. Departamentin açıqladığı məlumatlarda ABŞ-ın 660 daşınar nüvə silah qurğularına malik olduğu göstərilib. Bundan başqa ABŞ-ın əlində 1393 nüvə başlıqlı raket qalıb. Ümumilikdə, yəni daşınar və daşınmaz qurğuların sayı 800-ü ötmür.
Rusiyanın bu ana qədər 501 (ümumilikdə 790) nüvə silahı daşıyıcıya və 1561 raketə malik olduğu bildirilir.  Yəni Rusiya öz arsenalındakı cəmi 11 raketdən vaz keçməlidir.
sazish imza.jpg (419 KB)
Ekspertlərin rəyincə, dünya təhlükəsizliyinin məhək daşlarından sayılan bu müqavilənin gələcək taleyi olduqca qaranlıq görünür. Sazişin müddəti 2021-ci ildə başa çatacaq. Tərəflərdən birinin təşəbbüsü ilə bu müddət daha 5 il artırıla bilər. Fevralın 3-də ABŞ tərəfindən rəsmi olaraq bəyan edilən yeni doktrinada (Nuclear Posture Review) “qarşılıqlı razılığa əsasən müqavilənin daha da uzadıla biləcəyi” deyilir. Lakin hər kəs Trampın sələfi Barak Obama tərəfindən imzalanan bu sazişi qəbul etmədiyini bilir. Tramp bunu 2017-ci il yanvarın 28-də Rusiya prezidenti V. Putinlə olan telefon söhbətində də gizlətməyib. Ağ Ev rəhbəri müqaviləni “birtərəfli” və “bərbad” adlandırıb.
Elə Rusiya tərəfi də sazişin taleyi barədə qarışıq mesajlar verir. Bu il yanvarın 30-da Putin ABŞ və Rusiyanın SSM-3-lə bağlı qərarı dərhal verməli olduqlarını söyləyib. “Müddət artıq başa çatır, indi biz onu uzadacayıq, ya yox”, Rusiya prezidenti ritorik sual verərək topu qarşı tərəfə atıb. Bundan daha öncə yanvarın 11-də isə Kremlin sahibi Rusiyanın Vaşinqtona sazişlə bağlı bir sıra suallarının yarandığını söyləmişdi.
Rusiyanın konkret olaraq nəyi nəzərdə tutduğu dəqiq bilinmir. Lakin Moskvanı deyəsən əsl narahat edən silahların kəmiyyətindən daha çox keyfiyyətinin yaxşılaşdırılması məsələsidir. Geniş maliyyə və texniki imkanlara malik ABŞ-ın bu yöndə atacağı addımlar Kremli indidən qorxudur. Bunu Rusiyanın eksperlərinin sözlərindən də hiss etmək mümkündür.
7fca7805791db458da352fed1010bd4c.jpg (54 KB)
Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının keçmiş qərargah rəisi, general Viktor Yesinin “Kommersant”a dediyinə görə, amerikalılar “Boeing B-52 Stratofortress” tipli ağır strateji bombardmançılarını yenidən modernləşdirirlər. ABŞ hələ ötən əsrin 90-cı illərdə səsdən sürətli “Rockwell B-1 Lancer” tipli strateji bombardmançılarını modernləşdirmiş və həmin vaxt Rusiya buna etiraz edə bilməmişdi. İndi ABŞ B-52-lərdən başqa, “Ohayo” tipli atom sualtı qayıqlardakı (Ohio class SSBN/SSGN) raket şaxtalarının yenilənməsi üçün Rusiyanın razılığına malik olmalıdır.
Ekspertlərin bildirdiyinə görə, saziş hələ ki, hər iki tərəfə sərf edir. Belə ki, bunun sayəsində ABŞ Rusiyanın nüvə arsenalının yerləşmə xəritəsini görür. Rusiya isə əvəzində əsas rəqibinin nüvə silahlarının xeyli sayda azaldılmasına nail olub.
image.jpg (76 KB)
Rusiya Elmlər Akademiyasının dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutu nəzdində Beynəlxalq təhlükəsizlik mərkəzinin rəhbəri, akademik Aleksey Arbatovun ölkə mətbuatına verdiyi rəyə görə, sazişin uzadılmaması dünyada təhlükəli vakkum yarada bilər .
Bununla bərabər Arbatov ABŞ-ın indiki hakimiyyətini bundan çəkinmədiyini söyləyib: “Bu Trampdan nə desən gözləmək olar”.
Mütəxəssisləri əsas narahat edən sazişin uzadılmamasının, nüvə silahları ilə bağlı əsas sazişin, 1968-ci il iyulun 1-də BMT Baş Assambleyası çərçivəsində imzalanan və 170 ölkə tərəfindən tanınan “Nüvə silahının yayılmasının qarşısının alınması” haqqında müqavilənin pozulması təhlükəsini doğuracağıdır. Onsuz da uzun müddətdir ki, ABŞ və Rusiya bir-birlərini bu sazişin müddəalarını pozmaqda ittiham edirlər.
Ekspertlərin fikrincə, sonuncu sazişin qüvvəsini itirməsi sayəsində bəzi dövlətlərin nüvə silahının əldə olunması və ondan istifadə etməsi yolunda heç bir beynəlxalq hüquqi əngəl qalmayacaq.
Musavat.com

Facebook'da Paylaş                                                                           Tarix: 5-02-2018, 14:20   Oxunub: 263