Ağ Evin Qarabağda sülh arzusu: Təklif var, əməl yox

     Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi barədə mövqeyini açıqlayıb.

“Cümhuriyət” qəzeti xəbər verir ki, səfir azərbaycanlı qaçqınlarla görüşündə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində maraqlı olduğunu bildirib. Səfir bildirib ki, ölkəsi münaqişənin həlli istiqamətində fəaliyyətlərini davam etdirir. Sekuta, həmçinin diqqətə çatdırıb ki, o, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların fikirlərini dinləyib.
Qeyd edək ki, fevralın 4-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endryu Şaffer və Birləşmiş Ştatların ölkəmizdəki səfiri Robert Sekuta Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə maraqlanıblar.
Amerikanın münaqişəyə baxışı
1994-cü ildən - Ermənistan və Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasından bu günədək ABŞ-ın münaqişə ilə bağlı açıqladığı mövqe ümumi xarakterdə olub. BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvü kimi Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğal edildiyini qəbul edən ABŞ istər müstəqil dövlət səviyyəsində, istərsə də ATƏT-in Minsk qrupunun üzvü qismində Azərbaycana qarşı təcavüz edildiyini açıq formada dilə gətirməyib. 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatına cavab olaraq Azərbaycan hərbi əməliyyatlara başlayanda da Vaşinqtonun mövqeyi, işğalçının və təxribatçının adını çəkəmədən hər iki tərəfi atəşkəs sazişinin şərtlərinə əməl etməyə çağırmaqdan o tərəfə keçmədi. Sekuta və son olaraq, ABŞ dövlət katibi Reks Tillersonun son açıqlaması da bu münaqişənin Ağ Evin ciddi yanaşdığı regional konfliktlər arasında olmadığını göstərir. Donald Tramp administrasiyasının xarici siyasətinin açıqlanan doktrinasında da Ermənistan - Azərbaycan münaqişəsi yer almır. Görünən budur ki, ABŞ sadəcə protokola uyğun olaraq ara-sıra hansısa səviyyələrdə problemi nəzəri bəyanatlara gündəmə gətirərək missiyasını bitmiş hesab edir.
Vəziyyət mürəkkəbdir, amma Rusiya istəsə....
Münaqişənin dinc yolla həllinə gəlincə, ABŞ, yaxud digər həmsədr dövlət olan Fransanın bu və digər istiqamətdə prosesə təsir etmək imkanları olduqca məhduddur. Belə desək, hər iki həmsədrin həll prosesində heç bir rolu yoxdur. Minsk qrupunun digər üzvü Rusiya isə Fransa və ABŞ-dan fərqli olaraq, prosesdə son sözü deyə biləcək tərəfdir. Rusiya da hazırda problemin nə dinc, nə də hərb yolu ilə həllində maraqlı deyil. İndi daha çox Suriya və Ukraynadakı böhranlara, o cümlədən, mart ayında keçiriləcək prezident seçkilərinə fokuslanan Kreml üçün Dağlıq Qarabağ münaqişəsi günün mövzusu deyil. Aprel döyüşlərini də dayandıranda Rusiya özü haqda o təəssüratı yaratdı ki, münaqişə onun çəkdiyi çərçivədən o tərəfə keçə bilməz. Bu baxımdan, Qarabağ məsələsi ətrafında yaranmış və qarışıq kimi görünən vəziyyəti tənzimləyə biləcək yeganə güc Rusiyadır.

“ABŞ-ın yeni planı var”
Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin həllində əsas vasitəçi dövlətdir. Politoloqun sözlərinə görə ABŞ müəyyən dövrlərdə konfliktin həlli ilə bağlı real təkliflərlə çıxış etsə də sonradan Moskva ilə gizli məsləhətləşmədən sonra geri çəkilməsi təəssüf doğurur: “Hesab edirəm ki, artıq Ağ Ev Kremlin mövqeyinə uyğun yerdə dayanır. Çünki Kremlin mövqeyi Ermənistanın maraqlarına uyğundur. Digər yandan, Minsk qrupu həmsədrlərinin regiona yeni səfəri planlaşdırılır. Bu səfər çərçivəsində amerikalı həmsədr artıq Bakıya gəlib. Amerikalı həmsədrin Bakıya təkbaşına gəlməsi o ehtimalı gücləndirir ki, ABŞ-ın Dağlıq Qarabağla yeni planı var və bunu Azərbaycan hakimiyyəti ilə müzakirə edir”. 
Robert Sekutanın açıqlamasına gəlincə, Məhəmməd Əsədullazadə hesab edir ki, bu, ABŞ-ın ənənəvi diplomatik yanaşmasıdır: “Amma ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirdiyi bir dönəmdə amerikalı həmsədrin Bakı səfəri bir sıra qaranlıq məqamlara işıq sala bilər. Hesab edirəm ki, ABŞ təkbaşına - Rusiyasız prosesə nəzarəti ələ keçirsə, Ermənistana təzyiq edib münaqişəni dinc yolla həll edə bilər. Amma məlumdur ki, münaqişə prosesi Rusiyanın inhisarındadır. 
Əgər Vaşinqton Moskva ilə hesablaşmasa, real həll prosesinə təkan verə bilər. Bu, həm də bölgədə ABŞ-ın mövqeyinin güclənməsinə zəmin yaradacaq. Hesab edirəm ki, Tramp administrasiyası Qarabağ məsələsində Moskvaya əks mövqedə dayansa, bu, vəziyyəti Azərbaycanın lehinə dəyişəcək. Nəzərə alsaq ki, Ermənistan Rusiyanın forpostudur, bu halda ABŞ indiyədək prinsip etibarilə Azərbaycanı dəstəkləməli idi”.
Mənsur Rəğbətoğlu
Cebhe.info

Facebook'da Paylaş                                                                           Tarix: 6-02-2018, 13:55   Oxunub: 226