Azərbaycan bu il: Seçkidən sonra iqtisadi islahat?


     Dünyada neft erası artıq bitmiş sayılır. Neft bazarındakı təlatümlər, kəskin ucuzlaşma xüsusilə, iqtisadiyyatı neftdən asılı olan ölkələrdə qeyri-neft sektorunun inkişafını aktuallaşdırıb. 2015-ci ildən başlayan böhran neftdən asılı ölkələrdə həm də iqtisadi islahatların zəruriliyini göstərdi. Azərbaycan iqtisadiyyatı da böyük ölçüdə neftdən asılı olduğundan bu zərurəti diqqətə almaq vacibdir. Hökumət bu asılılığı aradan qaldırmaq üçün bir sıra proqramlar hazırladı və xüsusilə, kənd təsərrüfatının inkişafını prioritet elan etdi. 
Bu istiqamətdə müəyyən işlər görülsə də, nəticə ürəkaçan olmadı. Hökumət rəsmilərinin bu və ya digər formada verdiyi islahat anonsları da reallaşmadı. Ancaq gözlənilirdi ki, son illər ərzində hökumət ciddi iqtisadi islahatlara gedəcək və bu da iqtisadi canlanmanı artıracaq. Bu gün ölkə iqtisadiyyatının bir çox sektorunda ciddi problemlər var və getdikcə də dərinləşir. Xüsusilə, bank və maliyyə sektorunda yaranan böhran iqtisadi aktivliyin zəifləməsinə zəmin yaradır. Gözlənilən islahatların da məhz bu yöndə aparılacağı gözlənilir.
Məlumdur ki,  aprelin 11-də ölkədə prezident seçkiləri keçiriləcək.  Ehtimal olunur ki, hökumət seçkidən sonra ciddi iqitsadi islahatlara gedəcək. 
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, seçkidən sonra ciddi iqtisadi islahatlar gözləmir: 

“Ölkə iqtisadiyyatında  ötən illə müqayisədə heç nə  dəyişməyib. İslahat adı altında müəyyən şüarlar, iddialar səslənir. Atılan addımlar da mənfi tendensiyalara yol açır.  Görülən işlərdə iqtisadiyyata bəhrə verəcək heç nə yoxdur. Seçkiyə qədər də islahatların aparılması üçün hakimiyyətdə olanlara heç nə mane olmurdu. Seçkidən sonra da böyük ehtimalla bu kurs davam edəcək. Digər tərəfdən, hansı agentliyin nə proqnoz verməsindən asılı olmayaraq, Azərbaycan hökuməti bunların heç birinə inanmır. Bu gün hökumət neftin qiymətinin 30 dollardan 70 dollara qədər bahalaşmasını böyük uğur hesab edir.
Düşünürlər ki, 2 il öncə olduğu kimi, yenə də neft Azərbaycana valyuta gətirməkdə davam edəcək. Çünki 2 il bundan öncə ölkə prezidenti demişdi ki, artıq neft erası bitdi və biz iqtisadi islahatlara başlamalıyıq, neftdən gözümüzü çəkməliyik. Amma 2018-ci il dövlət büdcəsinin tən yarısı neft gəlirlərindən formalaşdırılacaq. Cari ilin dövlət büdcəsi neft və dolayısı ilə neftdən asılı olan gəlirlər hesabına təmin ediləcək. Bu da 2 il əvvəlki strategiyadır. Yəni, Azərbaycan hökuməti geriyə addım atdı. Bu isə onu deməyə əsas verir ki, 11 apreldən sonra da heç nə dəyişməyəcək”.
Vilayət Muxtar
Cebhe.info

Facebook'da Paylaş                                                                           Tarix: 10-02-2018, 19:56   Oxunub: 200