Nüvə diplomatiyasına son - İran odla oynayır


 İranın ali dini lideri Ayətullah Əli Xameneyi ölkəsinin atom enerjisi üzrə təşkilatına uranın zənginləşdirilməsinə başlanılması ilə bağlı göstəriş verib.
Qeyd edilir ki, İranın nüvə proqramına dair saziş ləğv olunacağı təqdirdə İran uranın zənginləşdirilməsini bərpa etsin. Bu barədə ali lider İran İslam İnqilabının banisi İmam Ruhulla Musəvi Xomeyninin vəfatının ildönümü ilə əlaqədar keçirilən tədbirdə açıqlama verib.
“Mən İranın atom enerjisi üzrə təşkilatına uranı zənginləşdirmək qabiliyyətimizi artırmağa hazır olmaq göstərişini vermişəm”-deyən Xameneyi qeyd edib ki, ABŞ geri çəkilməsini müşahidə etməyə davam edən nüvə razılaşmasının iştirakçıları İranı müqaviləyə zəmanət verən iqtisadi səmərə ilə təmin edə bilməsələr, bu plan həyata keçiriləcək. 
“Düşmənlərimiz bizim nüvə sahəsindəki inkişafımızın qarşısını ala bilməzlər”-Ayətullah Əli Xameneyi belə deyib. İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi isə ölkəsinin uranın zənginləşdirilməsi proqramını yenidən bərpa etdiyini söyləyib. O, Tehran Beynəlxalq Atom Agentliyinə açıqlamasında artıq bu istiqamətdə işlərə başlanıldığını vurğulayıb: "Biz dünən MAQATE-yə məktub göndərdik və nüvə proqramı kontekstində işin başladığını xəbər verdik. Artıq agentlik məktubu alıb. Bu gündən etibarən isə artıq əməli addımlarımız başlayıb".
İranın nüvə proqramını bərpa etməsi son zamanlar ABŞ və İsraillə gərginləşən münasibətlər fonunda daha dərin siyasi qarşıdurma yarada bilər. Rəsmi Tehranın qeyd edilən açıqlamasından sonra ABŞ-ın İrana qarşı sanksiyaları gücləndirəcəyi gözlənilir. Bu baxımdan, ABŞ-ın və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması məsələsi də gündəmə gələ bilər. Yaxın Şərqdə ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə İran arasında hərbi qarşıdurmanın artdığı bir vaxtda Tehran rejiminin uranı zənginləşdirmək qərarına gəlməsi daha genişmiqyaslı bir müharibə üçün zəmin yaratmış olar. Çünki Barak Obama administrasyasından fərqli olaraq, Donald Tramp hakimiyyəti İrana qarşı daha sərt mövqe tutur. İsrail isə aprel-may aylarında Suriyada İranın bir neçə hərbi bazasını məhv etməklə Tehranın bölgədəki təsirinin artmasına imkan verməyəcəyini göstərdi. Paralel olaraq, Yəməndə də İranla Səudiyyə Ərəbistanı arasında elan olunmamış müharibə gedir. Belə bir vəziyyətdə İranın nüvə proqramı və uranı zənginləşdirməyə başlaması Yaxın və Orta Şərqdə gərginliyin daha da artmasına gətirib çıxara bilər. 
Azad Demokrat Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, İranla ABŞ-ın rəhbərlik etdiyi anti-İran koalisiyası arasında münasibətlər getdikcə gərginləşəcək: “İrana qarşı hələ ötən ilin may ayından Amerika və İsrailin iştirakı ilə koalisiya formalaşdırılmağa başlayıb. Bu ilin may ayında da Birləşmiş Ştatların İranın nüvə proqramına dair “Birgə və hərtərəfli fəaliyyət planı”ndan çıxması və ardınca Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi münasibətləri daha da gərginləşdirib. İndi İran yaranmış vəziyyətdən siyasi-diplomatik çıxış yolları axtarır. Bir tərəfdən, bu sazişdən hələlik çıxmayan dövlətlərlə sıx intensiv iş aparır. Digər tərəfdən, uranın zənginləşdirilməsi proqramını bərpa edəcəyini elan etməklə görünür, təhdid siyasəti aparır. Görünür, dünya ölkələrinin kəşfiyyat orqanlarında məlumat var ki, İranın atom silahı əldə etməsi üçün elə də böyük zamana ehtiyac yoxdur. 
Ona görə də İran uranın, xüsusilə də plutoniumun zənginləşdirilməsinə başlayarsa, təxminən bir il ərzində nüvə silahına malik ola bilər. Yəni İran şantaj siyasəti yürütməklə nüvə proqramına dair sazişdən çıxmayan dövlətlərin koalisiyasına təzyiq etmək istəyir. Belə ki, İran bu addımı atacağı halda, fəaliyyət proqramına imza atmış, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Çin ABŞ-a təziyq edəcəklər ki, sizin sazişdən çıxmağınız yanlış addımdır. Məhz bu səhv siyasətin nəticəsində İran nüvə proqramını bərpa edə bilər və uzun illər aparılan danışıqların nəticəsi məhv olar.
Görünür, İran rəhbərliyinin rəsmi açıqlaması bu məqsədlə hesablanıb. İran bu addımı atmaqla ABŞ və İsrail başda olmaqla Avropa ölkələrini, Rusiya və Çini öz tərəfinə çəkmək istəyir. Onu da nəzərə almaq lazımdır ki, ABŞ , İsrail, Səudiyyə Ərəbistanı kimi ölkələr Rusiya ilə qapalı danışıqlar aparır və ona təzyiq edirlər ki, bu məsələdə İranı dəstəkləməsin. Eyni zamanda, İranın Suriyadan, İraqdan və Yəməndən sıxışdırılıb çıxarılması ilə bağlı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı başda olmaqla sünni ərəb dövlətləri Rusiya ilə gizli danışıqlar aparır. İran isə çox incə siyasət aparır və çalışır ki, yalnız qalmasın”. 
Politoloq bildirdi ki, İran uranın 20 faizə qədər zənginləşdirilməsi texnologiyasına sahibdir. İranın nüvə proqramını hansı mərhələyə qədər inkişaf etdirməsi barədə dəqiq məlumat olmasa da, xarici dövlətlərin xüsusi xidmət orqanları bu ölkənin təxminən altı aydan bir ilə qədər müddətdə nüvə silahına yiyələnəcəyini bildirir: “İranın nüvə başlığının olub-olmadığı barədə heç kimdə məlumat yoxdur. Sovet İttifaqı dağılandan sonra Rusiyanın və bəzi müttəfiq respublikaların əlində nüvə başlıqları var idi. Bəzi kriminal elementlər, hərbi dairələr həmin nüvə başlıqlarını satmağa cəhd etdilər. Onları ləğv edilmiş kimi göstərib satmaq istəyirdilər. Mən 1992-1993-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin rəis müavini işləyəndə bizim əlimizdə belə məlumatlar var idi.
Həmin təkliflər Azərbaycan dövlətinə də edildi. Ona görə də mən bu barədə dəqiq məlumata malik olduğuma görə əminliklə danışıram. Kim deyə bilər ki, həmin nüvə başlıqları satıldı ya yox? Əgər satıldısa, hansı ölkəyə verildi. Mən bununla bağlı dəqiq məlumatlara mediada rast gəlmirəm. Bilmirəm, başqa dövlətlərin kəşfiyyat dairələrində bu haqda məlumat varmı. Ona görə də İranla qarşıdurma açıq formaya keçərsə, o zaman rəsmi Tehranın intensiv şəkildə nüvə proqramını bərpa edəcəyi və nüvə silahı istehsalı prosesinə başlayacağı ehtimalı yüksəkdir. Birincisi, bunun nə qədər çəkəcəyi, ikincisi, İranın nüvə silahı başlığına malik olub-olmadığı dəqiq məlum deyil”.
Sülhəddin Əkbər ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlayacağını istisna etmir. Ekspert hesab edir ki, İran nüvə proqramını tam həcmdə bərpa edərsə, eyni zamanda, ABŞ və İsraillə münasibətləri gərginləşərsə, hərbi əməliyyatlar məsələsini sərt xətt tərəfdarları gündəmə gətirə bilər. Bu halda ABŞ, İsrail və Səudiyyə Ərəbistanındakı neokonservatorlar İranın nüvə obyektlərinə zərbələrin endirilməsini təklif edəcəklər. 
Müşfiq Abdulla
Cebhe.info

Facebook'da Paylaş                                                                           Tarix: 8-06-2018, 19:46   Oxunub: 58