“Süd müharibəsi”: Sərhədlər bağlanır, gərginlik artır- QARDAŞA TƏPKİ


     Belarus və Rusiya arasında vaxtaşırı müşahidə olunan narazılıq yenə baş qaldırıb. Belarusun kənd təsərrüfatı və qida naziri Leonid Zayats Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətini ("Rosselxoznadzor") Belarus müəssisələrinə qarşı qərəzli olmaqda ittiham edib. Məmur ONT telekanalına müsahibəsində deyib ki, çox güman ki, "Rosselxodnadzor" Belarus müəssisələrinin istehsal etdiyi məhsulların laboratoriya nəticələrini saxtalaşdırır. Nazir əlavə edib ki, Belarus tərəfi öz mövqeyini ciddi şəkildə müdafiə etməli və Rusiya ilə qarşılıqlı əməkdaşlıq yaratmalıdır.
Qeyd edək ki, yaranmış ziddiyyət Belarusun ixrac etdiyi süd və süd məhsullarına “Rosselxoznadzor” tərəfindən məhdudiyyət qoyulması ilə bağlıdır. 2016-cı ildə isə Rusiya Belarus istehsalı olan ət və ət məhsullarının tərkibinin təhlükəli olduğunu iddia edərək idxalına qadağa qoymuşdu. Eyni zamanda, Rusiya Belarusa neft ixracını dayandırmaq barədə qərar qəbul etmişdi. Ekspertlər son illər davamlı olaraq iki ölkə arasında yaşanan bu narazılığın daha çox siyasi motiv daşıdığını bildirir. 
Rəsmi Minskin Belarus ərazisində Rusiya hərbi bazasını yerləşdirməyə razılıq verməməsi bu narazılığın əsas səbəblərindən birini təşkil edir. Eyni zamanda, Belarusun Avropa Birliyi ölkələri ilə ticarət əlaqələri qurması Moskvanın etirazına səbəb olur. Bu səbəbdən də Rusiya müxtəlif bəhanələrlə Belarusa qarşı iqtisadi və siyasi təzyiqləri artırır. Krımın ilhaqından sonra beynəlxalq gərginliyin artması Avropa Birliyi ilə Rusiya arasında bufer zonada yerləşən Belarusun geostrateji əhəmiyyətini artırır. Bu da öz növbəsində, rəsmi Minskin Rusiya ilə münasibətləri əvvəlki müstəvidə saxlamaq imkanlarını çətinləşdirir.
Prezident Aleksandr Lukaşenko Belarusun Rusiya ilə Qərb arasında münaqişə meydanına çevrilməsini istəmir. Ona görə də Babruyskda Rusiya hərbi hava bazasının yerləşdirilməsi barədə Vladimir Putinin təklifini qəbul etməyib. Şərqi Avropa ölkələri ilə ticarət dövriyyəsini genişləndirmək Belarusa daha müstəqil iqtisadi siyasət yürütmək və valyuta əldə etmək imkanı verir. Belarus məhsulları Polşaya və Baltikyanı ölkələrə ixrac olunur. Rusiya isə Belarusa hərbi baza qurub oradan Ukraynaya, Polşaya və Baltikyanı ölkələrə hərbi güc nümayiş etdirməyi planlaşdırır. Lukaşenko iqtidarı özünü bu təzyiqlərdən qorumaq üçün son illər Avropa Birliyi və NATO ilə yaxınlıq nümayiş etdirir. Bölgədə vəziyyətin gərginləşməsi rəsmi Minskin geosiyasi balansı saxlamaq imkanlarını çətinləşdirir. 
Görünür, bu səbəbdən “Rosselxoznadzor”la “qardaş ölkənin” istehsalçıları arasında yaranmış “süd müharibəsi” Belarusun xarici işlər naziri Vladimir Makeyin bir neçə gün öncə Moskvaya səfəri zamanı da həllini tapa bilməyib. Halbuki, Rusiya Federasiyası süd idxalına görə dünyada birinci yerdədir. Rusiya 2016-cı ildə 30 724 min ton süd idxal edib. Rusiya bazarının tələbatı Belarusun yerli istehsal müəssisələri üçün daha cəlbedici perspektivlər açan illik istehsalından beş dəfə çoxdur. Buna baxmayaraq, iki müttəfiq ölkə bu sahədə demək olar ki, keyfiyyətli əməkdaşlıq qura bilməyib. Vladimir Makey Belarusun Rusiya bazarında fəaliyyətini genişləndirmək istəyini bəyan etsə də qarşı tərəf bu istiqamətdə əməli addım atmayıb. Əksinə, tərəflər arasında getdikcə iqtisadi və siyasi ziddiyyətlərin artdığını görmək olar. Belarus Rusiya ilə yanaşı, Avropa Birliyi ölkələrinə və digər dövlətlərə ixracatı artırmağa çalışır. Daha doğrusu, Rusiyanın Belarus məhsullarına tətbiq etdiyi məhdudiyyətlər Minski Rusiyadan uzaqlaşmağa və üzünü Qərbə çevirməyə vadar edir.
Hazırda ixracatın diversifikasiyası strategiyasına üstünlük verən Belarus istehsal etdiyi mal və məhsulların 30 faizini Rusiyaya satır. Ancaq bu Belarusun Rusiyadan birdəfəlik imtina etməsi anlamına gəlmir. Minsk iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını təklif edir. Moskva bu təklifə hələlik müsbət cavab verməyib. Ona görə də V.Makey Evropa Birliyi, NATO və ABŞ-la Rusiya arasında müharibədə seçim etmək lazım gələrsə, “biz sülh partiyasının yanında olacağıq”-deməklə Belarusun Moskvanın hərbi planlarında iştirak etmək niyyətində olmadığınıa işarə edib. Aleksandr Lukaşenkonun son bəyanatları da Rusiya ilə münasibətlərdə siyasi çatların dərinləşdiyini göstərir. Belarus prezidenti Moskvaya Rusiya sərhəd qoşunlarının ölkələrin sərhədində olması formatını müəyyənləşdirməyi təklif edib. Ölkənin Brest rayonunun Kobrin rayonundakı Divin sərhəd-keçid məntəqəsinə səfəri zamanı Lukaşenko Dövlət Sərhəd Komitəsinin nümayəndələri ilə söhbət edib. Ona Rusiya ilə sərhəddə Belarus sərhəd xidməti orqanlarının daimi dislokasiya edilmiş bir hissəsinin olmadığını, zəruri hallarda sərhədin gözətçi kardonu ilə göstərildiyini deyiblər. Rusiya tərəfindən isə sərhədi Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları qoruyur. Gözətçi kardonu isə yalnız Belarus tərəfdədir. 
Buna etirazını bildirən Lukaşenko Belarus orqanlarının formal fəaliyyət göstərməsini istəmədiyini bildirib. “Rusiyalılarla Minski eyniləşdirmək olmaz. Onlar nə istədiklərini və Rusiya-Belarus sərhəddində nə etdiklərini özləri də bilmirlər, qoy müəyyənləşdirsinlər. Müəyyənləşdirmək-cavab vermək bizim üçün problem deyil. Biz hər an adekvat cavab verməyə hazırıq. Əgər onlar sərhədi bağlamaq istəyirsə, buyursunlar. ”Bağlayırlar, biz də öz sərhədimizə nəzarəti həyata keçirməliyik”- prezident Lukaşenko belə deyib. 
Müşfiq Abdulla

cebhe.info

Facebook'da Paylaş                                                                           Tarix: 12-06-2018, 19:36   Oxunub: 161