Putinin adamlarının Lələtəpəyə ilk səfərinin SİRRİ: Kreml yeni Qarabağ planı hazırlayır


Putinin adamlarının Lələtəpəyə ilk səfərinin SİRRİ: Kreml yeni Qarabağ planı hazırlayır
Kreml Ermənistandan əraziləri Azərbaycana qaytarmağı tələb edir.

Publika.az
 xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Razmik Akopdjanyan Rusiya nümayəndə heyətinin 2016-cı ilin “aprel müharibəsi”i zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə baş çəkməsini şərh edərkən deyib.

Xatırladaq ki, iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib.

Konfransın iştirakçıları - Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa Lələtəpədə Azərbaycan əsgərləri ilə görüşüblər.

Bu konfrans və görüşlə Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana açıq dəstək göstərməsi Ermənistanda narahatlıq yaradıb.

Razmik Akopdjanyan yazır ki, Kremldə Ermənistan üçün yeni plan hazırlayırlar: “İndi Kreml hətta bu planlarını gizlətmir. “Aprel müharibəsi” zamanı azad edilmiş ərazilərə Putin nümayəndə heyəti göndərdi və bəyan etdi: “Azərbaycan Qafqazda Rusiyanın tək müttəfiqidir”. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir, Gürcüstan və Ukrayna dostluq edir, GUAM-da təmsil olunur. Kreml isə bütün bunlara rəğmən, Bakının əlini sıxır və onu dəstəkləyir. Görünür, Rusiyada Ermənistana böyük dərs verməyə qərar veriblər”.

Erməni şərhçi işğaldan azad edilmiş ərazilərə ilk dəfə baş çəkən Rusiya nümayəndə heyətinin açıqlamalarından sitat gətirir.

Dmitri Savelyev deyir: “Dağlıq Qarabağ və ona bitişik yeddi rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”.

Aleksandr Duqin isə bəyan edir: “Qarabağda bu görüşü keçirmək simvolikdir. Bu, Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu bir daha göstərir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa əsaslanıb. Mən Qarabağa ilk dəfədir səfər edirəm. Bu, həm də Qarabağ münaqişəsinə Rusiya ziyalılarının yanaşmasıdır”.

Razmik Akopdjanyan qeyd edir ki, Rusiya Ermənistanın yeni hakimiyyətinə təzyiq edir.

“Kreml bizim hakimiyyətdən vaxtilə Putin və Serj Sarkisyan arasında razılaşdırılmış ərazilərin qaytarılması ilə bağlı planı həyata keçirməyi tələb edir. Əks təqdirdə, sabah müharibə başlayacaq...”, - deyə erməni şərhçi vurğulayıb.

Asif


Facebook'da Paylaş                                                                           Tarix: 2-07-2018, 13:46   Oxunub: 167