Paşinyan hökumətindən Bakıya kompromis: Sabaha gözlənilən təklifdə erməni siyasəti


     Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün Brüsseldə  görüşəcək. Danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq. Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan “Armenpress”ə açıqlamasında görüşün əsas məqsədininin danışıqların dinamikasını  dəstəkləkmək olduğunu deyib. 
Bundan öncə isə Mnasakanyan  bildirib ki, məsələnin  sülh yolu ilə həllinin əsasında kompomis  dayanır. “Ola bilməz ki, tərəflərdən biri hər şeyi  əldə etsin, digəri heç nə əldə etməsin. Yaxud bir tərəf  digərindən daha çox əldə etsin.  Ona görə də  danışıqların mənası  tərəflərin danışıqlardan məmnun qalmasıdır və əmin olun ki, kompromis bu və ya digər tərəfin məqsədlərini yaxşı əks etdirir” -Manasakanyan belə deyib. 
Xarici işlər naziri onu da vurğulayıb ki, danışıqlar prosesində  Ermənistan tərəfi üçün iki vacib məsələ var. Bunlar status və təhlükəsizliklə bağlıdır. 

Məsələni Cebhe.info-ya şərh edən politoloq Tofiq Abbasov hesab edir ki, danışıqlarda müsbət nəticə əldə etmək mümkün deyil. Ermənistanın kompromisdən danışması isə  daha çox siyasi manipulyasiya məqsədi daşıyır: “Birincisi, həmin danışıqlar Nikol Paşinyanın NATO nümayəndələrilə apardığı danışıqların və məsləhətləşmələrin kölgəsində qalacaq.  Sadəcə olaraq, Ermənistan tərəfi Avropa strukturlarına  özlərinin kompromis tərəfdarı olduğunu  və Azərbaycanla dil tapmaq istədiklərini göstərmək üçün belə bir açıqlama verir. Əslində, ciddi bir irəliləyiş yoxdur. Nikol Paşinyan ölkədə hakimiyyəti dəyişsə də,  Dağlıq Qarabağ probleminin həllinə heç bir yenilik gətirmədi. O, öz oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərməklə,  Azərbaycanla qarşıdurmanı asan idarə edir.
Baş nazir Paşinyan Qarabağın işğal altında qalmasının  tərəfdarıdır və axıra qədər də bu mövqedə qalacaq.  İstər Mnasakanyan, istər Şavarş Koçaryan köhnə mahnılar oxuyur. Onlar son illər dəfələrlə Azərbaycanla barışıq tərəfdarı olduqlarını, müharibənin deyil, sülh istədiklərini deyiblər. Sülh tərəfdarı olan ölkə özünün işğalçı qoşununu başqa dövlətin ərazisindən çıxarar və danışıqlara hazır olduğuna  inam yaradar. Amma bu baş vermirsə, danışıqlardan böyük bir dönüş gözləməyə dəyməz”.
Tofiq Abbasov qeyd etdi ki, Ermənistan status və təhlükəsizlik  məsələlərini önə çəkməklə  dünya birliyini çaşdırır: “Ermənistan arabanı atın qarşısına qoyur.  “Madrid  prinsipləri”nin həm ilkin, həm də  yenilənmiş  varantında  Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi  ən sonuncu məsələ kimi qoyulub.  Çünki bundan əvvəl qaçılmaz tədbirlər həyata keçirilməlidir. Yəni, işğal altındakı ərazilər boşaldılmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalı, kommunikasiyalar açılmalı, təhlükəsizlik  tədbirləri təmin olunmalı, qarşılıqlı inam və etibar bərpa olunmalıdır. Yalnız bundan sonra status məsələsi öz həllini tapa bilər. Ermənilər də təhlükəsizlik və status məsələlərini ön plana çəkməklə prosesi pozmaq, Azərbaycanda inamsızlıq yaratmaq  istəyirlər.
Azərbaycanın  əsas tələbi isə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır.  Ümumiyyətlə, qoşunların münaqişə bölgəsində qalması  danışıqlarda müsbət nəticə əldə olunmasına heç bir imkan yaratmır. Ona görə də Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin işğal  olunmuş ərazilərdən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıdır. Ermənilər isə bununla razılaşmır. Əslində, bu problemin mahiyyətinə bələd olan siyasətçilər, ekspertlər yaxşı bilir ki, Ermənistan köhnə mahnıları ifa etməklə prosesi dalana dirəyib”. 
Müşfiq Abdulla 
Cebhe.info

Facebook'da Paylaş                                                                           Tarix: 10-07-2018, 19:56   Oxunub: 340