İran iqtisadiyyatı yer dəyişdirir: Siyahıda Azərbaycan var?


İran iqtisadiyyatı yer dəyişdirir: Siyahıda Azərbaycan var?

ABŞ-ın dollar, qızıl, qiymətli metallar, polad, kömür, alüminium ticarəti, avtomobil və mülki aviasiya sektorlarını hədəf alan birinci mərhələ sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurdu. İranın neft ticarətini hədəfləyən ikinci sanksiya paketinin tətbiqi vəziyyəti daha da ağırlaşdırdı. Xüsusilə, neft-kimya sənayesində, eləcə də tekstildə çalışan iş adamları sanksiyalardan ciddi çətinliklər çəkdiyini, borclarını ödəyə bilməməkdən şikayətçidirlər. Dəfələrlə iranlı iş adamları bu məsələdə ətraf dövlətlərdən dəstək gözlədiklərini bildiriblər. 
Qeyd edək ki, İran neft-kimya məhsullarının böyük bir qismini Türkiyəyə ixrac edirdi.Digər sektorlar üzrə ticarətin bir hissəsində Azərbaycanın da kifayət qədər payı olub. İranlı iş adamları uzun illərdir bir çox sahədə əməkdaşlıq etdiyi dövlətlərdə imkanları daha da böyütmək və inkişaf etdirmək istəyirlər. Təsadüfi deyil ki, bu gün Azərbaycanda şirkət təsis edən sahibkarlar arasında iranlıların çox olması diqqəti cəlb edir.Müşahidələr göstərir ki, İranın özəl sektorunda xarici investisiyaların həcmi böyüyür.İran şirkətləri əsasən Türkiyədə, Azərbaycanda, İraqda, eləcə də Türkmənistanda çox aktivdir. Bu şirkətlər enerji, kənd təsərrüfatı və qida sənayesi, neft-qaz, kimya, logistika, tikinti, metallurgiya, nəqliyyat, ev toxuculuqları və.s fərqli sahələri əhatə edir.
Maraqlıdır, İranın Azərbaycanda investisiya imkanları nə qədər səmərəlidir?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə deyib ki, iranlı iş adamları tək Azərbaycanda deyil, ətraf ölkələrdə də investisiya, iş qurmaq fürsətləri axtarırlar: 

“İranlı iş adamları ilə bağlı analoji statistikanı Gürcüstan da açıqlayıb. Belə ki, son 1 ildə Gürcüstanda şirkət təsis edən, investisiya yatıran iranlı sahibkarların sayında dəfələrlə artım var. Türkiyədə də İran biznesinin qoyduğu sərmayələrin həcmi artıb.Analoji hal Azərbaycanda da müşahidə olunur.Artıq demək olar ki, Azərbaycan qonşu dövlətlərlə rəqabət şəraitindədir. Əgər Azərbaycanda iş qurmaq üçün fürsətləri və investisiya mühiti yaxşılaşdırılmasa, İran investorları qonşu ölkələri seçə bilər. Çünki İranda kifayət qədər böyük çətinliklər var. Getdikcə bu problemlərin artma ehtimalı daha yüksəkdir.Hazırda İran iqtisadiyyatında çox qeyri-sabit mühit yaranıb.50-yə yaxın İran bankı yeni sanksiyalara daxil edildi.Onların məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası SWIFT sistemindən kənarlaşdırılması məsələsi gündəmə gəlib. Bu isə iş qurmağa, investisiya yatırmağa, xarici tərəfdaşlarla münasibətlərin tənzimlənməsinə ciddi maneçilik törədir. Buna görə də İranda kapitalı olan sahibkarlar qonşu ölkələrdə investisiya fürsətləri axtarır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda ən cəlbedici sektor turizmdir: 
“Düşünmürəm ki, iranlı iş adamlarının Azərbaycanda istehsalla bağlı böyük layihələri olsun. Çünki qonşu ölkələrdə yatırım etmək istəyənlər əsasən orta təbəqəyə aid olan və çox da böyük investisiya imkanları olmayan orta biznesin nümayəndələridir.Gürcüstanda açıqlanan statistikada əsasən iranlı investorlar əsasən turizm sahəsinə, yəni, otellərin, kafe-restoranların və digər iaşə obyektlərinin tikintisinə investisiya yatırırlar. Düşünürəm ki, Azərbaycanda da belə fürsətlər var və ölkəmiz turizm nöqteyi-nəzərdən kifayət qədər cəlbedici ola bilər. Azərbaycana daha çox turistlərin gəldiyini nəzərə alsaq, bununla bağlı investisiya mühitinin yaxşılaşması, iranlı investorların cəlb olunmasında mühüm rol oynaya bilər. Azərbaycanın Gürcüstan, Türkiyə kimi güclü rəqibləri var, hansılar ki, iranlı investorlar böyük maraq göstərirlər. Əgər ölkəmizdə cəlbedici investisiya mühiti yaradıb investorlar üçün yaxşı şərait qura bilməsək, o zaman bu rəqabətdə uduza bilərik”.
Natiq Cəfərlinin qənaətincə, iranlı investorların qonşu ölkələrə axışdığına görə sanksiya tətbiq oluna bilməz: 
“ABŞ-ın fərdi qaydada tətbiq etdiyi sanksiyaların siyahısı çox azdır. İranın yüksək siyasi xadimləri və təhlükəsizlik xidmətində çalışanlarının adı fərdi qaydada bu sanksiya siyahısına daxil edilib. İranda 80 milyondan yuxarı əhalinin böyük bir qismi iş adamıdır. Hesab edirəm ki, onların adlarının fərdi qaydada sanksiyalar düşməsi mümkün deyil. Ona görə də xarici ölkələrdə iş qurmaq istəyən fərdi investorlar heç bir halda sanksiya siyahısına düşməyəcək. Amma gələcəkdə həmin insanların təhlükəsizlik və digər məsələlərlə bağlı problemləri olarsa, işə fərdi qaydada baxıla bilər.Amma İran investorlarına kütləvi şəkildə sanksiya tətbiq olunması mümkün deyil”.
Yeganə Oqtayqızı
Cebhe.info

Facebook'da Paylaş                                                                           Tarix: 9-11-2018, 15:01   Oxunub: 80