Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
Kreml bundan sonra Paşinyanın büdrəməsini gözləyəcək- Elxan Şahinoğlu
21.06.2021 15:03
Bölmə:Dünya 119 dəfə oxunub

Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçill İkinci Dünya müharibəsində müttəfiqlərlə birgə faşizm üzərində qələbə çalsa da, müharibə bitdikdən az sonra ölkəsində keçirilən parlament seçkisində rəqibinə məğlub oldu. Demokratiyalarda belə hallar da baş verir. Amma əsasən müharibədə məğlub olan lider növbəti seçkidə də məğlubiyyətlə üzləşir. Ancaq Ermənistandakı son parlament seçkisi istisna idi. Çünki Ermənistan əhalisi pislə ən pis arasında seçim arasında qalaraq birincini seçmək məcburiyyətində qaldı.

Versiya.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistandakı parlament seçkilərinin nəticəsini şərh edərkən bildirib.

O bildirib ki, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşməsinə və ölkəsinin verdiyi itkilərə baxmayaraq, onun rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının parlament seçkisindəki qələbəsi və yenə hökuməti formalaşdıracağını aşağıdakı anlamda başa düşmək olar:

Birincisi, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və qonşularla münasibətlərin nizamlanmasında maraqlıdır.

İkincisi, Ermənistan əhalisinin əksər hissəsi seçkidə “Qarabağ klanı”na “yox” deməklə həm də Rusiyaya “yox” dedi.

Üçüncüsü, Ermənistan əhalisinin əksər hissəsi Qarabağa görə ölkələrini itirmək istəmirlər.

“Rusiya birmənalı Nikol Paşinyanın rəqibi Robert Köçəryanı dəstəkləyirdi. Seçki kampaniyası başladıqdan sonra Köçəryan Moskvaya çağırıldı. O, Rusiyanın dövlət televiziya kanalına geniş müsahibə verdikdən sonra Kreml sahibi Vladimir Putinlə bir saat müzakirə apardı. Köçəryan bu söhbətdən sonra Ermənistana geri qayıdaraq seçki blokunu formalaşdırdı. Köçəryan seçki kampaniyası dövründə yenə Vladimir Putinlə telefonla danışdı.

Rusiyadakı mərkəzlər Köçəryana həm maliyyə, həm də informasiya dəstəyi verdilər. Hətta iş o yerə çatdı ki, Rusiyada hazırlanan sorğularda Köçəryanın blokunun Paşinyanın blokunu üstələdiyi barədə saxta sorğular yayınlanırdı. Bunun da köməyi olmadı. Çünki Köçəryan fiqurunun özü erməniləri qorxudurdu. Köçəryan seçki kampaniyası dövründə “Şuşa və Hadrutu geri qaytaracam” deməklə ən böyük səhvini etdi. Çünki “Şuşa və Hadrutun geri qaytarılması” itki verən ermənilər üçün yeni müharibə demək olacaqdı. Ermənilər isə artıq müharibə istəmir və ona görə bu “çağırışı” səsləndirən siyasətçini hakimiyyətə gətirmək istəmədilər”, - politoloq qeyd edib.

E.Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyanın çox səs qazanmasında Bakı + Ankara + Tiflis + Vaşinqton + Brüssel kombinasiyasının da rolu oldu:

“Seçkiyə bir neçə gün qalmış rəsmi Bakı Ağdam ətrafında mina xəritəsinin təqdim edilməsi müqabilində 15 erməni diversantı ölkəsinə təhvil verildi. Bu, Ermənistan əhalisinə mesaj idi ki, Paşinyan hakimiyyətinə davam edərsə, ermənilərin bir qisminin də geri qaytarılması mümkündür. Misal üçün Köçəryanın baş nazir seçilməsiylə bu proses dayandırılacaqdı. Bunu isə ermənilər istəmirdilər.

Robert Köçəryan hələ ki, seçkinin nəticəsini tanımır. Ancaq o, buna məcbur qalacaq. Paşinyanı qələbə münasibətilə Qərb ölkələri, beynəlxalq təşkilatlar, sonda isə Rusiya təbrik etdikdən sonra Köçəryanın mövcud reallığı qəbul etməkdən başqa alternativi qalmayacaq. Köçəryan ölkəni qarışdırmaq və çevriliş barədə düşünürsə, nəticə onun və Ermənistanın xeyrinə olmayacaq.

Buna baxmayaraq, Robert Köçəryan müəyyən fasilədən sonra siyasətə qayıtdı. Bu da onun üçün müəyyən nəticədir. Ötən dəfəkindən fərqli olaraq, bu dəfə Ermənistan parlamentində müxalifət qismində “Qarabağ klanı” çıxış edəcək. Yəni “Qarabağ klanı” Köçəryanın liderliyində yenidən Ermənistan siyasətinə döndü. Rusiya üçün Ermənistanda indiki şərtlər altında bu da bir nəticədir. Moskva Robet Köçəryanı baş nazir kürsüsünə otuzdura bilməsə də, onu ən azı həbsdən çıxartdıraraq, parlamentdə ana müxalifətin lideri kürsüsünə otuzdura bildi. Kreml bundan sonra Ermənistanda yenə zamana işləyəcək və Paşinyanın büdrəməsini gözləyəcək.

Azərbaycan üçün isə əsas sual budur: Rəsmi Bakı Nikol Paşinyanın yeni hökuməti ilə münasibətləri hansı əsasda qurmalıdır?

Bu, Paşinyanın quracağı hökümətin tərkibindən və atacağı addımlardan asılı olacaq. Paşinyan yeni hökumətində revanşist baxışlara malik siyasətçilərə və diplomatlara yer verməməlidir. Bu onun özü üçün faydalıdır. Paşinyan Azərbaycana tərəf bir addım atacağı halda Bakı qarşılıqlı addım atmağa hazır olacaq. Misal üçün Paşinyan seçkidən öncə iki vəd verib: “Əsirlərin hamısını geri qaytaracam”, “Minalanmış ərazilərin xəritələrini Azərbaycana qaytaracam”. Birinci məsələnin həlli ikincidən bilavasitə asılıdır. Ancaq xəritələr bu dəfə yoxlanılmalıdır. Çünki Ağdam ətrafındakı minalanmış ərazilərin xəritəsiylə bağlı ciddi suallar yaranıb”.

Politoloq bildirib ki, Nikol Paşinyan bölgədə gerçək sülh və əməkdaşlıq istəyirsə, iki addımı atmağa da hazır olmalıdır:

“Birincisi, Nikol Paşinyan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır;

İkincisi, Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır.

Paşinyanın atacağı bu iki addımın qarşılığında Azərbaycan-Ermənistan sərhədinin demilitasiyasının və demarkasiyasının sürəti artacaq, Türkiyə-Ermənistan sərhədi açılacaq, İrəvanın Türkiyə və Azərbaycanla diplomatik münasibətlər qurması üçün perspektivi yaranacaq, Ermənistan regional layihələrə qoşulacaq”.

reklam