“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
Paşinyanın Tiflis səfəri: İrəvan və Tehran Zəngəzur dəhlizinə alternativ axtarır- TƏHLİL
09.09.2021 12:17
Bölmə:Xəbər 311 dəfə oxunub

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Gürcüstana səfər etdi: bu, İrəvan-Tiflis arasında ikitərəfli münasibətlərdən qaynaqlanan ziyarət kimi görünür və Paşinyan yenidən baş nazir seçildikdən sonra özünün də bəyan etdiyi kimi, “qonşu ölkələrlə münasibətlərin” inkişafında maraqlıdır; Nikolun gündəliyində “regionun blokadadan çıxarılması və kommunikasiya xətlərinin açılmasını” da var.


Səfərdən saatlar öncə hökumətin iclasında regional kommunikasiyanın 10 noyabr razılaşmasına uyğun bərpası ilə bağlı konstruktiv açıqlamalar verən Paşinyanın Tiflis səfərinin məqsədi heç də bəyanatlarına uyğun gəlmir: ana hədəf Zəngəzur dəhlizinə alternativ marşrutun yaradılmasıdır.

Fars körfəzi – Qara dəniz marşrutu: Nikolun “bel çantasında” əsas təklif bu idi və Tiflisdə İrakli Qaribaşvili ilə bu layihəni müzakirə etdi.

Layihənin müəllifi İrandır və Tehran bununla iki üstünlük qazanmaq istəyirdi:

- Fars körfəzi ilə Cənubi Qafqazı birləşdirir və Gürcüstan üzərindən Avropa bazarına çıxır;

- Avropa bazarına çıxış tranzitində Türkiyədən asılılığını, eləcə də Ankaranın regional təsirlərini azaldır;

Bu, Azərbaycanın da yer aldığı “Şimal-Cənub” beynəlxalq nəqliyyat layihəsinin Qərb marşrutunun (Qafqaz-Fars körfəzi) genişləndirilmiş (Fars körfəzi – Qara dəniz) hissəsidir. Tehran layihəni hazır infrastuktura malik olan Bakı ilə gerçəkləşdirməyə üstünlük verirdi, lakin Türkiyənin maraqları faktoru, o cümlədən, Azərbaycanın regional layihələrində Qərblə əməkdaşlığı bunu mümkünsüz edirdi. Bu amillərə görə Tehran İrəvanla “ortaq” olmaq qərarına gəldi: İrandan Ermənistana uzanan marşrut Gürcüstanın Poti limanına, orada da Qara dəniz üzərindən Bolqarıstana çıxmalıdır;

Lakin İrəvan marşrutu həlli çətin olan problemlərə malikdir: İran-Ermənistan dəmir yolunun, eləcə də Ermənistan daxilində avtomobil yollarının inşasına milyardlarla dollar vəsait lazımdır və bu vəsait nə ermənilərdə, nə də Tehranda var; çətinliklər layihəni rəfə qaldırmasa da, arxa plana keçirmişdi;

Nə baş verdi, Tehran-İran xəttində Fars körfəzi-Qara dəniz marşrutu niyə gündəmə gəldi?

Qarabağ müharibəsindən sonra təkcə regionun yox, Avrasiyanın nəqliyyat şəbəkəsində situasiya dəyişdi və Bakı-Ankara cütlüyü bu şəbəkənin əsas oyunçusuna çevrildi. Və Zəngəzur dəhlizi bu nəqliyyat şəbəkəsinin həlledici halqasıdır:

  • 1. Dəhliz Azərbaycanı Naxçıvanla, Türkiyəni Azərbaycanla və türk coğrafiyasını birləşdirməklə yanaşı, “Bir kəmər, bir yol” layihəsində Orta dəhlizə aktuallıq qazandırır: Çindən başlayaraq, Mərkəzi Asiya ölkələri üzərindən keçən və Azərbaycan-Türkiyə marşrutu üzrə Avropaya çıxan nəqliyyat xətti;

  • 2. Azərbaycanın Qərbə çıxışını təmin edən əsas infrastukturu Gürcüstan üzərindən keçir, lakin ABŞ-ın Tbilisi üzərindəki təsiri Vaşinqtonun qarşı çıxdığı “Bir kəmər, bir yol” layihəsinin önünü bu bölgədə kəsmək riskini yaradır (Gürcüstanın altılıq platformasına gəlmək istəməməsi bunu açıq şəkildə təsdiqlədi); Bakı Zəngəzur dəhlizi ilə özünün, həm də Orta dəhlizin Avropaya çıxışına alternativ imkanı yaradır;

  • 3. Azərbaycan mövcud infrastrukturuna alternativ marşrut (Zəngəzur dəhlizi) da əlavə etməklə, “Bir kəmər, bir yol” layihəsinin İran və Rusiya üzərindən keçən dəhlizlərini Orta dəhlizdə - Bakıda birləşdirmək şansı qazanır;

Çinlə müttəfiqliyini gücləndirən və “bir kəmər, bir yol” layihəsində yer alan İran aktual olan Orta dəhlizlə razılaşmaq məcburiyyətindədir, lakin regional gedişləri ilə bu reallığı dəyişdirmək də istəyir. Tehran anlayır ki:

- Zəngəzur dəhlizinin açılması, eləcə də sərhədlərin demarkasiyasından sonra Bakının bölgədə təsirini daha da artıracaq və İranın Ermənistana çıxışı risk altına düşəcək;

- İranın Ermənistanla ən optimal əlaqəsi Azərbaycanın təsir dairəsinə daxil olan “Ermənistan-Naxçıvan-İran dəmiryolu xətti” ilə mümkün olacaq;

- İranın Cənubi Qafqaza təsir imkanları Azərbaycandan asılı olacaq: bu, onlar üçün “qorxulu yuxu” kimidir;

- Bölgəyə daxil ola bilmək üçün İran Türkiyənin təklif etdiyi və “Bir kəmər, bir yol” layihəsini Bakıda birləşdirən haba – altılıq platformasına qoşulmalı olacaq.

İranın müharibədən sonra “Ermənistan sərhədlərini qırmızı xətti” elan etməsi, İrəvana açıq dəstəyi, Bakıya qarşı açıq gedişlərinin təməlində də məhz bu yeni reallıq dayanır.

Və Tehran çıxış yolunu Fars körfəzi-Qara dəniz marşrutunu aktuallaşdırmaqda görür: məlumatlarda qeyd olunmasa da, Cavad Zərifin bu ilin yanvar ayında regiona “vida səfəri”, Bakıda qısa müddətli görüşdən sonra İrəvanda geniş müzakirələr aparması layihəni yenidən gündəmə gətirmək məqsədi daşıyırdı; ardınca layihə üzərində müzakirələr intensivləşdi; Paşinyanın İrana səfəri və bu ölkənin yeni prezidenti Rəisi ilə görüşündə də tərəflər layihəni müzakirə etdilər;

Paşinyanın İrandan sonra Gürcüstana səfəri də Tiflisi layihəyə razı salmaq məqsədindən qaynaqlanır.

Hərçənd, layihənin reallaşmasına əngəl olan çoxsaylı siyasi və iqtisadi səbəblər var.

Birincisi, infrastukturun qurulması üçün maliyyə və zaman lazımdır: söhbət 3 milyard dollardan artıq vəsaitdən gedir; bu, İrəvanın imkanları xaricindədir, sanksiyalarla çətin vəziyyət yaşayan Tehran da pul xərcləməkdə maraqlı deyil;

İkincisi, xarici investorlar tapmaq çətindir: İrəvan layihəni gündəmə gətirməklə erməni diasporunun və xarici sərmayənin diqqətini bura yönəltmək istəyir, lakin İranla Qərbin qarşıdurması fonunda bura pul yatırmaq risklidir.

Üçüncüsü, Gürcüstanın razılaşması siyasi baxımdan çətindir:

- Tiflis Bakı-Ankara ikilisinə qarşı oynamağa ehtiyatlı yanaşır;

- Vaşinqton Tiflisin layihədə iştirakına qarşı çıxır, çünki Tehranın məqsədi bu gedişlə ABŞ-a rəqib olan “Bir kəmər, bir yol” layihəsində payını artırmaqdır;

- Tiflisi “altılıq platforması”ndan uzaq tutmaqla Çinin qarşısına Cənubi Qafqazda əngəl yaradan ABŞ eyni layihənin digər istiqamətinin reallaşmasına imkan verməz;

Dördüncüsü, ABŞ layihədə yer alan Bolqarıstan və Yunanıstanı da istənilən vaxt oyundan kənarlaşdıra bilər;

Beşincisi, Rusiya Orta dəhlizin perspektivlərindən narahat olsa da, Fars körfəzini Qara dənizlə birləşdirmək istəyən İranın planlarını da qəbul etmir:

- bunun reallaşması İrandan keçən Cənub dəhlizini aktuallaşdırır, halbuki, Rusiya öz üzərindən keçən Şimal dəhlizində daha çox maraqlıdır;

- bu layihə İranın Ermənistan üzərində təsirini gücləndirəcək: ruslar üçün belə bir perspektiv təkcə İrəvanda yox, Cənubi Qafqazda maraqlarına risklər təşkil edir;

Altıncısı, başlanğıc nöqtəsini Pekindən götürən, finiş xətti Londonda olan “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üzərindən keçən Orta dəhlizi prioritet marşrutdur: Bakının mövcud infrastukturu olduğu halda, Fars körfəzi-Qara marşrutunu gözləmək vaxt itkisidir;

Paşinyan bütün bunları anlayır, lakin niyə belə bir layihə üçün Tiflisdə danışıqlar aparır, yaxud Gürcüstana səfərdən öncə niyə Zəngəzur dəhlizinin açılmasına və Türkiyə ilə münasibətlərin normallaşmasına hazır olduqlarının anonsunu verdi?

  • a) Ermənistan hakimiyyəti Tehranın “elçiliyini” etməklə İranla münasibətləri qoruyur;

  • b) “Altılıq platformasından” kənar dayanan Gürcüstanı erməni cəbhəsinə çəkmək, bununla Azərbaycan və Türkiyə qarşısında əlini gücləndirmək istəyir;

  • c) Bakı və Ankaraya müsbət mesajlar verdikdən sonra Tiflisə İranın layihəsini aparmaqla “alternativinin” olduğunu göstərir və bundan mümkün danışıqlardan istifadə etmək niyyətindədir;

ç) Tehran-Tiflis xəttində hərəkət etməklə Moskvaya da gedə biləcəyi qapıları nümayiş etdirir: Qərb qapısının təsir miqyası zəifləyib və Nikol bu qapını Tehran və Tiflis ilə əvəzləyə biləcəyini göstərir;

Paşinyan reallaşmasına özünün belə inanmadığı layihədən nəsə qazanmağa çalışır.

Asif Nərimanlı

reklam