Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Biz ölmüşük, ana? - Gəncəli körpənin monoloqu
11.10.2021 14:48
Bölmə:Ədəbiyyat 32 dəfə oxunub

Versiya.az Gəncənin raket atəşinə tutulmasının ildönümündə yazıçı Azad Qaradərəlinin "Gəncəli körpənin monoloqu" hekayəsini təqdim edir.


Gəncəyə ermənilərin raket zərbəsi zamanı həlak olan ananı körpəsi ilə bir tabuta qoymuşdular.

İnternet xəbərlərindən

Bura niyə belə dardır, ana? Sən məni həmişə bətninə sıxardın, amma indi bu yanımı bərk şey əzir axı? Məgər sənin bətnində belə bərk yer var? Mən heç eləsin görmədim heç?!

Ana, niyə dinmirsən? Sənnənəm axı...

Niyə qaranlıqdır bura? Mən axı sənin bətninnən çıxmışdım? Təzədən ora qayıtdım?

Bu adamlar niyə bura yığışıblar? Kimsə anlamadığım dildə nəsə oxuyur. Anlamasam da, ürəyimə yatdı ama...

Bir ora bax, baba ağlayır e... Səni ağlayır, məni ağlayır... Deyir ki, bizi xainlər oldürublər... Biz ölmüşük? Ölmək nədi ki, ana?

Uy daaaa! Ana, bizi bu taxtanın içərisində dar bir yerə qoyublar ki?! Ana, bir dillən də... Üstümüzə torpaq tökürlər, ana!

Neynək, dinmirsən, dinmə. Sən ki yanımdasan... Ömründə qorxmaram.

Hə, hə yadıma düşdü. Nə oldusa oyandım. Baxdım kı, sən yatırsan. Susamışdım. Elə səni çağırmaq istəyirdim ki, bir şey bum elədi. Su nədi,heç hava da olmadı nəfəs almağa...Olum buymuş də, ay ana...

O bum eləyəni kim atdı, ana? Bəs bilmədi ki, burda analar var, uşaqlar var?! Pis adammıs e, ay ana...

Ağzıma torpaq tökülür, daha danışa bilmirəm. Gəl ana, gəl səni bərk qucaqlayım ki, bu dar, qaranlıq yerdə tək olmayaq...Bircə bu bərk şey sağ tərəfimi əzməsəydi kaş...

Gəl, ana, gəl indi də mən sənin anan olum, qucaqlayim səni. Laylay çalım sənə:

- Anam laylay, anam laylay...

reklam