Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
Keşişlə söhbət- hekayə
06.12.2021 12:15
Bölmə:Ədəbiyyat 606 dəfə oxunub

«Mən uşaq idim, ancaq bir gecədə gəlin oldum, bir gecədə qadın oldum və bir gecədə ana oldum. Bütün bu dəhşətli hadisələrin yaşandığı bu şəhərə illər sonra yenidən gəlməyimin səbəbi də qorxularımla üzləşib, onları birdəfəlik beynimdən silib atmaq idi»...

Addımladığım yola düşən yağış damcılarının torpaqa hopması xoşuma gəlir. Yağış içimdə qəribə hisslər oyadır. Canıma üşütmə düşsə də, geyindiyim hündürdaban ayaqqabılar yeriməyimə mane olsa da, başımı yerə dikib yağışın səsindən həzz alıb yoluma davam edirəm. Qulaq cingildədən güclü zəng səsi məni düşüncələrimdən ayırır. Başımı qaldırıb, ətrafıma göz gəzdirirəm. Bu, kilsə zənginin səsidir. Beynimdə: “Bəlkə, kilsəyə gedib Allaha dua edim? Axı bura da Allahın evidir” fikirləşirəm. İçimdəki səs mənə “hə” deyir. Tərəddüd edirəm. Heç vaxt kilsədə olmamışam. Maraq mənə güc gəlir. O vaxt Tanrıya çox dua etsəm də, onu çağırsam da məni eşitməmişdi. Bəlkə, məni bu gün bu kilsədə eşidər.

Böyük və ağır qapını aralayır içəri keçirəm. Ətrafa göz gəzdirirəm. Ağsaçlı, qara eynəkli, başına bağladıqı qara rəngli yaylığı sürüşüb çiyinlərinə düşmüş kök bir qadın sağ əlində tutduğu yanan ağ rəngli şamla diğər şamları alışdıra-alışdıra dua edir. Bir cavan oğlan isə keşişlə nəsə danışır. Yaşlı bir qadın da var. Əlləri əsə-əsə kitab oxuyur. Eynək taxsa da hiss olunur ki, yenə də görməkdə çətinlik çəkir. Sıra ilə düzülmüş taxtadan olan qara rənglə boyanmış oturacaqda əyləşirəm. Kilsənin daxilində tavana birləşik dörd hündür sütun var. Əyləşdiyim yer sütunlardan birinin lap yaxınlığındadır. Tavandan zəncirlə üç böyük çılçıraq sallanır. Divarlarda isə müqəddəslərə aid şəkillər asılıb. Qucağında uşaq olan qadın şəkli marağımı çəkir. Uşaq gülür, qadın isə qəmlidir, boynunu büküb. Etiraf edim ki, bura xoşuma gəlməyə başlayır. İnsana hüzür, rahatlıq verir. Necə dua edəcəyimi, nəyə necə başlayacağımı bilmirəm. Keşiş cavan oğlanla danışsa da, ara-sıra mənə tərəf boylanır. Bir az sonra o, mənə tərəf gəlir, salam verir. Nə edəcəyimi bilmirəm. Eynəyini çıxarıb yaylıqla silir, təzədən taxır. Kilsəyə ilk dəfəmi gəldiyimi soruşur. Başımı tərpədib, bütün cəsarətimi toplayıb:

- Bəli, sizə demək istədiklərim var,-deyirəm.

Ağzımdan başqa heç bir söz çıxmır, boğazmdakı qəhərə toxunub içimə düşür.

Keşiş təbəssümlə:

-Bir az sonra sizə yenidən yaxınlaşacağam. Tanrı köməyiniz olsun”,- deyib gedir.

Öz-özümlə danışıram: “Axı keşişə nə deyəcəyəm? Ona nə barədə danışacağam?..

Qalxıb getmək istəyirəm. Keşiş bir qədər uca səslə məni səsləyir, əli ilə:

-”Buyurun, gəlin”,- deyir.

Məni kiçik bir kabinəyə salıb, özü də bu hücrənin digər tərəfinə keçir. Aramızda taxtadan olan, məsaməli arakəsmə var. Keşişin siluetini görmək olur.

-“Tanrı hər zaman böyükdür, buyurun sizi eşidirəm. Nədən, haradan başlayacağımı bilmirəm. Qərar verib söhbətə başlamalıyam, çünki keşiş danışmağımı gözləyir. Dərin bir ah çəkib susmağın faydasız olduğunu anlayıram.

Başımı yerə dikib, barmaqlarımı ovxalaya-ovxalaya söhbətə başlayıram: «Mənim qırx səkkiz yaşım var. Üç övlad anasıyam. Hər üç övladım qızdır və ailə həyatı qurub, xoşbəxt ömür sürürlər. Onlara saçımı süpürgə edib gözəl tərbiyə, təhsil verə bilmişəm. Həm də bütün bunları təkbaşıma etmişəm. Əzablı günlərim çox olub, amma təslim olmamışam. Anamız öləndən sonra atam məni Rusiyada alverlə məşğul olan dostuna zorla ərə vermək istəyirdi. Yaşca məndən çox böyük olan bu kişi evlənmək üçün “halal süd əmmiş qız” axtarırdı. Uşaq idim, on üç yaşım vardı. Məndən yaşca kiçik iki bacım da var idi. Atam bizə baxa bilmədiyini, kasıblığı bəhanə edirdi. “Evdə yemək yeyənlərin biri azalsın,”- deyib, məcburən məni o adama ərə verdi. Çox ağlayıb yalvarsam da, xeyiri olmadı. Atamın özü ilə yaşıd dostu gəldi. Lazımı sənədləri düzəltdi, atama xeyli pul verib, məni bacılarımdan ayıraraq özü ilə Rusiyaya apardı. Ondan çox qorxurdum. Hündürboylu, cüssəli adam idi»...

Keşiş maraqla mənə qulaq asır. Yaşadıqlarım yenidən gözlərim önündə canlanır. Susduğumu görüb:

-Rahat olun, mənimlə utanmadan, çəkinmədən danışa bilərsiz, - deyir...

Əvvəl-axır başıma gələnləri ya yazmalı, ya da kiməsə danışmalıyam. Bütün olanları keşişə danışmağa başlayıram:

«O gecə mən qorxsam da, o mənə zorla sahib oldu. Körpə bədənimin üzərinə daş kimi ağır cəmdəyi ilə uzanıb, rusca dodaqaltı nə isə donquldana-donquldana kobud əlləri ilə bədənimlə oynayırdı. Ondan spirt iyi gəlirdi. Bu iy mənə atamdan tanış idi. Mənə qarşı istəmədiyim hərəkətlər edirdi. Allaha dua edib, onu səsləyirdim. Allah vardımı? Var idisə, bəs harda idi? Üstümə çıxıb, dayanmadan sərt hərəkətlərlə təcavüz etməsinə tab gətirə bilmədim. Qarnımın altından ağrı qopdu. Canımı acı bir süstlük bürüdü. Bu süstlük bütün bədənimə yayıldı. Özümə gələndə daxilimdə dözülməz sancı vardı. Qıçlarımda qurumuş qan ləkələri gördüm. Ağrıdan ayağa da qalxa bilmirdim. Beləcə bu hal tez-tez, ayda, bəlkə də, on dəfədən çox təkrarlanırdı. Gecələrə nifrət edirdim. İstəmirdim gecə olsun. Spirt, tər, siqaret iyi verən bu buynuzlu qurumsaq mənimlə heyvan kimi rəftar edirdi. Nə ehtiras, nə şəhvət, hecnə hiss etmirdim. O isə daha da vəhşiləşirdi. Bir neçə aydan sonra hamilə olduğumu bilib mənə toxunmadı. “Oğlum olacaq”,- deyə öz-özü ilə danışıb, uşaq kimi atılıb düşürdü. Vaxt zaman gəlib çatanda, qızımız dünyaya gəldi. Doğuş çox çətin keçdi. Xoşbəxtlikdən nə uşağa, nə mənə heç nə olmadı... Gecələr uşaq ağlayanda bu bədəxlaq insan dəli olur: “Kəs onun səsini,”- deyirdi. Uşağa necə qulluq edilir, baxılır, bilmirdim. On dörd yaşımda ana olmuşdum. Uşaq ağladığına görə o məni dəfələrlə döymüşdü də. İlk övladımın bir yaşı olar-olmaz öyrəndim ki, yenə hamiləyəm. İkinci övladım da qız doğuldu. Bu dəfə o lap əsəb keçirdi. “Oğlan doğana qədər səndən əl çəkən deyiləm!”- dedi: Ard-ardınca üç qızım oldu. Allaha açığım tutmuşdu. Niyə axı belə edirdi? İllərlə körpə gözləyən qadınlara övlad vermirdi. O dəyyus isə yanımdan keçən kimi mən uşağa qalırdım. Bəxtim gətirdi ki, müflis oldu. Uşaqları da, məni də götürüb, əlində nə varsa dəyər-dəyməzinə satıb, vətənə qayıtdıq. Artıq mənə maraq göstərmirdi. Hər gün orda-burda içib, evə gəlir, leş kimi yatırdı. Beləcə bir neçə ay yaşadıq. Bizi rayonda qoyub, yenidən Rusiyaya qayıtdı. İlk vaxtlar az da olsa pul göndərirdi. Sonradan onu da göndərmədi. Gedib-gələnlə xəbər göndərsəm də, nəticə yox idi. Sonralar öyrəndim ki, avtomobil qəzasında gəbərib. Ölümünə sevinmədim, heç üzülmədim də. Artıq on doqquz yaşım var idi. Üç uşaq anası idim. Oturub kiminsə mənə sahib çıxmasını gözləyə bilməzdim. Özüm-özümə sahib çıxmalıydım. Məni övladlarımın gələcəyi düşündürürdü. Övladlarıma baxmaq üçün işləməli idim. İstirahət mərkəzlərinin birində xadimə kimi işə düzəldim. Uşaqları rayonumuzdakı bağcaya yazdırdım. Həyat mübarizədi və mən bu mübarizədən qalib çıxmağı bacardım. İndi övladlarımın yaşı otuzu keçib. Özləri də övlad sahibidirlər. Tanrı mənə daima kiçik xoşbəxtliklər verib. Mən də kiçik xoşbəxtliklərə görə ona təşəkkür etmişəm... İndi isə mən artıq başqaları üçün yaşamaq istəmirəm. Özüm üçün yaşamaq istəyirəm. Bilmirəm nə qədər ömrüm qalıb. Təhsil almaq, xarici dil öyrənmək, səyahətə çıxmaq istəyirəm, hətta yenidən ailə qurmaq da istəyirəm. Məni anlayan bir insan da var. O da təkdi, o da mənim kimi əzabla dolu həyat yaşayıb. Biz bir-birmizi gözəl də anlayırıq. Amma bəzi şeylər yenə də mən istəyən kimi deyil. Övladlarım məni çox sevsələr də, mənə dəli kimi baxırlar: “Bu yaşdan sonra nə evlənmək, nə təhsil almaq?..” Qızlarım mənə deyir ki, biz ər evindəyik, ərlərimiz sənin bu istəklərini bilsələr, bizə utanc hissi gətirərsən. Ürəyimi saplağından qırdılar. Heç vaxt, heç kim məndən nə istədiyimi soruşmadı. Övladlarım da onlar üçün çəkdiyim əzablara baxmayaraq məni anlamaq istəmədilər.»

Mən keşişlə söhbətimizi davam etdirmirəm. Keşiş də susur. Xristian dininə məxsus əl hərəkətləri edir. Bircə kəlmə ilə:

-”Müqəddəs ana və ruh eşqinə, Tanrı köməyin olsun,”-deyir.

Kilsədən çıxıram. Yağış yağmır. Göyün üzü aydın və buludsuzdu. Qarşıdan gələn yaz fəslinin ətri duyulur...

 Murad Muradov

reklam