Prezident birinci xanımla Füzuli və Cəbrayıla getdi
Millət vəkili Goranboyda vətəndaşları qəbul edib - FOTO- Fotolar
Britaniya səfiri Naxçıvandan İrana salam göndərdi
Gömrük Akademiyasında görüş keçirildi - Fotolar
Keçmiş məcburi köçkünlər tezliklə doğma torpaqlarına qayıdacaqlar
10.05.2022 10:32
Bölmə:Qarabağ 358 dəfə oxunub

44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız işğaldan azad edildi. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində ölkəmizin beynəlxalq nüfuzu artmış, iqtisadi cəhətdən güclü, hərbi cəhətdən qüdrətli bir dövlətə çevrilmişdir. Bütün bunlar bizi Zəfərə aparan əsas amillər oldu.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra bütün dünya erməni vandalizminin bir daha şahidi oldu. Çünki işğal illərində kəndlərimiz, şəhərlərimiz dağıdılmış, meşələrimiz yandırılmış, abidələrimiz məhv edilmiş, məscidlərimiz, ziyarətgahlarımız, məzarlıqlarımız talanmış, təhqir olunmuşdur.

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir.

Füzuli şəhəri kimi bir şəhər işğaldan azad edildikdə bayraq asmağa salamat bina tapılmadı. 30 il boyunca ermənilərin işi yalnız səngər qazmaq, istehkam qurmaq, tikanlı məftillər çəkmək, dağıtmaq, yandırmaq olub.

Müharibənin bitməsindən çox da böyük zaman keçməməsinə baxmayaraq, dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq və bərpa işləri aparılır. Təbiidir ki, bu işlər olduqca böyük maliyə vəsaiti tələb edir. Lakin hər kəs görür ki, Azərbaycan dövləti öz iqtisadi gücü, daxili potensialı hesabına nəhəng layihələrin icrasını təmin etməyi bacarır.

İşğaldan azad edilmiş ərazilərimizdən olan Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.

Sevindirici haldır ki, iri infrastruktur layihələrin icrası bizim rayonun ərazisində də uğurla həyata keçirilir. Cəmi 8 aya inşa olunan Füzuli Beynəlxalq Hava Limanı artıq istifadədədir. Prezident İlham Əliyev tərəfindən artıq açılışı həyata keçirilmiş Füzuli yarımstansiyası işğaldan azad edilmiş ərazilərin enerji təminatında mühüm əhəmiyyət daşıyır.

Hazırda Füzuli-Şuşa, Füzuli-Hadrud, Füzuli-Zəngilan, Füzuli-Ağdam avtomobil yollarının çəkilişi davam etməkdədir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 7 noyabr 2021-ci il tarixdə Zəfər yolunun açılışı gerçəkləşdi.

Dövlətin diqqət mərkəzində saxladığı vacib məsələlərdən biri də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasıdır. 30 ilə yaxın həsrətində olduqları yurd-yuvalarına qovuşmaq arzusunda olan insanların tezliklə arzularına çatmaları üçün dövlətimiz bütün tədbirləri görür. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf - əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır.

Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Kəndlər planlı şəkildə bərpa ediləcək. Hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır.

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfərlər etməsi, ölkə başçısı tərəfindən mühüm obyektlərin açılışının və təməlqoymasının reallaşdırılması qəti əminlik yaradır ki, tezliklə bu ərazilər gülüstana çevriləcəkdir. Və əminik ki, keçmiş məcburi köçkünlər tezliklə doğma torpaqlarına qayıdacaqlar.

Gülbahar Eyvazova

RİHB-nin müavini, ictimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdiri

 

reklam