Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
“Şuşa azad olunandan sonra erməni mənə yazdı ki...”- Şuşalı yazıçı ilə müsahibə
02.06.2022 19:29
Bölmə:Müsahibə 1069 dəfə oxunub

Teleqraf.com-un suallarını “Şuşa” qəzetinin baş redaktoru, yazıçı Kərim Kərimli cavablandırıb.

Versiya.az onunla müsahibəni təqdim edir.

 

- Kərim bəy, siz işğal dövründə də Şuşaya səfərlər etmisiniz. Bu səfərlərlə bağlı maraqlı xatirələriniz var. Artıq il yarımdan çoxdur ki, Şuşa azaddır. Bu gün Şuşaya qayıdış məsələsi aktualdır. Siz bu qayıdışı necə görürsünüz? Sualı daha sadə qoyaq: Şuşaya nə vaxt dönürsünüz?

Açığı bu barədə hələ ki, bizə konkret vaxt deyilməyib. Biz səbirsizliklə Şuşaya getmək, orada yaşamaq, işləmək istəyirik. Amma bilmirik nə vaxt geri dönəcəyik. Açığı vaxtın uzanmasından bir qədər narahatıq. Bir çox şuşalının orada evi durur. Prinsipcə, orada yaşamaq mümkündür. Amma dağıdılmış evlər, binalar da var. Məsələn, bizim Şuşadakı evlərdən birini ermənilər traktorun qarşısına verib yerlə bir edib, yol salıblar. 15-ə yaxın bina isə 2020-ci ildən sonra sökülüb. Onlar istifadəyə yararlı deyildilər, onların yerində yeniləri tikilir. Yəqin ki, evləri dağıdılmış şuşalılara yeni binalarda evlər veriləcək. Bundan başqa Şuşada stomatoloji xidmət, təcili yardım xidməti, güc strukturları, kommunal xidmətlər, qoruq idarəsi və digər qurumlar fəaliyyət göstərirlər. Məktəb, xəstəxanalar və digər qurumların fəaliyyəti təmin ediləndən sonra yəqin ki, şuşalıları da ora köçürəcəklər.

Şuşada yaşayıb fəaliyyət göstərmək istəyənlər çoxdur. Hətta Prezident də çıxışlarının birində bəzi məmurlara xəbərdarlıq etmişdi ki, Şuşada özləri üçün villa, iqamətgah tikmək fikirlərindən daşınsınlar. Həm də Şuşanın sahəsi o qədər də böyük deyil.

Şuşanı rəsmi dövlət idarələrilə bozartmaq olmaz. Dağın başında balaca şəhərdir. Ətrafında da elə düzənlik yoxdur ki, ərazisini böyüdəsən. Onu saysız hesabsız tikililərlə yükləmək olmaz. Şuşa sanatoriya, istirahət, turizm mərkəzi olmalıdır. Həm də Şuşa mədəniyyət paytaxtıdır. Burada mədəniyyət ocaqları yaradılmalıdır. Böyük dövlət idarələrinin binaları, sənaye müəssisələr Şuşadan kənarda olmalıdır.

 

- Ermənilər Şuşanın itirilməsilə heç cür barışa bilmirlər. Onlar nə vaxtsa ora qayıdacaqlarına ümid edirlər. Siz Şuşada yenidən ermənilərlə birgə yaşamağa hazırsınızmı?

- Onu qeyd edim ki, Sovet dövvründə rəsmi statistikaya əsasən Şuşa sakinlərinin cəmi 6 faizi erməni olub. Amma zahirən onlar çox görünürdülər. Yüksək vəzifələrdə təmsil olunurdular, qabağa çəkilirdilər. Kənardan baxanda adama elə gəlirdi ki, Şuşada ermənilərin sayı daha çoxdur. Sovet dövründə ev telefonu “prestij” sayılırdı. Ermənilərin evlərinə telefon daha tez çəkilirdi. Mənimlə paralel siniflərdə 4-5 erməni oxuyurdu. Yəni sayları o qədər də çox deyildi. Ermənilərin Şuşada yaşamasına gəlincə isə, əgər sülh müqaviləsi imzalanarsa, onlar Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, işğaldan öncə Şuşada yaşadıqları təsdiq olunarsa, bəli, ermənilər gəlib orada yaşaya bilərlər. O zaman gərək azərbaycanlılar da Ermənistandakı evlərinə geri dönsünlər.

 

- Sizin Xankəndi ermənilərinin gələcək taleyilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Artıq bir neçə gündür ki, Xankəndidə aksiyalar keçirilir, müstəqillik tələb olunur. Azərbaycan dövlətinin isə bununla bağlı mövqeyi bəllidir. Bu mənada siz bu prosesin sonunu necə görürsünüz?

- Azərbaycan unitar dövlətdir və konstitusiyamızda milli muxtariyyət məsələsi nəzərdə tutulmayıb. Naxçıvana da milli deyil, ərazi muxtariyyəti verilib. Ermənilərə hansısa inzibati muxtariyyət verilməsi üçün konstitusiyamıza dəyişiklik edilməlidir. Bunun üçün referendum keçirilməlidir. Ermənilərin müstəqillik tələbi absurddur. 2020-ci ildə Azərbaycan işğal altında olan ərazilərinin böyük hissəsini azad edib. Nəzarətimizdə olmayan ərazilərdə isə hazırda rus sülhməramlıları müvəqqəti olaraq yerləşiblər. Gec-tez Xankəndi Azərbaycanın yurisdistikası altına düşəcək. Bunun alternativi yoxdur. Qarabağ ermənilərinin adı qarşısında hər hansı “muxtariyyət” sözünü təsəvvür edə bilmirəm.

 

- Paşinyan da bir müddət öncə qeyd etdi ki, əgər 1991-ci ilin dekabrında Dağlıq Qarabağ erməniləri referendum keçirib, "müstəqilliyə" səs vermişdilərsə, nə üçün Sərkisyan 1998-ci ildə Madriddə Dağlıq Qarabağın müstəqil olması üçün yenidən referendum keçirilməsinə razılıq verib?..

- 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatlar Sovetliyi sessiyasını çağıraraq Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşmək barədə qərar qəbul etdi. Bu məsələ Azərbaycan Ali Soveti tərəfindən rədd edildi və Ermənistan Ali Soveti tərəfindən qəbul edildi. SSRİ Ali Soveti bununla bağlı xüsusi sessiya keçirdi və ermənilərin müraciətini rədd etdi. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində qaldı. Sonra qeyri-qanuni olaraq Dağlıq Qarabağ Direktorlar Şurası yaradıldı. Onlar Qarabağın müstəqilliyini elan etdilər. Sonra guya referendum keçirib müstəqil oldular. Bu da Azərbaycanın qanunlarına zidd idi. Azərbaycan dövlətinin icazəsi olmadan onun ərazisində hansısa referendum keçirilə bilməz. Ümumiyyətlə, o referendumda azərbaycanlılar iştirak etməmişdi. Tam qanunsuz idi. Sovet dövründə Dağlıq Qarabağın erməni rəhbərliyi bütün prosesə nəzarəti ələ almışdılar. Bizi əsgərliyə, Bakıya oxumağa gedəndə qeydiyyatdan çıxarırdılar, geri dönəndə isə qeydiyyata almırdılar. Amma erməni Xankəndidən, Şuşadan Sumqayıta gedəndə onları qeydiyyatdan çıxarmırdılar. Rəhbərlikdə olan avam azərbaycanlılar bütün bunlara göz yumurdular.

 

- Sizin ermənilərlə müəyyən təmaslarınız olub. 44-günlük müharibədən sonra ermənilər sizinlə əlaqə saxlayıblarmı? Onlar nə istəyirlər?

Hə, internet üzərindən təmaslarım var. Bir müddət öncə mənə bir erməni yazıb ki, yenidən Şuşaya dönsə ona yaşamağa icazə verərlərmi? Mən də ona sual verdim ki, sən Şuşaya nə vaxt gəlmisən? Məlum oldu ki, bu, 1992-ci ildən sonra Şuşaya gəlib. Əgər dədəsi-babası Şuşada yaşayıbsa, ev erməninin adınadırsa,başa düşmək olar. Amma kimki sonradan gəlib evi zəbt edib, təbii ki, ona orada yaşamağa icazə vermək olmaz. Sülh müqaviləsi bağlanandan sonra birgəyaşayış məsələsi də həllini tapacaq. Ermənistanda bir neçə qrup var. Birinci qrup, müharibənin əleyhinə, sülhüt tərəfdarı olanlar. İkinci qrup, Sərkisyan-Köçəryan tərəfdarları. Onlar işğal zamanı varlanıblar, vəzifəyə gəliblər. Üçüncü qrup, diaspordan asılı olanlar. Dördüncü qrup, laqeydlərdir. Onları Qarabağ məsələsi maraqlandırmır.

 

- Azərbaycan Xankəndidəki ermənilərə əlavə imtiyaz olaraq nə verə bilər?
- Bayaq qeyd etdiyim kimi, Azərbaycan ermənilərə adında mutariyyət olan heç nə verə bilməz. Mən Finlandiyada Aland adalarında olmuşam. Alandın adı belədir. Aland muxtariyyəti. Vilayət, respublika sözü yoxdur. Alandlılara çox böyük muxtariyyət veriblər, yaxşı da inkişa ediblər. Biz Qarabağa hansı muxtariyyəti verə bilərik? Qarabağ böyük ərazidir. 20-yə yaxın rayon bu əraziyə daxildir. İnzibati muxtariyyət mümkün deyil. Azərbaycanda Qarabağ ermənilərinə siyasi müxtariyyət verə biləcək hökumət yoxdur, olmayacaq da. Mədəni muxtariyyət isə absurd bir şeydir. Əgər dövlət vətəndaşının inkişafını istəyirsə ona şərait yaratmalıdır ki, oxusun, inkişaf eləsin. Qarabağ ermənilərin erməni dilində saytı, radiosu, məktəbi olsun. Mənim saytım var. Rus, ingilis dilində də ora materiallar qoyuram. İmkanım olsa eməni dilində də yazılar yerləşdirərəm. Dil məsələsinə heç bir məhdudiyyət ola bilməz.

 

 
Müəllif: Ruslan Xəlil
reklam