Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
Şəhid Ziyad Muradovun "Vətən məni çağırır" adlı kitabının təqdimatı olub
10.06.2022 10:47
Bölmə:Şəhidlər 878 dəfə oxunub

Füzuli rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid Ziyad Muradovun yaradıcılığına həsr olunan tədbir keçirilib. “Vətən məni çağırır” adı altında təşkil olunan tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və tədbirin təşkilatçısı olan şəhər 48 saylı tam orta məktəbin kollektivi iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ziyad Muradovun yazdığı şerlərdən ibarət “Vətən məni çağırır” adlı kitab iştirakçılara təqdim olunub. Sonra şəhidimizin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Toplantıda çıxış edən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsini müdiri Gülbahar Eyvazova 44 günlük Vətən müharibəsindən, bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun yazdığı şanlı Zəfər salnaməsindən söz açıb. Xalqımızın böyük Zəfərə qovuşmasında vətənpərvər ruhlu gənclərin misilsiz rolunu diqqətə çatdıran natiq şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq dolu döyüş yollarının gənclərimiz üçün əsil vətənpərvərlik məktəbi olduğunu bildirib. Ziyad Muradovun şerlərində də vətənini, torpağını sevən, bu sevgi naminə ölümə getməyə hazır olan bir gəncin saf duyğularının əks olunduğunu qeyd edən G.Eyvazova şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb.

Həmçinin şəhidin həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Bildirilib ki, Ziyad Muradov 1991-ci il fevralın 3-də Füzuli rayonu Arış kəndində dünyaya göz açıb. 1-ci Qarabağ müharibəsində Ermənistan hərbi birləşmələrinin torpaqlarımızı işğal etməsi zamanı körpə Ziyad ailəsi ilə birlikdə öz doğma yurdundan məcburi köçkün düşərkən başından qəlpə yarası alıb. Yeniyetmə çağlarından Vətən həsrət ilə yaşayan Ziyad Muradov doğma yurduna qovuşacağı günü səbirsizliklə gözləyib. Həqiqi hərbi xidmətini də ön cəbhədə yerinə yetirən Ziyad daha sonra müddətdən artıq hərbçi olaraq Vətənin keşiyində dayanıb.

Şəhidimiz həmçinin şerlər yazıb. O, hələ 2017-ci ildə “Gənc yazar” adına layiq görülüb. Öz doğma yurduna qayıdacağı günü səbirsizliklə gözləyən Z.Muradov Vətən müharibəsinin öndə gedən iştirakçılarından olub və Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə xüsusi fəallıq göstərib. Ziyad oktyabrın 15-də öz doğma yurdu olan Arış kəndinin azad olunmasında da fəal iştirak edib. O, hələ körpə ikən qəlpə yarası alaraq ayrdıldığı doğma kəndinə, Arışa Müzəffər Azərbaycan hərbçisi olaraq qayıdıb. Oktyabrın 20-də gedən gərgin döyüşlər zamanı qəhrəmancasına həlak olan Ziyad Muradov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Tədbirdə 48 saylı tam orta məktəbin direktoru Şərafət Hacıyeva çıxış edərək şəhidlərimizin şərəfli ömür, qəhrəmanlıq dolu döyüş yollarının gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün əsil mənbə olduğunu diqqətə çatdırıb. Məktəbin nümunəvi siniflərindən olan 3b sinfinə şəhid Ziyad Muradovun adının verildiyini elan edən məktəb rəhbəri kollektivinin mütəmadi olaraq şəhid ailələrini ziyarət etdiyini, məktəbdə vətənpərlik motivli tədbirlərin tez-tez təşkil olunduğunu bildirib.

Daha sonra şagirdlərin ifasında Vətən müharibəsi şəhidinin şerlərindən hazırlanmış kompozisiyalar təqdim olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

reklam