Payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə bölgələrdə toxum sərgi-satış yarmarkaları keçirilir.

Versiya.az xəbər verir ki, mövsüm ərzində Şəki, İsmayıllı, Quba, Ağcabədi, Sabirabad və Cəlilabad rayonlarında təşkil olunan yarmarkalarda minlərlə fermer yerli və xarici toxum sortları ilə tanış olmaq imkanı əldə ediblər. 

Bu gün növbəti toxum sərgi-satış yarmarkası Hacıqabul rayonunda təşkil olunub. “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkında təşkil olunan yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC,  Dövlət Toxum Fondu, Aqrar Sığorta Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, rayonda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Aqrar sahədə uğurlu islahatların həyata keçirilməsi məhsuldarlığın artmasına ciddi təsir göstərib. Taxılçılıqda məhsuldarlığın artmasına fermerlərin keyfiyyətli, sertifikatlaşdırılmış toxumlara üstünlük verməsi müsbət təsir edib. Bu cür yarmarkaların keçirilməsi toxum istehsalçıları ilə fermerlərin birbaşa əlaqələrin qurmasına, təcrübə mübadiləsi aparmasına səbəb olur. 

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hər il olduğu kimi bu il də toxum satış yarmarkalarına maraq böyükdür: “Yüksək məhsuldarlığın əldə olunması üçün ilk addım keyfiyyətli, sertifikatlaşmış toxumdan başlayır. Əkin materialının düzgün seçilməsi yekun nəticədə fermerin yüksək məhsuldarlıq və daha çox gəlir əldə etməsinə səbəb olur. Hər il sahələrdən yüksək məhsuldarlıq əldə edən fermerlərin sayı artır. Burada düzgün aqrotexniki qulluq qədər, düzgün toxum seçimi də mühüm rol oynayır. Bu cür yarmarkalar həm fermerlərin keyfiyyətli toxuma əlçatanlığını təmin edir, həm də toxum bazarının formalaşmasına da müsbət təsir göstərir”.

Ölkənin ən böyük toxum istehsalçılarından olan “Agrodiary” MMC-nin rəhbəri Niyazi Əmirbəyov bildirib ki, fermerlər bu il keyfiyyətli toxum almağa daha çox maraq göstərirlər: “Ötən il müxtəlif sort toxumlardan yüksək məhsuldarlıq əldə edən fermerlər artıq növbəti əkin mövsümü ərəfəsində də keyfiyyətli toxum ehtiyatı formalaşdırırlar. Toxum istehsalında müasir innovasiyalardan istifadə olunur, müxtəlif iqlim şəraitinə uyğun toxum yetişdirilir. Ən əsası fermerlərin sərbəst seçim etmək imkanı var, bu gün keçirilən yarmarka belə imkanlardan biridir”. 
Daha sonra tədbir iştirakçıları müxtəlif növ toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüblər. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.