Qacar kəndi: ocağa kəm baxanların vandalizmi - Foto

Tarix: 03-04-2025 14:10 | Bölmə: Qarabağ / - | Baxış: 92

Füzulidəki Qayıb ocağına kimlər zərər vurub? - VİDEO

Füzuli rayonunun Qacar kəndi Köndələnçayın (Arazın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndin adını Azərbaycanın qacar tayfasının adı ilə əlaqələndirirlər. Bu haqda "Yuxarı Qarabağın Toponimləri"ndə məlumatlara rast gəlmək olar. Füzuli şəhərinin yaxınlığında, Köndələn çayı sahilində, Xəzəz və Topatılan dağları arasında yerləşən, gözəl təbiətə, münbit torpağa malik olan Qacar kəndi 2 aprel 1993-cü ildə işğal edilmiş, 25 nəfər kənd sakini yerindəcə güllənənmiş, onlarla yaralı və şəhidlə kənd itirilmişdir.

Kəndin adı mənfur düşmənlər tərəfindən dəyişdirilərək Civani adlandırılmışdır. 2005-ci ilin rəsmi məlumatına görə kənddə 145 nəfər erməni məskunlaşdırılmışdır. Ermənistan höküməti tərəfindən onların məskunlaşması üçün kəndin girişindən sağ tərəfdə 39-40 evdən və məktəb binasından ibarət yaşayış məntəqəsi salınmışdır. Son günə qədər ermənilər həmin kənddə yaşamışlar (Füzulinin ermənilərin intensiv şəkildə məskunlaşdığı tək kəndidir).

Kənd 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. İşğaldan azad olunandan sonra son anda qoyub qaçdıqları onlara məxsus evlər, məktəb binası bütün təchizatı ilə tam istifadəyə yararla vəziyyətdə idi. Lakin azərbaycanlılara məxsus bütün tikililər, bağlar viran qoyulmuşdu. Kənd ərazisində daşı-daş üstündə qoymamışdılar. Bütün bulaqlar qurudulmuş, yaxud istiqamətləri dəyişdirilmiş, kənd məscidi şəxsi məqsədləri üçün istifadə edilmiş, azərbaycanlılara məxsus kənd qəbiristanlığı tamamilə uçurdulmuşdur. Kənd məscidi - XIX əsrə aid kəndin yeganə məscidi və ərazidəki həmin əsrə aid azsaylı tikililərdən biri idi.

Antiterror əməliyyatına qədər orada salınmış qəsəbə istifadəyə yararlı halda idi. Lakin nə oldusa, ondan sonra oldu. Ərazidə salınmış evlər də nəzarətsiz qaldığından kimliyi məlum olmayan şəxslər tərəfindən talan edilməyə başlandı. Qapı, pəncərə, evlərin içərisindəki əşya və avadanlıqlar, ən sonda isə evlərin dam örtükləri və həyətyanı sahələrdəki dəmir durğular oğurlandı. Kənd camaatı hər dəfə kəndə səfər edərkən başqa bir yerin talan edildiyinə şahid oldular. Mart ayının 20-25 tarixləri arasındakı vaxtlarda isə dam örtüyü yeganə salamat qalmış tikili, ermənilərə məxsus məktəbin dam örtüyünün oğurlandığına şahid olundu (kənd sakinləri qəbiristandakı bərpa işləri ilə bağlı iməcilik təşkil edərkən yağışdan, qardan daldalanmaq üçün binadan istifadə edə bilirdilər). Ən sonda isə kəndin yeganə pirinin viran qoyulma videoları yayılmağa başladı. Pirocaq kənd sakinlərinin və ətraf kəndlərin sakinlərinin dərin inancını qazanmış bir ocaq idi.

Pirocağın bilinən tarixinin Yuxarı Qarabağ Toponimlərindəki yeganə qeydlərə əsasən XIX əsrə aid olduğu deyilir. Lakin ocağın yaşının Osmanlı dövrünə qədər gedib çıxdığı və Qayı şəcərəsinin cəddi hesab olunduğu deyilir (Osmanlı padşahı Süleyman şahın həmin şəcərənin mənsubu olduğu deyilir). Kənd sakinlərindən Şükür Səfərovun şəxsi araşdırması nəticəsində Qayi obası haqqında məlumatlar əldə edilmişdir ki, onların da soy kökünün Oğuz türklərinə gedib çıxdığı hesab edilir. Qayı obası Azərbaycanın şimal və cənubuyla irəliləyərək Monqol istilasından xilas olmaq üçün 1200-cü illərdə Ərzincana çatmaq üçün yolboyu məskunlaşmağa məcbur qalmışlar. Məskunlaşdıqları ərazilərdən biri də məhz Qacar kəndinin ərazisi olduğu düşünülür ki, 1999-cı ildə İstanbulda nəşr olunan "Oğuzlar adlı kitabda bu haqda məlumata rast gəlmək olar.

Fərid Summerin müəllifi olduğu kitabda belə bir cümlə var: "Oğuz xanın oğlu Gön xanın oğlu Qayinin cəddi olmuşdur". Məskunlaşma yerinin uyğunluğu "Qayi obası", "Qayinin cəddi" sözlərinə əsaslanaraq ocağın Osmanlı dönəminə aid edildiyi də irəli sürülən fikirlərdən biri hesab edilir.

Bütün bu tarixi məlumatları nəzərə alaraq, bildirə bilərik ki, tarixi bizim düşündüyümüz, toponimlərdə qeyd edilən əsrlərdən də daha öncəki əsrlərə aid ola biləcək bu tikili, dini-tarixi abidə, kəndin yeganə pirocağı, kənd sakinlərinin "Qayıb ocağı", "Qeyb ocağı" adlandırdığı, yazılı ədəbiyyatda adı "Pirocaq" adlandırılan bu tikili kimliyi naməlum şəxslər tərəfindən viran qoyulub.

 Dam örtüyü tamamilə oğurlanıb, bütün dəmir qurğuları çıxarılıb, üstəlik divarları da uçurulub. Tarixi və dini abidələrin qorunub gələcək nəsillərə ötürməsi vacib olan bir dövrdə 30 il düşmən tapdağı altında qalmasına baxmayaraq, təbiət şərtləri, baxımsızlıq ucbatından zədələnsə də varlığını sürdürən bu tikili bugün hansısa işbazlar tərəfindən yerlə yeksan edilmişdir. Bu məsələ ilə bağlı sakinlər tərəfindən müxtəlif foto və video-müraciətlər hazırlanaraq, sosial şəbəkələrdə də ictimailəşdirilsə də, bununla da kifayətlənməyərək, sakinlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktubla müraciət ünvanlanmış, müvafiq qurumlar məsələ ilə bağlı məlumatlandırılmışdır. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaqdır. Dini və tarixi abidələri, tikililəri, maddi və mədəni irsimizi məhv etməyə, yerlə yeksan etməyə, silməyə və zərər verməyə çalışan hər kəs gec-tez qanun qarşısında cavab verəcəyini və tezliklə tikilinin bərpa olunması ilə bağlı müvafiq tapşırıqların verilməsini arzu edirik.

Tariximizi qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur!

Sevinc İntiqam


Xəbəri paylaş