Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
“İrana qarşı ssenarilər birbaşa Yerevandan idarə edilir”- Politoloq
“Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu”
"...Siyasi, iqtisadi və korporativ maraqlar güdülməməlidir” - Komitə sədri
"Ölkəmizdə gündə 3 min yoluxma var..." - Həkimdən şok sözlər
18.06.2020 10:10
Bölmə:Müsahibə 66 dəfə oxunub

Dünyada taclı virusla mübarizə davam edir. Statistika göstərir ki, son zamanlar bir çox ölkələrdə pandemiyanın yeni dalğası başlayıb, yoluxma və ölüm rəqəmləri artır. Bəs Azərbaycandakı durumu necə izah etmək olar?

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Doktor, ÜST rəsmiləri bildiriblər ki, pandemiyanın başa çatmasının 3 ssenarisi var: ya vaksin tapılacaq və 7 milyarda yaxın insan peyvənd olunacaq, ya da virus xəstələrini sağaldan dərman kəşf ediləcək. Başqa bir variant da virus mutasiyaya uğrayacaq və xəstələndirmək qabiliyyətini itirəcək. Hansı daha realdır?

-İkinci variant daha realdır. Virusun mutasiyaya uğraması və günbəgün ləngiməsi yoluxdurma qabiliyyətini azaldır. Müalicə məsələsinə gəldikdə isə koronavirusun müalicəsi var. Artıq dərmanı da tapılıb.

- Dərmanın tapılması məsələsinə toxundunuz. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus İngiltərənin Oksford Universitetinin “deksametazon” adlı dərmanın ağır koronavirus xəstələrinin müalicəsində effektiv olduğunu bildirib. Bu barədə siz nə deyə bilərsiz?

- Deksametazon dərmanı ağır iltihabi infeksion proseslərdə uzun illərdir istifadə olunur. Koronavirus xəstələrinin müalicəsində biz də bu dərmandan istifadə edirik və edəcəyik də.

Oksford Universitetinin tədqiqatında bütün koronavirus xəstələrindən yox, koronavirusla bağlı ağır tənəffüs çatışmazlığı olan xəstələrdən söhbət gedir. Hansı ki, onlar süni tənəffüs və ya ECMO aparatına qoşulur. Yəni bu dərman ağır reanimasiya şəraitində müalicə olunan xəstələrə tətbiq olunur.Universitetin tətqiqatçıları müəyyən ediblər ki, 6 milli qram dozada 10 gün ərzində deksametazon dərmanından istifadə olunarsa, bu xəstələrin ölüm nisbəti 40 faizdən 22 faizə düşür. ECMO aparatına qoşulan hər 5 xəstədən isə yalnız biri sağalır.

- ECMO aparatı ilə müalicə mövzusuna toxundunuz. Xalq artisti Bəhram Bağırzadə də bu aparata qoşulub. Bunun digər müalicə üsullarından fərqi nədir?

- Orqan çatışmazlığı, məsələn, böyrək çatışmazlığı olan zaman xəstələr dializə göndərilirlər. Onların böyrəklərini ECMO aparatı əvəz edir. Yəni hər hansı orqan öz funksiyasını tamamilə itirərsə, o zaman süni orqan, yəni aparatla əvəz olunur. Bəhram Bağırzadənin müalicə rəhbəri Rəşad Mahmudovun dediyinə görə, onun ciyərlərinin 90 faizi işləmədiyi üçün məcburən müalicə vasitəsi olaraq xəstəni ECMO aparatına qoşublar.

Hazırda Bəhram Bağırzadənin ağciyərləri əvəzinə süni ağciyər aparatı olan ECMO işləyir. O, həmin aparatla nəfəs alır. Aparat onun qanını oksigenlə təmin edib, yenidən xəstənin özünə qaytarır.

- Doktor, bildirildiyinə görə, COVID-19 ağciyərlərlə yanaşı, böyrəyi də sıradan çıxarır. Bu doğrudurmu? Proses necə baş verir?

- COVİD-19 koronavirus ailəsinə mənsubdur. Bu günə qədər koronavirusun 6 növü məlum idi, COVID-19 isə 7-ci növüdür. Bu virusların hamısı daxili orqanları zədələyir. Hansı orqanda zəiflik, patologiya varsa, ilk növbədə həmin orqan zədələnir. İlk növbədə ağciyər ziyan görür ki, yoluxanların əksəriyyətində bu baş verir.

Bir çox xəstələr yaşlı insanlardır, onların arasında siqaret çəkən, piylənmə prosesi gedən, şəkər olanlar üstünlük təşkil edir. Yanaşı xəstəliklərin 10, 15, 30 illik dövrü olursa, virus ağciyərlərlə yanaşı, digər orqanları da asanlıqla zədələyir. Lakin ağciyərlər daha çox hücuma məruz qalır.

- Sağalan xəstələr bildirirlər ki, ilk analiz verdiklərində ağciyərlərində heç bir problem olmur. Xəstəlik bir müddət sonra özünü göstərir...

- Bəli, koronavirus öz işini görüb, kənara çəkilir. Bir neçə həftə sonra rentgen görüntülərində xəstəlik üzə çıxır. Amma bəzi xəstələrdə əksinə, heç bir əlaməti olmur, fəsad yalnız rentgen tomoqrafiya göstəricilərində görünür. Lakin müayinə apardıqları zaman heç bir əlamət nəzərə çarpmır.

- Əlaməti olmayan xəstələrə toxundunuz. Bəzi insanlar virus daşıyıcılarıdırlar, yaxud yoluxublar, heç bir simptom yoxdur. Beləəri koronavirusa yoluxduqlarını necə müəyyən edə bilərlər?

- Əlaməti yoxdursa, xəstə bunu müəyyən edə bilməz. Əgər profilaktik məqsədlə diaqnostik test götürülsə, virusu aşkarlamaq olar. Lakin diaqnostik testin də doğruluq nisbəti 60 faizdir. Bu o deməkdir ki, hər 100 nəfərdən 40-da testin nəticəsi yanlışdır.

- Bəs bu yalnış nəticələrin qarşısını almaq üçün nə tövsiyə edirsiniz?

- Əlamətləri olan xəstələr yenidən analiz olunmalıdır. Növbəti müayinə pulmeral zəncirvari reaksiyadır. PSR-in dəqiqliyi olduqca yüksəkdir. 90-100 faiz səviyyəsində doğru nəticə göstərir. Diaqnostik testlər toplum üçündür. Şübhəliləri araşdırmaqdan ötrü tətbiq olunur, PSR isə dəqiqləşdirici son müayinədir.

- Hazırda virusla savaşın ön cəbhəsində olan həkimlərimiz arasında da virusa yoluxma və ölüm halları artıb. Həkimlərimiz virusdan necə qorunmalıdırlar?

- Həkimlərin ölüm halları günbəgün çoxalacaq. Virusa yoluxan tibb işçilərinin əksəriyyəti pandemiya xəstəxanalarına qədərki mərhələdə işləyən həkimlərdir. Poliklinikalarda, sahə məntəqələrində çalışan həkimlərdir ki, onlar adi ağ xalatla xəstə qəbul edirlər.

Koronavirus xəstəxanalarında işləyən həkimlər xüsusi qoruyucu geyimlərdə olurlar. Belə yerdə çalışan tibb işçiləri arasında yoluxma hadisələri o halda mümkündür ki, təhlükəsizlik qaydalarına riayət etməsinlər. Ona görə də pandemiya xəstəxanalarında həkimlərin və tibb işçilərinin yoluxma riski olduqca azdır, demək olar ki, yox səviyyəsindədir.

Qeyri xəstəxanalarda, poliklinikalarda həkimlər adi geyimdə olduqları üçün müalicə prosesində virus daşıyıcısı olan xəstələrin onları yoluxdurması qaçılmazdır. Belə hallar bütün dünyada var, o cümlədən Azərbaycanda.

- Həkimlər arasındayoluxma və ölüm hallarını qeyd etdiniz. Hazırda ölkəmizdə yoluxma statistikası 400-ə yaxınlaşır. Vətəndaşlar arasında yoluxmaların pik həddi nə qədər olacaq?

- Rəsmi rəqəmlər belədir. Mənim fikrimcə, bu say 1400-2400 arasındadır.

- Nəyə görə belə düşünürsünüz?

- Üç gün əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verdi ki, yüngül və asimtomatik xəstələr xəstəxanalara qəbul edilməsin. Ona görə ki, artıq xəstəxanalarda sıxlıq müşahidə olunur, orta ağır və ağır xəstələr yerləşdirilir. Bu səbəblə asimtomatik xəstələr artıq ev şəraitində müalicə alır. Onlardan testlər götürülüb, əksəriyyətində test nəticəsi pozitiv çıxıb. Həmin xəstələrin əlamətləri var, amma test götürülməyibsə, evdədirlər və yaxud hardasa digərlərini yoluxdururlar. Evdə müalicə olunan xəstələri nəzərə alsaq, fikrimcə, bu gün Azərbaycanda gündəlik yoluxma halı 1000-3000 arasındadır.

- Necə düşünürsüz, ikinci dalğa gözlənilirmi?

- İkinci dalğanın başlamasından ötrü birincisi bitməlidir. Birinci dalğanın isə nə zaman bitəcəyini demək çox çətindir. Sistemli iş görülmədiyinə, karantin qaydalarına düzgün riayət olunmadığına görə, eyni zamanda insanlar əks epidemiolojik davranış qaydalarını bilmədikləri üçün, hətta həkimlər arasında da virusu inkar edənlər olduğundan bu məsələdə proqnoz vermək çox çətindir. Cəmiyyət nə qədər intizamsız olsa, bu proses bir o qədər uzun sürəcək.

Bu minvalla getsək, sərt tədbirlər görülməsə, düzgün addımlar atılmasa, proses getdikcə pisləşəcək. Virusun aktivliyi azalmalıdır ki, cəmiyyət də virusdan azad olsun.

- Sizcə, hazırda tətbiq olunan qaydalar düzgün planlaşdırılıbmı? Həftəsonu qadağalarını doğru hesab edirsinizmi?

- Bu, bilirsiz nəyə bənzəyir, şampan butulkasının ağzı açıldığı zaman köpükləri hər yana yayılır. Eyniylə də insanlar qadağanın səhəri günü şəhərə axın edirlər. Yayılan şampan damlalarının ətrafı çirkləndirdiyi kimi, insanların da bu hərəkəti yoluxma ehtimalını artırır. Ona görə də mən belə sutkalıq, saatlıq rejimlərin əleyhinəyəm. Mənə görə, bu, daimi olmalıdır.

- Bu qeyd etdikləriniz əlaqədar qurumların üzərinə düşür. Bəs insanlar nə etməlidir?

- İnsanlar 3 məqama diqqət yetirməlidir: Maska, sosial məsafə, mütəmadi gigiyena. Siz maska taxmaya da bilərsiniz, amma qarşınızda olan şəxslə azı 2 metr məsafə saxlamalısınız. O adam sizə yaxınlaşırsa, siz onu, o da sizi qorumaq üçün maska taxmalıdır. Maska ondan istifadə edən şəxsin özü üçün yox, bir-birini qorumaq üçündür.

Eyni zamanda, harada əl yuma yeri, su, sabun gördünüzsə, mütləq əlinizi yumalısınız. Fərqi yoxdur, məscid, restoran, ev, hər yerdə...

- Qorunma qaydalarından danışdıq. Amma virusa inanmayanlar bunu ideologiyaya çevirib...

- Bəli, insanlarımız əks-epidemik davranışlara riayət etmirlər, virusa inanmırlar. Bu prosesə qalib gəlmək üçün ilk növbədə həkimləri, sonra media işçilərini, sonra ziyalıları, son mərhələdə isə adi insanları virusun təhlükəli olmasına inandırmaq lazımdır. İnsanlar buna inanmasa, pandemiyanın ləğvindən söhbət gedə bilməz.

- Bəs bu şəxsləri necə inandıraq?

- İnsanları inandırmağın sadə yolları var. Bunun üçün təbliğat aparılmalıdır, xəstələri televiziyalarda, kütləvi informasiya vasitələrində göstərmək lazımdır, sağalan insanlar bu barədə məlumat verməlidirlər.

Azərbaycanda insanlar maska taxmadığı üçün 50 manat cərimə olunursa, Gürcüstanda bu məbləğ 3000 lari, yəni 1 663 manatdır. Bu cərimənin hesabında Gürcüstanda gündəlik yoluxma həddi azaldı, bu gün orada 8 yoluxma faktı qeydə alınıb.

Azərbaycandan bir günlük yolxuma bu günə qədər Gürcüstanda baş verən 3 aylıq yoluxma sayına bərabərdir. Onlarda 8-9 arasında yolxuma hadisəsi qeydə alınırsa, bizdə 1 000-2 000 arasında dəyişir. Hesab edək ki, bu gün Bakıda 500 nəfər maska geyinmədiyi üçün polis tərəfindən məsuliyyətə cəlb olunaraq həbs olunur, bir qismi də inzibati məhkəmələrə aparılır. Məhkəmələr onlara ya pul, ya da 15-30 sutka həbs cəzası tətbiq edir. Məhkəmələrin səlahiyyəti var ki, kəsilən cərimələri ictimai işlərlə əvəz etsinlər.

İctimai iş nədir? Küçə süpürmək. Bu adamlara 200 saat ictimai iş cəzası kəsilir və onlar pandemiya xəstəxanalarına göndərilir. Bakıda hazırda 7-8 pandemiya xəstəxanası fəaliyyət göstərir. Məsələn, 1 saylı şəhər xəstəxanası 1500 çarpayıdan ibarət böyük pandemiya xəstəxanasıdır. Həmin xəstəxanada polis nəzarəti altında sözügedən şəxslərə skafandr geyindirilir. Xəstəxananın təmizlik işlərinə cəlb olunaraq onları orada işlədirlər.

8 saat iş müddəti bitdikdən sonra isə növbəti gün yenidən cəzaları bitənədək bu işə cəlb olunurlar.Media nümayəndələri də bunu işıqlandırmalıdır. Bu adamlar hadisələrin gedişatı barədə ətrafdakılara danışacaqlar. Bu cür cəza tədbiri nəticəsində insanlar bir-iki gün sonra kütləvi sürətdə epidemiya əleyhinə davranış qaydalarına riayət edəcəklər və hamı da virusun varlığına inanacaq.

- Siz Azərbaycandakı cərimənin məbləğini Gürcüstanla müqayisə etdiniz. Vətəndaşlarımız 50 manata etiraz etdikləri halda, 1600 manat cərimənin tətbiqi nə qədər uğurlu ola bilər?

- Fikrimcə, cərimələrin məbləğini artırıb, həmin pulu da koronavirusla mübarizə fonduna köçürsünlər. Cərimə miqdarı az olduğuna görə bu qayda bizdə işləmədi. Deməli, 50 manat azdır, 500-1000 manat tətbiq etmək lazımdır. Gürcüstanda insanlar bu pulu ödəməmək üçün küçələrə çıxmadılar, maskadan istifadə etdilər.

Eyni zamanda, hansı ölkədə vəziyyət yaxşıdırsa, onların təcrübəsindən istifadə etməliyik. Gürcüstanın, Belarusun, İsveçrənin təcrübəsinə baxmaq lazımdır. Türkiyədə vəziyyət daha da acınacaqlıdır. Son iki gündə ölüm və yoluxma artıb. Türkiyədə, ABŞ-da vəziyyət acınacaqlıdır, Braziliyada bu gün 35 min nəfər virusa yoluxub. Biz bu gün Braziliya təcrübəsinə müraciət etməliyik? Ermənistanda durum çox bərbaddır. Belarusda vəziyyət olduqca yaxşıdır, onlarda ölüm faizi 0,55, bizdə isə 1,5 faizdir. Belçikada gündəlik yoluxma 1700-1800 arasında dəyişirdisə, bu gün son bir həftədə yoluxma sıfıra düşüb. Buna görə növbəti günlərdə tətbiq olunacaq qaydalarda bu statistik göstəricilər nəzərə alınmalıdır.

Site Reklam