Azərbaycanda bir gündə 502 nəfər koronavirusdan sağaldı - 526 yoluxma, 8 ölüm
Kürdə 3 nəfər batıb
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
ABŞ-da rekord sayda yoluxma qeydə alındı
“Türklər ordunu da demokratiya əsasında qurublar”- - Elçibəyin Türkiyə parlamentindəki çıxışı
24.06.2020 16:57
Bölmə:Günün Fotosu 88 dəfə oxunub

Bu gün mərhum prezident Əbülfəz Elçibəyin doğum günüdür. Qeyd edək ki, Ə.Elçibəy prezident kimi ilk xarici səfərini 24-27 iyun tarixlərində qardaş Türkiyə dövlətinə edib. Elçibəy 24 iyunda İstanbulun hava limanına enərkən onu dövlət naziri Şərif Ərcan və xarici işlər naziri Hikmət Çətin qarşılayıb.

Şərəf salonunda Elçibəy Türkiyə və xarici ölkə jurnalistləri üçün ilk müsahibəsində bildirib: “Mən Anadolu torpağına ilk dəfə gəlirəm. Türkiyənin mədəniyyəti, ədəbiyyatı, dili, tarixi, kamalçıların azadlıq hərəkatı ilə tanış olduqdan sonra qəlbimdə bu torpağın gözəl obrazı yaranmışdı. [...] Sakarya və İnönü döyüşlərinin tarixini öyrənərkən bu yerlərə gəlməyi, özümü vətənin istiqlaliyyəti uğrunda mübarizlərin sıralarında hiss etməyi arzulayırdım. [...] Bir çox görkəmli dövlət və din xadimlərinin, Mustafa Kamal Atatürkün, Məhəmmədəmin Rəsulzadənin, Zəki Vəlidi Toqanın, Adam Mitskeviçin və azadlıq uğrunda digər mübarizlərin uyuduğu Anadolu torpağı müqəddəsdir”.

Bu səfər dövründə 25 iyunda İstanbulda Turqut Özalın təşəbbüsüylə “Çırağan” sarayında Elçibəyin də daxil olduğu 11 ölkənin rəhbərləri Qara Dəniz İqtisadi İşbirliyi Anlaşmasını və “Bosfor bəyanatı”nı imzalayıblar. 26 iyunda Elçibəy Şərqi Türküstan türklərinin (Çindəki uyğurların) lideri İsa Yusif Alptəkini qəbul edib. Ermənistan prezidentinin cəhdlərinə rəğmən onunla görüşməyib. İstanbulda Elçibəy Güney Azərbaycanda yaşayan türklərlə bağlı bunları bildirib: “Mən bir hərəkatçıyam. İnsan haqlarını hər zaman qoruyuram. Güney Azərbaycanda yaşayan 23 milyon türkün insan haqlarının qorunmasını tələb edirəm. Məktəbi olsun, mədəni hürriyyəti olsun, mədəni muxtariyyəti olsun deyirik. Canım, 140 min erməniyə Qarabağda bir dövlət istəyirlərsə və dünya da bunu müdafiə edirsə, İranda yaşayan 23 milyon türkə bir məktəb, mədəni muxtariyyət istəmək qəbahətdirmi?”

Elçibəy 26 iyunda Ankaraya yola düşüb. Məhəmmədəmin Rəsulzadənin qurduğu Azərbaycan Kültür Dərnəyini ziyarət edib, Məhəmməd Kəngərli, Əhməd Qaraca və Cəmil Ünalla görüşüb. Həmin gün Elçibəy Mustafa Kamal Atatürkün və Məhəmmədəmin Rəsulzadənin məzarını ziyarət edib. Rəsulzadənin məzarında belə çıxış edib: “Bu qəbrin bulunduğu torpaq - böyük Anadolu torpağı müqəddəs torpaq rus imperiyasına qarşı döyüşən yüzlərcə türk mücahidinə yer vermişdir. Məhəmmədəmin bizim böyük rəhbərimiz, böyük qurucumuzdur. Böyük öndər 19-uncu yüzildə həm Azərbaycanda, həm Anadoluda formalaşan bir təfəkkürü, bir idealı qorudu. Bu ideal birinci olaraq türklükdür. İkincisi, bu türklük idealını çağdaş səviyyədə dünyaya bəlirtmək və çağdaş bir demokratik cümhuriyyət qurmaqdır. Üçüncüsü isə islam mədəniyyətidir”.

Həmin gün saat 19:10-da Elçibəy Türkiyə parlmanetinə gedib.

Versiya.az Ə.Elçibəyin 1992-ci ilin 26 iyununda Türkiyə Böyük Millət Məclisindəki çıxışını təqdim edir:

***

Hörmətli Böyük Millət Məclisinin sədri, hörmətli Baş nazir Süleyman Dəmirəl, hörmətli Baş nazirin müavini Erdal İnönü bəy, hörmətli deputatlar.

Hörmətli müxalifət partiyası üzvləri, bütün qardaşlarım.

Hörmətli xanımlar, hörmətli bəylər.

Özümü çox xoşbəxt sayıram. Uzun, böyük, ağır yol keçmiş və türk millətini müstəqilliyə qovuşdurmuş Məclisdə çıxış etmək, təbii olaraq çox ağırdır, mənim üçün çətindir və siyasi mücadilədə bərkimiş, siyasi mücadilədə yetişmiş millət vəkilləri qarşısında çıxış etmək mənim üçün çox çətin bir işdir. Əgər qüsurlarım olarsa, o qüsurlarımı bağışlayarsınız, mənim günahımdan keçərsiniz. (Alqışlar)

Məmləkət o qədər gözəl, Anadolu o qədər şərəfli, onun insanları o qədər ucadır ki, bu məmləkətə girərkən də, bu məmləkətdən çıxarkən də hər bir şey təzim tələb edir, hər bir şey baş əymək, hər bir şey bağrımıza basmağı tələb edir. (Bravo səsləri, alqışlar).

Dostların bir qismi demokratiya uğrunda mücadilə aparan insanları bilir. Bu mücadiləni Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi başladıb və onu davam etdirir. Ancaq bu demokratiyanı aparmaqla bərabər bizim idealımız mərhum Məhəmmədəmin Rəsulzadənin qoyduğu idealdır. Birincisi Türklük, özünü dərk etmək; bir millətin özünü dərk etməsidir. Bizim bayrağımızdakı yuxarıda olan mavi rəng onu təmsil edir (Bravo səsləri, alqışlar). Bu təmsildən də dolayı bu məmləkətə daxil olarkən bir Sultan Mehmed Fateh yada düşər, bir Avropanı dayandırıb türk haqqını dünyaya bildirən, Konstantinopolu fəth edən insan yada düşər. Baş əyməmək mümkün deyil (Alqışlar).

Nə xoşbəxtik ki, Həzrət Peyğəmbərimiz buyurmuşdur ki, “kim onu fəth edəcəksə, xoş onun halına ki, Tanrı onu sevər”. Yəni Tanrı Fatehi sevdiyi üçün o fəthi ona vermiş (Bravo səsləri, alqışlar).

Zaman-zaman dünyanın bir Şərq siyasəti olmuş, 400 il bütün dünya Osmanlı imperatorluğunu çökdürməyə çalışmışdır. Təbii olaraq, Türk milləti bundan çıxış yolu tapmışdır. İndi istəyirsiniz, cümhuriyyət quracağıq, demokratiyanı təşkil edəcəyik. Böyük Mustafa Kamalın liderliyi ilə qurulan bu cümhuriyyət bu gün güclənməkdə, bu gün ucalmaqda, bu gün Türkün səsini, öz səsini, Anadolunun səsini, tarixin səsini dünyaya çatdırmaqdadır. Bu xoşbəxtlik içində yaşayırıq, bu xoşbəxtlik içində dolaşırıq (Alqışlar).

Hörmətli bəylər və xanımlar.

Nə xoşbəxtik ki, bu gün Türkiyənin qarşısında böyük yollar açılmaqdadır. Bu gün Türkiyə dünyaya səsini eşitdirən böyük, güclü bir məmləkətə çevrilməkdədir. Qocaman bir rus imperatorluğu, qırmızı rus kommunizmi çökdü və dağılmaqdadır. Onun daxilində yaşayan başqa millətlər, o cümlədən də ukraynalılar, o cümlədən də moldovalılar, litvalılar, latyviyalılar və o cümlədən də orada yaşayan müsəlmanlar və başqa türk millətləri də öz azadlıqları uğrunda savaşa və mücadiləyə başlamışdır. İnşallah orta əsrlərdən qalma belə imperatorluqlardan, buna bənzər dövlətlərdən bir-ikisi qalar, onlar da çökərlər. Yəni Çin də var, filan da vardır... (Alqışlar)

İnsan haqları, demokratiya uğrunda öz taleyini, milli taleyini əldə etmək istəyən millətlər ayağa qalxmışdır. İnşallah onlar da azad olacaqlar. Təbii olaraq hələ dünyada Türk bayraqları sırasına gəlməmiş və bu gün doğmaqda olan bayraqlar, sancaqlar doğacaqdır. O Sibirdən, o Çindən, o Hindistandan (Alqışlar). Bu ağır, bu çətin, ancaq bu şərəfli tarix dövründə Türk dünyası, başqa müsəlman qardaşlarımız imperatorluqlardan azadlıq alacaq və öz həyatlarını quracaqlar.

Biz bu gün daha çox xoşbəxtik ki, Türkiyə demokratiyanı aparmaqda, Avropaya çıxmaqda, Şərqə nümunə olmaqdadır. Biz mücadiləni başlayarkən də bu məsələni qoymuşduq və məndə də “nə edəcəksiniz?” deyə soruşduqları zaman, dedim ki, hələ ilkin yolumuz Mustafa Kamalın yoludur, sonra da dövlətimizi quracağıq (Alqışlar).

Bundan iki gün öncə dediyim sözü bir də burda təkrarlamaq istəyirəm. “Çağdaş bir cümhuriyyət qurmaq, insanlara insan kimi yaşamaq, öz haqqını almaq kimi yaşamaq deməkdir” deyən böyük Mustafa Kamal bu günləri düşünmüş, yəni gələcəkdə türklər öz ənənələrinə, öz gələnəklərinə, öz duyğularına uyğun, öz mənliklərinə uyğun dövlətlər quracaqlar. Vallah bizim ruhumuzca, bizim ən gözəl quracağımız dövlət demokratiya dövlətidir. Demokratiya türkün ruhunun içərisindədir (Alqışlar).

Tarixə də baxaq. Dünyada quldarlıq dövlətləri olmuş, filan dövlətlər olmuş, nə bilim nə dövlətlər olmuş. Amma türklər də bundan keçmişlər. Türklər haqqında tarix kitablarında yazarlar; bundan min il öncə, bundan iki min il öncə türklərin qurduğu dövlətində nə olmuşdur ki, belə davam etmiş, belə dünyaya çıxa bilmişlər? Orada bir şey vardır: Hərbi demokratiya. Yəni bütün dünya məsələni ordu üzərinə qurmasına baxmayaraq, türklər ordunu da demokratiya əsasında qurublar. “Sağda oturan sağ bəylər, solda oturan sol bəylər, ortadakı inağlar, mənim sözüm sizə, duraq, yürüyək, haqqımızı alaq” demişlər (Alqışlar).

Biz, yəni bu demokratiyadan, bu gələnəklərdən gələn millətik. İnşallah da qosqocaman imperatorluqlar dağıldıqdan sonra bütün türk xalqları bu demokratiya ilə yürüyəcəkdir. Avropa və Asiyanı birləşdirən Anadolu türklüyü bu məsələdə bir nümunə olacaqdır, bir görk olacaqdır. Bunu danmaq olmaz. Yəni Şərqin, doğunun bir gələnəyi vardır. Əgər kimsə eynilə Fransadakı demokratiyanı götürüb tətbiq edərsə, yanılar. Kimsə götürüb Amerikan həyat tərzini də Azərbaycana və yaxud, tutaq ki, Orta Asiyaya gətirərsə yanlış olar. Millətin ənənələri vardır, gələnəkləri vardır, bunların hamısı nəzərə alınmalıdır. Biz də onu edəcəyik (Alqışlar).

Hörmətli bəylər, hörmətli siyasətçilər. Hörmətli böyük ərlər.

Hüzurunuzda cəsarətlə danışdığıma görə üzr istəyirəm, bu bir mücadilədir, biz bu yolda öyrənirik. İnşallah parlament məsələlərini də Türkiyədən əks edəcəyik. İnşallah sizlərlə gen-gen görüşəcəyik, bol-bol görüşəcəyik, qucaqlaşacağıq və bir sıra məsələlərdə, təbii olaraq, sizdən bir qardaş kimi, sizdən nəsihətlər umacağıq və gələcəkdə də fikrimiz vardır, əgər biz də azad olarsaq, bu azadlığımızda heç də dayanıb durmayacağıq. Azad olmaq uğrunda mücadilə edən bütün türk-müsəlman dünyasına əlimizdən gələni edəcəyik. Bir əsgər kimi onlara doğru yürüyəcəyik. Çox sağ olun, çox minnətdaram (Ayaqda alqışlar).

Qaynaq:

Ə.Tahirzadə. “Prezident Elçibəy”, Bakı, 2001.

“Tarihe Düşülen Notlar – 2. Yabancı Devlet Adamlarının Genel Kurul Konuşmaları”. Hazırlayan: Hasan Yılmaz, Ankara, 2012.

 

Dilqəm ƏHMƏD