Ay Laçın… - Azər Qaraçənlinin 19 il öncə yazdığı yazı
İranda yoluxma sayı yenidən artdı
Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi” - Adolf Hitler
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AÇIQLAMA
Dostlar, mənə xəbər edin! - Kərim Kərimli yazır
17.11.2020 20:37
Bölmə:Poeziya 55 dəfə oxunub
DOSTLAR, MƏNƏ XƏBƏR EDİN!
 
Versiya.az Kərim Kərimlinin "Dostlar, mənə xəbər edin!" şeirini təqdim edir:
 
Gedərəm, gedən olsa,
Yolum öyrədən olsa.
Mən də qoşulub gedərəm,
Qarabağa gedən olsa...
 
(Anamın Şirvan Atadakı qərib
məzarının üzərinə yazılmış bayatı)
 
 
Dostlar, mənə xəbər edin,
“Laçın!” – deyib, gedən olsa.
Güləbirddən Şeylanlıya,
Köhnəkənddən Hacıxanlıya,
Qorqundağdan Qırxqızacan,
İşıqlıdan Üçtığacan,
Minkənd deyib, Pircan deyib,
Şamkənd deyib, Alcan deyib,
Öz canını qurban deyib,
Qaragölə gedən olsa,
Dostlar, mənə xəbər edin!
 
 
Sinəsini sipər edib
Qızıl-ilan güllələrə,
Gedən olsa Kəlbəcərə,
Dostlar, mənə xəbər edin!
Dağ başında yuva qyran,
Zirvələrdə oba quran,
Daş biləkli igidlərin,
Saf ürəkli igidlərin
Ata yurdu Dəlidağa,
Murovdağa, Dəvədağa,
Başdan-başa dağ diyara.
Köksü-qoynu bağ diyara,
O cənnətə gedən olsa,
Canın fəda edən olsa,
Saxlamayın siz səhərə,
Gedən olsa Kəlbəcərə,
Dostlar, mənə xəbər edin!
 
 
“Ağdam!” – deyib, evdən çıxan,
Səngərləri yıxan, yaxan,
İmarətdə ölmək üçün,
Gülablıda gülmək üçün,
Qarabağın Bəy evini,
Toy otağın bəzəməyə,
Sevinc ilə ürəyini
Doldurmağa, gözəməyə,
Sonra onu bölmək üçün,
Bölüb xoşbəxt olmaq üçün,
Bəbəyində yaş qalmayan
Gözlərini silmək üçün,
Daş üstündə daş qalmayan
Yuvasına girmək üçün,
Didik-didik didiklənmiş,
Çilik-çilik çiliklənmiş
Ürəyini hovlamaqçün,
Ürəyini tovlamaqçün,
“Ağdam” adlı səadətlə,
Yarasını bağlamaqçün
“Ağdam!” – deyib, gedən olsa,
Məni məndən edən olsa,
Dostlar, mənə xəbər edin!
 
 
İstəmirəm gizlin gedək!
Açıq gedək – Kişi kimi!
Hər kişinin işi kimi...
Hansı kişi öz evinə
Kol dibilə sinə-sinə
Gizlin gələr, gizlin gedər?
Hansı ölkə, hansı millət,
Haqq işini edər xəlvət?
Şahbulağa şahtək qalxıb,
Əsgərana bayraq taxıb,
Bu dünyaya Kirsdən baxıb,
Şimşəktək siyrilib, çaxıb,
Xankəndinə enən olsa,
Yurdumuza dönən olsa,
Dostlar, mənə xəbər edin...
 
 
Ağdərədə dağ uçuran,
Nəriltili sellər kimi,
Ayaq altdan yer qaçıran,
Meşəqıran yellər kimi,
Haray salıb, hay qoparıb,
Zirvələrdə qıy qoparıb,
Ev-ev, kənd-kənd, oba-oba,
Bir-bir, cüt-cüt, topa-topa,
Əllərində dəhrə, yaba,
Kəndir, çatı, sicim, örkən,
Gün doğanda – səhər erkən,
Dar cığırla, gen yollarla,
Selavlarla, dolaylarla
Sərsəng üstə çıxan olsa,
Sitəm evin yıxan olsa,
Dostlar, mənə xəbər edin!
 
 
...Fikirliyəm, – huş götürüb, –
Deməyin ki, sözü yoxdur...
“Ər” kişilər quş götürür,
El içində üzü yoxdur.
Düz deyənə daş götürür,
Baxsan, üzü-gözü yoxdur.
Ovxarlılar yaş götürür,
Qurularda izi yoxdur.
Vücudumu qış götürüb,
Qayıtmağın tozu yoxdur.
Horadizdən baş götürüb, –
Görsəniz ki, bezib, yoxdur, –
Səsi gəlir Cəbrayıldan,
O dəqiqə, elə o an
Dostlar, mənə xəbər edin!
 
 
Ürəyimin qəm səsidir,
Kədərimin qəmzəsidir,
Ata yurdun naləsidir,
Dilimləyən bağrım başın.
“Sənə qurban canım, başım!” –
Deyib, durub gedən olsa,
Çayı vurub keçən olsa,
Xan Arazdan içən olsa,
Qozlu çaydan, Quru çaydan,
Ağoğlandan – diri çaydan,
Yağlıvəndin Kürü çaydan,
Köndələndən keçən olsa,
Qaçıb gedən, atlı gedən,
Tanınmayan, adlı gedən,
Qoşa-qoşa, dəstə gedən,
Ölə-ölə, xəstə gedən,
Öz canıyla qəsdə gedən,
Füzuliyə şəstlə gedən, –
Gedən olsa, olsa gedən,
Dostlar, mənə xəbər edin!
 
 
Qubadlının xub atlısı,
Tərki xurcun-baratlısı,
Holavarın, bayatısın,
“Çahargah”ın, “Heyratı”sın,
Ötə-ötə bülbül kimi,
Dalğalanıb sünbül kimi,
Ağ dumanda itə-itə,
Qibləsinə yetə-yetə,
Əlini qoyub qaşına,
Dönsə Səməndər quşuna,
Öz yurduna uçub getsə,
Od-alovdan keçib getsə,
Məni qoyub, getməsin qoy,
Mənsiz addım atmasın qoy!
Göz qırpımı – bircə anda,
Səhər çıxsa, Gün doğanda,
Nə vaxt getsə, yanındayam,
Harda olsa, o yandayam!
Dostlar, mənə xəbər edin!
 
 
Bir gün həsrət yetsə sona,
Gedən olsa Zəngilana,
Mənə deyin – düşünmədən,
Qərarımdan daşınmadan,
Yaxamı açıb gedəcəm,
Quş kimi uçub gedəcəm!
…Əsil şair sülhə səslər,
Sülhü sevər, sülhü bəslər…
Nifrət etməz, kin sxalamaz,
Qan yatırar, qan çalxamaz…
Sülh yaradar – araşdırar,
Savaşanı barışdırar.
Amma şair “irmi” beş il,
Bəli, bəli, “irmi” beş il!!! –
Yuvasızsa, evsiz isə,
Obasızsa, elsiz isə,
Gül-çiçəksiz, çəmənsizsə,
Doğma məkan – Vətənsizsə,
Ana yurdun həsrətilə
Alışırsa, qovrulursa,
Bu qaçqınlıq töhmətilə
İlan kimi qıvrılırsa,
Yumru-yumru təpələnmiş,
Hər tərəfə səpələnmiş
Məzarların, ölkə boyu
Minlərləsə, yoxsa sayı,
Əgər şair öz yurduna
Gendən baxıb “Ah!” çəkirsə,
Düşmən şair vücuduna
Mil çəkirsə, dağ çəkirsə,
Əgər şair baxıb buna,
Gildir-gildir yaş tökürsə,
Nədir daha bu tərəddüd,
Nədir daha bu təəhhüd?
Nədir daha bu qəm-qüssə?
Nədir daha “Lazım gəlsə?”
Nədir daha “Gərəkirsə?”
Sona yetsin bu fəlakət,
Sona yetsin bu rəzalət!
Ölüm ucuz, həyat baha,
Ləyaqət ondan da baha!
Gedək daha, gedək daha,
Üz tutub sabaha gedək…
Ölüm-itim, qana gedək,
Təki Zəngilana gedək!
Ordu kimi, qoşun kimi,
Mərmi kimi, maşın kimi,
Göylə gedək, düzlə gedək,
Saf qəlblə, ağ üzlə gedək!
Deyirəm ki, tez yığışsın,
Küsən varsa, tez barışsın!
Dağlarımız uca-uca,
O dağları quca-quca,
Qartal kimi uça-uça,
Aslan kimi, pələng kimi,
Fırtınatək, külək kimi,
Tərlan kimi, tülək kimi
İstəyirsiz siz də gedin,
Dostlar, mənə xəbər edin!
 
 
“Hadrut!” – deyb, ölən olsa,
Dizin-dizin gələn olsa,
Ayaq üstə, şax yeriyib,
Kişitək qıvraq yeriyib,
Büklərində bulaq olan,
Ətəkləri irmaq olan
Dərələrdən, dağdan keçib,
Meşələrdən, bağdan keçib,
Susdan, Tuğdan, Tağdan keçib,
Qoxlayaraq yovşanından,
Keçən olsa kövşənindən,
Papaq daşa qalxan olsa,
Sal qayalar qalxan olsa,
O üz-bu üz Vətən olsa,
Yer-yurd, dağ-düz Vətən olsa,
Ərgünəşdən Gün doğmamış,
Gül üstdə şeh sorulmamış,
Hələ yola çıxmamışdan,
Ziyarətə baxmamışdan,
Zirvəsinə qalxmamışdan,
Dostlar, mənə xəbər edin!
 
 
...Xocalının qanı hopan
Qırmızı yerə and olsun!
Basdırılan topa-topa
Kəfənsiz gora and olsun!
Xocavənddə əlil, xəstə,
Enlikürək, boyu bəstə,
Bir köməksiz, əliyalın,
Uşaq, qadın, qarı, gəlin,
Diri-diri, dəstə-dəstə
Tonqallarda yandırılan,
Quyulara doldurulan
Qocalara, cavanlara,
O günahsız insanlara,
Meşələrdə itən, batan,
Qar içində donub, “yatan”,
Gəlinciyi mərmi olan,
Mərmi boyda qəbri olan,
O körpəcə fidanlara,
Dərələrdə dizin-dizin
Sürünərək, üzün-gözün
Orda qoyub gələnlərə,
Balasına məzar üçün
Buzu oyub gələnlərə,
Balasına məzar üçün
Buzu oyub gələnlərə,
Əl-ayağın qara şumda,
Gədiklərdə, aşırımda
Qazıb, əkib gələnlərə,
Mərmilərə, süngülərə
İçin töküb gələnlərə,
Beş övladla evdən çıxıb,
Bura sonsuz gələnlərə,
Adsız, sansız gələnlərə,
Ac canavar önündəki
Qurbanlara, şikarlara,
İçimdəki, gözümdəki
Bu məzarlara and olsun!
Mən hazıram! – Bunu bilin!
Ya ağlayın, ya da gülün,
Amma “Vətən! Vətən!” – deyib,
Pencəyini yüyrək geyib,
Xocalıya gedən olsa,
Xocavəndə dönən olsa,
Dostlar, mənə xəbər edun...
 
 
...Dodaqları para-para,
Dörd balamın arzusu var:
Qaranlığı yara-yara,
Doğsun Günəş, gülsün bahar!
O baharın adı – Şuşa!
Gedəcəyik qoşa-qoşa!
Mən Şuşama “Can!” demişəm,
Canımı qurban demişəm.
Dörd balamı qanad kimi,
Qucaqlayıb həyat kimi,
Söz vermişəm, söz tutacam,
Şuşamıza üz tutacam!
“Şuşa!” – deyib, hayqırsalar,
Gedənləri çağırsalar,
Əsla məni unutmayın!
Heç bircə an yubatmayın,
Dostlar, mənə xəbər edin...
 
 
...Qarabağa gedən olsa,
Yolumu öyrədən olsa,
Mən də qoşulub gedərəm,
Əgər xəbər edən olsa...
Dostlar, mənə xəbər edin!..
...Anam da getmək istəyir:
“ – Qoşulub, gedərəm mən də,
Gedən olsa Yağlıvəndə...”
Dostlar, mənə xəbər edin!!.
Dostlar, mənə xəbər edin!!!
 
 
25.09.14, saat 05:07; Bakı, Puta.