Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
"Şuşanın meri təcili Şuşaya göndərilsin..."- Kərim Kərimli
11.01.2021 20:18
Bölmə:Qarabağ 465 dəfə oxunub

Son vaxtlar Şuşa ilə bağlı mövzular mətbuatda və sosial şəbəkələrdə kifayət qədər çox müzakirə olunur. Hətta o səviyyədə çox ki, Həsən də qəlyan çəkir, Hüsən də… Düzdür, şəxsən mən buna pis paxmıram: bunu demokratiya, fikir azadlığı və plüralizmin bir təzahürü kimi qiymətləndirirəm.

Ancaq bilməyənin biləndən çox danışması, aidiyyatı olmayan şəxsin dəridən-qabıqdan çıxıb bütün məsələlərə yersiz müdaxilə edərək canfəşanlıq etməsi, öz əlilə bir ərizə yazanda azı 9 səhv buraxan adamın başbilənlik etməsi, ağızlardan eşitdiyi “Şuşada 17 məhəllə, 17 məscid, 17 bulaq olub…” ifadəsindən başqa Şuşanın tarixi, mədəniyyəti, ictimai, siyasi, mədəni mühiti və ümumiyyətlə, Şuşa haqqında müstəqil şəkildə heç nə söyləyə bilməyən adamların “Şuşa mədəniyyəti”nin təmsilçisi kimi təqdim olunması və harda aş, orda baş rəy söyləməsi ən azı acı təəssüf doğurur, kənardan çox eybəcər görünür və Şuşa və şuşalılar haqqında əslində olan müsbət rəyin və fikirlərin heç də möhkəmlənməsinə xidmət etmir.

Bu, çox pisdir. Bir, beş adamın yaramaz maraqları xatirinə bütöv bir bölgənin, indi isə artıq Azərbaycan mədəniyyətinin paytaxtının şərəfinə, şöhrətinə, maraqlarına zərbə vurulmasına qətiyyən yol vermək olmaz.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi, təbii ki, Şuşa əhalisi kimi Azərbaycan Respublikasının bütün vətəndaşlarının da ürəyincədir. Əgər bu yazını oxuyacaq şuşalılardan kimsə xatırlayırsa, təsdiq edə bilər ki, hələ 1988-ci ildən başlayaraq Şuşa işğal edilməmişdən bir qədər əvvələ qədər “Necə edək ki, Şuşanın əvvəlki şöhrətini bərpa edək? Şuşanın əvvəlki şöhrətini necə qaytarmaq olar?” mövzusu tez-tez müzakirə olunurdu. Amma konkret bir yol göstərən, məsuliyyəti necə var elə dərk edərək öz üzərinə götürüb prosesi irəli aparmaq üçün konkret bir addım atan yox idi. Şuşanın ölkəmizin mədəniyyət mərkəzi elan edilməsi onun nəinki əvvəlki şöhrətinin bərpa edilməsi, hətta bu şöhrətin qat-qart artırılaraq dünya səviyyəsinə çatdırılması, dünyanın ən məşhur mədəniyyət mərkəzləri, turizm zonaları, hətta kurort və sanatoriya ocaqları ilə müqayisə olunacaq, onları ötüb keçə biləcək bir inkişaf yolunda ilk addım, ilk mərhələdir.

Bu məsələlərlə bağlı mənim də xeyli təklifim var. Ancaq bu təkliflərdən hələlik yalnız birini qeyd etmək istəyirəm.

Son vaxtlar mətbuatda və social şəbəkələrdə tez-tez rayon icra hakimiyyətinin niyə Şuşaya getməməsindən danışır, tənqidi fikirlər söyləyirlər. Məlumdur ki, rayonun bütün əhalisi məcburi köçkün olaraq bütün ölkəyə səpələnib, ən çox da Bakıda məskunlaşıb. Eləcə də hazırda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar da əsasən Bakıda və bəzi başqa rayonlarda yerləşir və təbii ki, hələ Şuşaya qayıtmayıb. Hələlik mülki əhalinin dövlət tərəfindən kütləvi köçürülməsi, öz yerinə qaytarılması gündəmdə deyil. Bunun da obyektiv səbəbləri var. Hələ ki Şuşaya yol çəkilir, ərazi heç də minalardan və digər prtlayıcılardan tamamilə təmizlənməyib, infrastruktur bərpa edilməyib və s. Bütün bu işlər hazırda intensiv şəkildə həyata keçirilir və hamımız inanırıq ki, 28 il yarım işğalda olan yurdunun həsrətini çəkmiş şuşalıların bu nisgilinə yaxın vaxtlarda son qoyulacaqdır. Ancaq Şuşanın qəhrəman müdafiəçiləri ilə yanaşı bir sıra dövlət orqanlarının, məsələn, DTX-nın, polisin, yanğından mühafizə xidmətinin, işıq və su idarələrinin və başqa xidmətlərin yerli idarələri artıq xeyli vaxtdır orada fəaliyyətə başlayıb.

Təklifim ondan ibarətdir ki, Şuşa rayon İcra Hakimiyyəti başçısı aparatının Bakıda fəaliyyətinin davam etdirilməsi hələlik zəruri olduğuna görə, Şuşa rayon İcra Hakimiyyəti başçısının Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi, (hazırda bu vəzifəni kimin daşıdığını bilmirəm, əvvəllər Vaqif Hüseynov idi), dünyada işlənən terminlə desək, Şuşanın meri təcili Şuşaya göndərilsin. Hazırda bu vəzifədə olan şəxs hələlik getmək istəməsə, yaxud onun belə bir imkanı yoxdursa, o halda yeni və bacarıqlı bir şəxs təyin edilsin və onun qarşısında ciddi vəzifələr qoyulsun. O da tez bir zamanda şəhərdə fəaliyyətə başlasın. Yəni indi tez-tez Şuşaya gedib müxtəlif guşələrdə foto-video çəkdirib qayıdanlar kimi yox, orada qalıb daimi yaşamağa və şəhər nümayəndəliyinin aparatını formalaşdırmaqla paralel öz vəzifə səlahiyyətlərini də həyata keçirtməyə başlasın. Bütövlükdə rayonun inzibati rəhbərliyi yenidən Şuşaya qayıdanadək yerli hökumət funksiyasını yerinə yetirsin. Şuşaya gedən çoxsaylı komissiyalar, respublikanın müxtəlif xidmət sahələrinin Şuşaya ezam edilmiş nümayəndələri, mətbuat işçilərindən və mədəniyyət xadim və nümayəndələrindən ibarət müxtəlif qruplarla təmaslar, bir sözlə, Şuşa şəhərinin yenidən fəaliyyətə başlamaqda və dirçəldilməkdə olan mülki həyatı ilə bağlı bütün işlər həmin yerli şəhər hökumətinin bilavasitə iştirakı, köməyi və hatta bəzi hallarda aparıcılığı ilə həyata keçirilsin. Hətta mən deyərdim ki, bütün dünyada olduğu kimi və Azərbaycanın inzibati idarəetmə prinsiplərinə uyğun olaraq müvafiq sənədləşdirmə, rəsmiləşdirmə və dəftərxana (elektron formada da) fəaliyyəti də parallel olaraq həyata keçirilsin. Çünki bu çox ciddi tarixi və olduqca nadir bir hadisə və prosesdir.

Qeydlərimin sonunda onu da demək istəyirəm ki, əlbəttə, biz tələsirik, daha səbr edə bilmirik və hər şeyin tez olmasını, tezliklə Şuşamıza qayıdıb həyat və fəaliyyətimizi orada bərpa etməyi arzulayırıq. Ancaq həyatın da öz qanunları var və əlbəttə hər meyvə öz vaxtında yetişir.

İnanıram ki, bütün rayon əhalisi tezliklə yenidən gözəl yurdumuzda xoşbəxt həyata başlayacaq. Hələlik isə ŞƏHƏR ÜZRƏ NÜMAYƏNDƏNİ təcili göndərmək lazımdır.

Müəllif: Kərim Kərimli

reklam