Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi - RƏSMİ
Prezident Administrasiyasının rəhbəri azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi
Ermənistan parlamentinin eyvanlarında snayperlər görüntüləndi- Video
Qazinin görmə qabiliyyəti bərpa edildi
Cəngavər xüsusi təyinatlı, “Qarabağ” ordenli Şahmar - FOTOLAR
01.02.2021 15:30
Bölmə:Fotosessiya 157 dəfə oxunub

44 günlük Vətən müharibəsinin minlərlə şəhidi. “Şəhidlər ölməz, Vətən bölünməz” – deyərək getdilər onlar döyüşə və son mənzilə. Hər birinin min bir arzu-murazı gözündə qalsa da torpaqları işğaldan azad etmək, bu yolda şəhid olmaq arzusu bütün istəklərinə üstün gəldi.

Versiya.az xəbər verir ki, Şahmar Vidadi oğlu Mənəfov 20 mart 1990-cı ildə Neftçala rayonunun Cəngən kəndində anadan olub.O, evin son beşiyi və yeganə oğlu idi. Atası Vidadi kişi təsərrüfatlarında tər tökərək ailəsini halal zəhməti ilə dolandırıb. Şahmarın bacıları-Flora tibb bacısı, Nuranə isə yaşadıqları Cəngən kənd orta məktəbində müəllimə işləyir.Anaları Gülnisə xanım Şahmar şəhid olmazdan 2 ay əvvəl dünyasını dəyişib.

Şəhidin ömür yolu

Şahmar Mənəfov 1996-cı ildə şəhid Cəbrayıl Əhmədov adına Neftçala rayon Cəngən kənd orta məktəbin birinci sinfinə gedib.Məktəbdə oxuduğu illərdə şagird və müəllimlərin sevimlisi olub.2007-ci ildə həmin orta məktəbi bitirən Şahmar 2008-ci ildə hərbi xidmətə yollanıb.O, əsgəri xidmətini Ağdamdakı cəbhə xəttində keçirib.Bacısı Floranın dediklərindən: “Şahmar deyirdi düşmənlə səndərdə o qədər yaxın məsafədə qarşı-qarşıya idik ki, artıq təxribat məqsədi ilə soyadlarımızı belə əzbərləyib çağırırdılar”.

Şahmar Mənəfəov 2009-cu ildə hərbi xidmətini başa vurduğu üçün ordudan tərxis olunub müxtəlif işlərdə qısa müddətə işləsə də yenidən vətənin müdafiəsinə qayıtmaq istəyi onu bir an belə tərk etməyib. Ona görə də 2012-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Müddətdən artıq həqiq hərbi xidmət qulluqçularının hazırlığı kursuna daxil olaraq oranı bitirib və elə həmin ildən orduda xidmətə başlayıb.

Xüsusi təyinatlılarda xidmət, aprel müharibəsində məhv etdiyi düşmənlər...

Şahmar Mənəfov 2014-cü ildə çox məsul “ Xüsusi təyantlı təməl kursu”na daxil olaraq 2015-ci ildə həmin kursu kəşfiyyatçı ixtisası üzrə bitirib. Daha sonra Türkiyə, Bolqarıstan , Macarıstan , Əfqanıstan və Pakistanda hərbi hazırlıq kursları keçən Şahmar fərqlənmə sertifakatlarına yiyələnmişdi. O, kəşfiyyatçı olduğu üçün erməni dilini də sərbəst bilirdi. Xüsusi Təyinatlı Qüvvələrin giziri Şahmar Mənəfov 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olub.

“Aprel döyüşlərində kəşfiyyatçı kimi 6 düşmən postunu keçərək bir neçə ermənini soyuq silahla məhv etmişdi. Biz o zaman 14 gün Şahmardan xəbər tuta bilməmişdik. Yaman nigaran qalmışdıq. Amma heç burnu da qanamadan geri sağ-salamat dönmüşdü onda...”-deyir atası Vidadi kişi.

Şahmarın sevgisi, yarımçıq qalan toyları, ana itkisi, ardınca müharibə...

Şahmar Mənəfov 22 dekabr 2019-cu ildə sevib seçdiyi Bəyim xanımla nişanlanıb. Ötən ilin 8 Mart günündə “qız toyu” olub. 12 aprel 2020-ci il tarixə “oğlan toy”larını planlaşdırsalar da pandemiyaya görə baş tutmayıb. Gözləmək qərarına gəlsələr də Şahmarın anası onkoloji xəstəlikdən ömrünün son günlərini yaşadığı üçün Gülnisə ananın arzusu ilə avqust ayının 1-də toysuz ailə həyatı qurublar. Bundan 3 gün sonra isə Gülnisə ana vəfat edib.

Şahmarla Bəyimin nakam sevgisi

“Sentyabr ayının 25-də zəng vurub dedi ki, Bəyimi kəndə aparın. Biz təlimə qalxırıq. Amma səsindəki həyəcanı hiss etmişdim. Biz dərhal Cəlilabada onların kirayə qaldıqları evə qardaşımın həyat yoldaşı Bəyimi gətirməyə getdik. Elə onu götürüb evdən çıxmaq istəyirdik ki, Şahmar evə zəng vurdu, dedi “mənimlə görüşmək üçün Göytəpə yolunun üstündə dayanın. Sizə əl edəcəyəm”. Biz elə də etdik. Bu zaman yanımızdan keçən hərbi kolonda olan maşından Şahmar bizə son dəfə əl yellədi...Bilsəydim onu saxlayıb sonuncu dəfə üzünə doyunca baxardım...”- şəhidin bacısı Flora göz yaşları axıdaraq deyir.

Döyüşlərdə manqa komandiri kimi igidliklər göstərən Şahmar Mənəfov oktyabr ayının 16-da evlərinə zəng vuraraq əzizləri ilə danışır.

“Oğluma qurban kəsəndə bıçaq heyvanın boğazında qaldı, Şahmarın şəhid xəbəri gəldi...”

“Şahmar mənimlə də danışdı, təkcə onu dedi ki, “ata, qurban kəsib payla”. Yəqin hansısa real təhlükədən sovuşmuşdu. Həmin gün qurban kəsə bilmədim, çünki qurbanlıq heyvan almaq üçün həftə sonunu, heyvan bazarını gözləmək lazım idi. Həftə sonu gəldi, bazara gedib qurbanlıq heyvan aldım, oktyabr ayının 23-də qurbanı kəsərkən elə bıçaq heyvanın boğazında qaldı...zəng gəldi ki, Şahmar şəhid oldu”-deyir Vidadi kişi. Atası deyir ki, elə həmin qurbanı şəhidin ehsanı üçün bişiriblər...

Şahmarın həyat yoldaşı Bəyim xanım deyir:”Biz xoşbəxt idik, bir-birimizi çox sevirdik..Hər gün Allaha şükür edirdik ki, nə yaxşı bizi qarşılaşdırıb, “dünyalar başqasının, sən mənim ol”- dediyim insan idi Şahmar. Şahmar döyüşə getməzdən 2 gün əvvəl mənə dedi, elə istəyirəm ki, Milli Qəhrəman olum, bütün Azərbaycan məni tanısın, həyatdır, birdən mənə nəsə olsa , mənimlə fəxr edərsən. Azərbaycanın necə pələng kimi güclü, cəngavər oğulları olduğunu tezliklə hamı biləcək . Şahmar şəhid olduqdan sonra onun xidmət yoldaşları telefonuna yazmışdılar ki, ola bilməz Şahmar şəhid olsun. Şahmar o qədər işini bilən, ehtiyatlı idi ki, biz yaralanıb düşmən əhatəsində qalan vaxt o mühasirəni yarıb bizi güllənin altından çıxartdı. Yazmışdılar ki, bizim ona can borcumuz var”

Bacısı Nurənə müəllimə kövrəlir: “Qardaşım çox mərd və dözümlü idi. Döyüş yoldaşları danışırlar ki, bu müharibədə Şahmarla birgə 4 gün susuz qaldıqları zaman olub”

Şahmarın son döyüşü

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyat qrupunun manqa komandiri Şahmar Mənəfov oktyabr ayının 21-də Xocavənd rayonunda düşmən arxasında döyüşdə aldığı güllə yarasından şəhid olub.

“Mən oğlum Şahmarla fəxr edirəm. Fəxr edirəm ki, yeganə oğlum Vətənimiz, namusumuz uğrunda canından keçdi. Oğlumun qəhrəmanlıqları barədə döyüş döstlarının danışdıqları qəlbimi fərəh hissi ilə doldurur. Neyləyək?...Torpaq uğrunda canından keçən olmasa o Vətən olmaz. Bütün şəhidləri öz oğlum bilirəm, bütün şəhid valideynlərinə ehtiramımı bildirirəm. Bizim balalarımız Azərbaycan tarixinin qızıl səhifəsinin müəllifləridir, qəm yeməyək, səbrli olaq...”

Şahmar Vidadi oğlu Mənəfov ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Emil Məmmədov, Neftçala

reklam