Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
Yağlıvənddə bizi şəhidlər hərbi qaydada qarşılayacaqlar- Mais Əsədov haqqında
02.04.2021 14:34
Bölmə:Şəhidlər 108 dəfə oxunub

Şəhidlik anı

 

Sən ey şəhid yavrusu, ey yaralı qardaşım,

Sən ey millət balası, sən ey mənim qan daşım.

Bax bu yeri unutma! Bu – Şəhid Xiyabanı,

Əbədidir zamanda yalnız şəhidlik anı!

 

Qəribə taleyi var şəhidin. Onun şəhid olduğu an ölümsüzlüyə qovuşduğu andır. Şəhidin ölüm günü əbədiyyət qazandığı gündür. Və deməli, şəhidlik – həm də yenidən doğulma anıdır. Ölüm – fiziki olaraq bu dünyanı tərk etmə qəm, kədər, hüzn doğuran, dərd gətirən hadisədir. Ancaq şəhid olmaq da fiziki olaraq ölüm hadisəsi olsa da mənəvi və ruhi hadisə kimi əslində ölməmək, yenidən doğulmaq və əbədiyyət qazanmaqdır. Deməli, həm də zəfər günü, qələbə anıdır. Qələbə isə əbədiyyətə bərabər hadisədir. Ona görə də “Əbədidir zamanda yalnız şəhidlik anı!”

Mais – əbədi gənc qardaşımız

 

Mais Əsədov (birinci cərgədə soldan birinci) yağlıvəndli döyüş yoldaşları ilə

Şəhidlik anında əbədiyyət qazanaraq ən uca zirvəyə – Şəhidlik zirvəsinə yüksələn qardaşlarımızdan biri də Maisdir. O, 23 yaşının tamamına düz bir ay qalmış Vətən uğrunda şəhid oldu və elə əbədi olaraq da o yaşda qaldı. Bütün gənclik axın-axın Mais yaşından keçir və əbədi olaraq keçəcək. Maisin qəhrəmanlığı da həmin Mais yaşından keçən gənclik ordusuna bir nümunədir: insanlıq, vətəndaşlıq, oğulluq, şəhidlik və əbədiyaşarlıq nümunəsi. O, hələ sağ ikən, Vətən uğrunda silaha sarılaraq gecə-gündüz bilmədən çarpışdığı günlərdə el-oba arasında o qədər hörmət qazanmışdı ki, şəhid olandan sonra da o hörmətin üstünə heç bir ölçüyə gəlməyən, ifadə oluna bilməyən məhəbbət də əlavə olundu. Mais ümumi Vətənin və onun qoynunda Mais kimi ölməzlərin hesabına azadlıq və xoşbəxtlik qazanan milyonların sevgisini qazandı.

Yağlıvənddə dünyaya gəldi – Yağlıvəndi dünyaya çevirdi

Mais Əsəd oğlu Əsədov 1 may 1970-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndində müəllim ailəsində dünyaya gəlmişdi. Onun atası da, anası da Yağlıvənd kənd orta məktəbində müəllim işləyirdilər. Millətin balalarına təlim-tərbiyə verirdilər. Tərbiyə verib böyütdükləri yüzlərlə övladdan biri də öz doğma balaları Mais idi və qəribədir ki, Mais 23 yaşında həm də millətin balası oldu.

Mais Əsədov Yağlıvənd kənd orta məktəbini bitirəndən bir müddət sonra o zaman hələ tərkibində olduğumuz SSRİ-nin Silahlı Qüvvələri sırasında – Sovet Ordusunda hərbi xidmətə yollandı. Hərbi xidmət iki il çəkdi – 1988-1990-cı illər.

1990-cı ildə hərbi xidmətini başa vurub kəndimizə qayıdanda isə artıq Vətənimizin Qarabağı od içində idi. Mais də məhz bu tonqalın ortasına düşdü. O, az müddət sonra ölkəmizə qəsd etmiş düşmənə qarşı könüllü dəstələr yaradan gənclərə qoşuldu. Daha konkret desək, Yağlıvəndi müdafiə etmək istəyən, bunun üçün könüllü dəstə yaratmaq təşəbbüsünü irəli sürən igidlərdən biri oldu.

Mais təkcə doğulduğu kəndin deyil, bütövlükdə Füzulinin müdafiəsində dayanan əsgərlərdən biri idi. Həmçinin qonşu Ağdam, Xocavənd, Cəbrayıl rayonlarının bəzi məntəqələrinin müdafiəsində də köməyə gedərək iştirak etmişdi. Döyüş yoldaşlarının dediyinə görə Mais 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak etmişdir.

2 aprel 1993-cü ildə Mais Əsədov Yağlıvəndə qonşu olan Divanallar kəndində qızğın döyüşdə iştirak etmiş, öz komandası ilə birlikdə bir az əvvəl kəndə girərək onu yandıran erməni terror dəstələrini geriyə oturdaraq kənddən çıxarda bilmişdilər. Erməni terrorçularına artilleriya dəstəyi gələndə yüngül silahlarla silahlanmış dəstə geriyə çəkilməyə məcbur olmuşdu. Maisin komandası altında yenidən toparlanaraq əks hücuma keçən zaman isə, həmin dəqiqələrin şahidlərinin müxtəlif vaxtlarda söylədiklərinə görə məhz həmin anda, görünür ki, əvvəlcədən onun hərəkətlərini kənardan diqqətlə izləyən snayperin xain atəşi nəticəsində…

Mais üzü düşmənə tərəf nərə çəkərkən düşmən gülləsinə tuş gəlmişdi. Arxasında isə doğulub, boya-başa çatdığı Yağlıvənd idi.

Bu böyük və gözəl dünyaya Yağlıvənddə gələn qəhrəman öz qəhrəmanlığı və şəhidliyi sayəsində Yağlıvəndin özünü böyük və gözəl dünyaya çevirənlərdən birinə çevrildi.

Qəmlonun adına şərik Mais – Maisin şöhrətinə şərik “Qəmlo”

Qəmlo (arxa cərgədə sağdan dördüncü) Füzuli cəbhəsinin komandiri Mobil Yusifov (arxa cərgədə soldan beşinci) və digər döyüş yoldaşları ilə 

Qarabağ münaqişəsi başlayan dövrlərdə o zaman “Mərkəzi hökumət” adlandırılan Moskvanın məkri, qonşu Ermənistanın xəyanəti və öz respublikamızın rəhbərliyinin, ən yaxşı, ən yumşaq sözlə ifadə etsək, maymaqlığı sayəsində dara düşən, təcavüzə məruz qalan, təhqir olunan Azərbaycan xalqının Mais kimi qeyrətli oğulları silaha sarılanda, fərəhdən köksü qabaran xalqımız bu igid, qorxmaz və təəssübkeş oğullarına qəhrəmanlıqlarla, mərdlik nümunələri ilə dolu keçmişindən ulduzlar kimi siyrilib üzü bəri – bizə tərəf parlayaraq bu gənclərə yol göstərən, adı tariximizə düşmüş qəhrəman-personajların adlarını torpağın müdafiəsinə qalxmış övladlarına bir mükafat kimi, bir titul kimi verməyə başladı. Bu ləqəblər igidləri yeni şücayətə səsləyir, dinc əhaliyə isə ümid və təsəlli verirdi. Hamını birlikdə isə ruhdan düşməməyə həvəsləndirirdi. Bu, mübarizəmizin ilkin – romantika dövründə bir ənənəyə çevrilmişdi.

Maisin ləqəbi də Qəmlo idi. Məşhur yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanından tanıdığımız, xalqımızın daha geniş kütlələrinə isə vaxtilə çox populyar olan “Axırıncı aşırım” filmindən məlum olan, ancaq əslində real şəxsiyyət kimi tarix kitablarına düşən Qəmlonun adını Maisə ləqəb kimi vermişdilər.

Özü Qəmlonun adına şərik olan Mais əvəzində o adı da öz şöhrətinə şərik etdi. Maisin qəhrəmanlığı çox vaxt “Qəmlo” adının ünvanına yazıldı, çox vaxt “Qəmlo”nun igidliklikləri kimi yayıldı el arasında. Elə əsil insanın xoşbəxtliyinin bir əlaməti də budur: Adına nə desələr, səni necə çağırsalar da, sənə qoyulan adı rövnəqləndirə, verilən təxəllüsü, ləqəbi şərəfləndirə bilirsən. Gənc döyüşçü və şəhid Mais Əsədov bax belıə xoşbəxtlərdən biridir.

Övladı olmayan – milyonların övladı olan igid

Mais hələ subay idi. Bəlkə də sevməyə imkan, macal tapmışdı. Vətən eşqilə alovlanan qəlbinin bir guşəsində gənc könlünü ovlayan bir el qızına da yer ayırmışdı. Ancaq, dediyimiz kimi, cəbhədən cəbhəyə düşən, Sovet Ordusundan azad olunan kimi, Azərbaycan Ordusunun ilk özəkləri, mayaları olan könüllü dəstələrdən birinə qoşulan Mais Vətən sevgisi çağlayan qəlbində azacıq yer tuta bilən sevgini reallaşdırmağa macal tapa bilməmişdi. Nə yaşı var idi ki, Maisin? Yuxarıda demişik: hətta 23 tamam olmamışdı. Məhz bu səbəbdən – ailə qurmağa sadəcə imkan, vaxt tapa bilmədiyindən də övlad sahibi ola bilməmişdi Mais. Ancaq, böyük və ölməz Səməd vurğun demişkən, nə qəm, öz övladı olmayan bir insan milyonların övladına çevrilə bildi. Özünün qurmağa macal tapa bilmədiyi “ailə”sində oğlu olmayan oğul Azərbaycan xalqı adlı böyük bir ailənin böyük oğullarından biri oldu!

Mükafatı Vətən olanın Vətən mükafatı

 

                                                                                                      Mais mükafat uğrunda döyüşmürdü. Mais heç kimdən heç bir mükafat gözləmirdi, ummurdu. Mais heç silaha sarılıb özü kimi qorxmaz gənclərlə əl-ələ, çiyin-çiyinə, baş-başa verib doğma torpağının müdafiəsinə qalxanda gələcəkdə Vətənin nə kimi, hansı adlarda mükafatları olacağını da bilmirdi. Mais və onun kimi cəngavərlərin qəlbinə daha çox yatan mükafat Vətən idi. Azad Vətən! Vətənin azadlığı idi. Onlar məhz bu mükafat – Azad Vətən uğrunda, Vətənin Azadlığı uğrunda döyüşürdülər. Ancaq Maisin də Vətəndaşı olduğu Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin də öz mükafatları var. Mais kimi şanlı oğullara verilən, uğrunda Mais kimi pak insanların canından keçməyə hazır olduğu və bir çoxunun da da keçdiyi iki ali dəyərin adını özündə birləşdirən o şərəfli mükafatlardan biri də “Azərbaycan bayrağı” ordenidir. Vətən uğrunda canından keçmiş Mais Əsəd oğlu Əsədov 24 iyul 2003-cü ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olundu (ölümündən sonra). Beləliklə, mükafatı Vətən olan şərəfli vətəndaş Vətənin şanlı mükafatlarından birinə layiq görüldü.

İnsan pillə-pillə ucalar

Mais də pillə-pillə ucaldı. Bəxti gətirmişdi – müəllim ailəsində dünyaya gəlmişdi. Tale üzünə gülmüşdü – dünyanın məhz Yağlıvənd kimi qeyri-adi gözəlliyə malik bir guşəsində, Yağlıvənd eli kimi qeyri-adi, ömürlüyü möcüzəvi tarixi hadisələrlə zəngin bir eldə doğulmuşdu. Xoşbəxt adam idi – Tanrı ona cəsarət, ürək vermişdi. Elinin dar günündə bəzi sonradan dil pəhləvanına çevrilib boşboğazlıq edən, ona-buna söz atan, Vətən qarşısında real xidmət göstərmiş görkəmli şəxslər haqqında hədyanlar danışan arxac oyuqlarına bənzəyən bəzi qurama adamcıqlar kimi yalançı-dastançı deyil, həqiqi, səmimi, təbii bir şəxsiyyət və vətənpərvər idi. Bütün bu xüsusiyyətlər onu sıravi əsgərdən batalyon komandirliyinə və baş çavuş rütbəsinədək pillə-pillə yüksəltmiş və söz-söz, əməl-əməl şöhrətləndirmişdi…

Sonuncu – fəth etdiyi ən uca pillə isə pillə deyil zirvə oldu, Şəhidlik zirvəsi…

Fiziki ölümündən, qəhrəman ruhunun Vətən göylərinə çəkilməsindən sonra nəşinin də sığınıb əbəti mənzil tapdığı yer də könüllər taxtında məqamı ən uca nöqtə olan Şəhidlər Xiyabanı oldu.

Torpaqla Şəhid arasındakı sevgi qarşılıqlıdır

Düzdür, Mais Əsədov Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub, ancaq ölkəmizin hər yerindəki Şəhidlər xiyabanları eyni dərəcədə müqəddəslik mıəqamına malikdir. Çünki Ana Torpaqla Şəhid Oğul arasındakı sevgi qarşılıqlıdır. Torpaq, uğrunda şəhid olan olanda Vətən olduğu kimi, Şəhid də həmin torpağın qoynunda özünə yer almaqla oranı müqəddəsləşdirir. Bala anası uğrunda canından keçdiyi kimi ana da balasına qoynunda əbədi yer verməklə öz torpaq canının bir parçasından keçir. Hər ikisi qazanır, birlikdə bütövləşir torpaq uğrunda canından keçmiş şəhidin torpaqla qucaqlaşması nəticəsində də torpaq vətənə çevrilir. Bu qarşılıqlı sevgini Vətən doğur, bu qarşılıqlı sevgidən Vətən yoğrulur və bu qarşılıqlı sevgi Vətəni hifz edir. Vətəni hifz edən sevgi sahiblərindən biri də bizim Maisdir və yəqin ki, bununla hamımız fəxr edirik. Qeyri-bərabər döyüşdə şəhid olana qədər qəhrəmancasına vuruşan qardaşımızın qəhrəmanlıqları öz kəndinin əhalisinin gözləri qarşısında olduğuna görə adına məhəbbətlə dastanlar qoşulub.

Bəli, igidimiz Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Ancaq şəhid harada dəfn olunsa ora müqəddəsləşir…

 

Qoynun – cənnət məkanı; bura paklar gəlirlər,

Mələklər də dayanıb ayağına enirlər.

Allahın sevgisinə layiq oldun hər zaman,

Borcludur daim sənə bu Vətən – Azərbaycan!

Bu gün Məkkə, Mədinə – Qırmızı Məzarıstan.

 

Ana ürəyi, dağ çıçəyi, şəhid qanı 

Uzun illərdir ki, Ana Vətənin sinəsi yaralıdır. Mənfur düşmən torpağımızı işğal etmişdi, yurdumuzn da qanını axıdırdı. Analarımızın ürəkləri də daim iki sevgi ilə çağlayıb və çağlayırdı: övladı olduğu Vətən sevgisi, Vətəni qorumağa göndərdiyi övlad sevgisi. Ana torpağın sinəsi şəhid qanı ilə suvarıldı. Ana torpaq analarımızın doğub yetişdirdiyi qəhrəman oğullarımızı misilsiz sevgisi və igidliyi sayəsində işğaldan azad olundu. Ölməz igidlər öz şəhid qardaş və bacılarının hünərini təkrar edərək, onlardan da irəliyə gedərək qazandıqları qələbə ilə indiyədək küskün gəzən ruhları da sevindirdilər.

Ruhu sevinənlərədn biri də şəhid qardaşımız Mais Əsədovdur. Elə onun gözəl anası, hamımızın anamız Həcər müəllim də. Həcər müəllim yüzlərlə körpənin əlindən ilk dəfə tutub ona “Ana”, “Vətən”, “Torpaq” kimi müqəddəs sözləri yazmağı öyrədən müəllimlərimizdən biri olub. Həcər müəllim həm də Mais kimi “Ana”, “Vətən”, “Torpaq” kəlmələrini öz qanı ilə yurdumuzun sinəsinə yazmağı bacaran bir oğul böyüdən anadır.

Əfsuslar olsun ki, Həcər xanım uğrunda oğul verdiyi Qarabağın işğaldan azad olunduğunu görmədi. Amma mən əminəm ki, onun kimi bu dünyadan oğul nisgili və Vətən həsrətilə köçmüş analara qələbə xəbəri elə birinci çatıb, onlar qələbə sevincini hamıdan çox hiss ediblər.

Tanrının hansısa möcüzəsinə görə məhz oğlu şəhid olan gün vəfat edən, yəni oğlunun şəhid olduğu günlə vəfat günü üst-üstə düşən, bu gün oğlunun qoruduğu ana torpaqda uyuyan Həcər müəllimin baş daçındakı şəklinin sinəsində şəhid oğlunun portreti də həkk olunub. Onlar batində də, zahirdə də bir yerdədilər.

Təbiiki, Yağlıvəndin azad olunmasına da birlikdə seviniblər, bir-birini qucaqlayıb sevincdən hönkürüblər, bir-birini təbrik ediblər…

Növbəti bayram Yağlıvəndin qoynunda çıraq yananda, körpə qığıltısı eşidiləndə, “Vağzalı” havasıə çalınanda, kəndimizin nəğməkar dülgərlərinin balta-çıəkici bülbül kimi ötməyə başlayanda sevinəcəklər…

Hamımız sevinəcəyik…

O gün artıq uzaqda deyil.

Həmin gün kəndimizə qayıdan camaatımızı orada əbədi məskən salmış şəhidlərimiz hərbi qaydada qarşılayıb, biz olmadığımız müddətdə necə nigaran qaldıqlarını üzə vurmadan bizim xoşbəxtlityimizə sevinəcəklər.

Onlardan biri də Mais olacaq…

Canını Yağlıvəndə qurban vermis, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunsa da ruhu daima Yağlıvəndin üzərində dolaşan qəhrəman Mais Əsədov!

Kərim KƏRİMLİ

reklam